"Abbas Abbasov öz cibinə işləyirdi"

17.07.2014 - 13:20

“Siz elə bilirsiniz ki, Putinin komandasında onun kim olduğunu bilmirlər?”

Orta-statistik azərbaycanlı bu gün ölkəmizi diaspor təşkilatları
adı altında kimin təmsil etməsini bilmir, amma milyonlarla
azərbaycanlının Rusiyada çörək qazandığını nəzərə alsaq, orada
diasporumuzun nə ilə məşğul olduğu maraqlıdır. Rusiyadakı diasporumuzun
liderlərindən biri Azərbaycanın baş nazirinin sabiq birinci müavini
Abbas Abbasovdur. 
Rusiya mətbuatını izləsək, görərik ki, mətbuat onun diaspor
fəaliyyətindən daha çox biznesindən, obyektlərindən yazır. O, istefadan
sonra, siyasət səhnəsində yalnız ölkəmizdəki son prezident seçkiləri
ərəfəsində göründü. Moskvada yaranan “Milyarderlər klubu”nun ən üzdə
olan şəxslərindən biri elə Abbas Abbasov oldu. 
Bir zamanlar azərbaycanlılar hesab edirdilər ki, Vladimir
Jirinovskinin azərbaycanlıları təhqir etməsinə Moskvada nüfuzu olan
Abbas Abbasov cavab verməlidir, amma o susurdu. 
“Bizim Yol” Rusiyada azərbaycanlılara olan təzyiqlər və
diasporumuzun fəaliyyəti ilə bağlı tanınmış yazıçı-publisist, Azərbaycan
diasporu və onun fəaliyyəti, həmçinin Rusiyada yaşayan
həmvətənlərimizin problemləri ilə yaxından tanış olan Aleksandr
Fomenkovdan müsahibə alıb. 
Həmin müsahibəni təqdim edirik: 
– Cənab Fomenkov, Siz Azərbaycan və azərbaycanlılarla yaxşı
tanışsınız. Xüsusən də diaspor nümayəndələri ilə. Bir zamanlar bizdə
Abbas Abbasovu ən azı Rusiya ilə Azərbaycan arasında körpü salmağa qadir
bir şəxs kimi görürdülər. İndiki mənzərə necə görünür?
– Mən sizin yerinizə olsaydım, Abbas Abbasovu belə epitetlərlə
qiymətləndirməzdim. Əgər kimsə onu Azərbaycan-Rusiya arasında körpü
salmağı bacaran şəxs hesab edirdisə, inanın mənə, həmin müddətdə
ölkələrimiz arasında bu körpü çox zəif idi. 1993-2003-cü illərdə Abbas
Abbasov digər dövlət vəzifələri ilə yanaşı, Rusiya ilə iqtisadi əlaqələr
daimi dövlət komissiyasının sədri idi. O illərdə iqtisadi əlaqələrimiz
heç də yaxşı deyildi. 
Yadımdadır, 2000-ci illərin əvvəllərində mən SSRİ vaxtında Bakı ilə
Taqanroq arasında mövcud olmuş mədəni, iqtisadi və digər əlaqələrin
 bərpası uğrunda çalışırdım. O zaman Bakı Şəhər İcra Hakimiyyətinin
beynəlxalq şöbəsinin əməkdaşlarından biri dedi ki, paytaxtınızın
Rusiyanın bir çox şəhərləri ilə müxtəlif əlaqələr barədə müqavilələri
var, amma bunlar işləmir. O zaman biz çətinliklə də olsa – 2002-ci ilin
yayında Bakı-Taqanroq arasında əlaqələrin bərpasına hökumətlər
səviyyəsində razılıq ala bildik, amma təəssüf ki, heç bir sənəd
imzalanmadı. Səbəb Taqanroq merinin öldürülməsi idi. Sonradan biz bu
layihəni reallaşdıra bildik. Abbas Abbasovun bundan heç xəbəri belə yox
idi. Fevralın 25-i 2013-cü ildə Moskvada “Prezident otel”də Xocalı ilə
bağlı keçirilən tədbirin sonunda Abbasovun özü mənə belə də dedi.  O
zaman Abbas Abbasov Azərbaycanın cibindən çox, öz cibinə işləyirdi.
Sizin orqanlar Rusiyadakı həmkarlarına Abbas Abbasovun və qohumlarının o
zaman Rusiyada aldıqları mülkiyyətlər barədə sorğu göndərə bilər. O
zaman görərsiniz ki, mən səhv etmirəm. 
– Bu gün onun bu iki ölkənin münasibətlərində hansısa rolu varmı? Və əslində Abbasov daha çox hansı dövləti təmsil edir?
– Onun Azərbaycan-Rusiya münasibətlərində indiki rolu barədə isə
onu deyə bilərəm ki, bu, istənilən avantüristin oynayacağı roldur.
Rusiya ilə münasibətlərin yaxşılaşdırılması ilə məşğul olan bir adam
Xocalı ilə bağlı tədbirdə deyir ki, o zaman anasından pul istəyib ki,
Rusiya vertolyotçularına versin ki, onlar da ermənilər tərəfindən pis
hala salınan meyitləri çıxarsınlar. Bu sözləri eşidən hansı azərbaycanlı
ruslara qarşı müsbət münasibət bəsləyər? 
Daha sonra deyirdi ki, biz – azərbaycanlılar Putinə səs vermişik və
o, bizim tələblərimizi yerinə yetirməyə borcludur. O bu fikri elə
ustalıqla dedi ki, istənilən zaman lazım olarsa, düzgün başa
düşülmədiyini deyər və arxasından qaça bilərdi. 
Abbas Abbasov hesab edirəm ki, bu gün heç bir ölkəni təmsil etmir
 – nə Azərbaycanı, nə də Rusiyanı. O, Rusiyanı təmsil edə bilməz. İndi
Abbasov periodik olaraq, Rusiya vətəndaşlığı olan azərbaycanlılar
adından bəyanatlar verməklə məşğuldur. Onun buna nə ixtiyarı çatır? Mən
bu barədə dəfələrlə Rusiya hökumət orqanlarına yazsam da, reaksiya
yoxdur. Mən başa düşmürəm, Abbas Abbasov necə “AzərRos”un ağsaqqallar
şurasının sədri ola bilər ki, bu qurumun nizamnaməsində Rusiya
vətəndaşlığı məsələsi dəqiq şəkildə öz əksini tapıb? Axı o, Rusiya
vətəndaşı deyil.
– Azərbaycanda Abbas Abbasovu Rusiyanın adamı kimi qələmə verirlər. Bəs Rusiyada onu Azərbaycanın adamı sayırlarmı? 
– Axı “AzərRos”da yığılan azərbaycanlılardan və bir sıra çirkli
işlərlə məşğul olan bəzi Rusiya məmurlarından başqa, o, Rusiyada kimə
lazımdır? Siz elə bilirsiniz ki, Putinin komandasında onun kim olduğunu
bilmirlər? O, Rusiyadakı azərbaycanlılara deyir ki, guya Kremldə sıx
əlaqələri var, Kremldə isə deyir ki, az qala bütün Azərbaycan diasporuna
nəzarət edir. Ola bilər ki, müəyyən azərbaycanlılar onun liderliyini
qəbul edirlər. Onu bəyənməyənlərin isə yanına 3-4 güləşçi göndərmək olar
ki, problemlər həll olunsun. 
Rusiya rəhbərliyi onun kimliyini gözəl başa düşür. Sadəcə olaraq,
Rusiya hökuməti hələ ki diaspor təşkilatları ilə yeni müstəvidə əlaqələr
qura bilməyib. Bəlkə də Ukrayna hadisələrindən sonra bunlar başa
düşəcəklər ki, diaspor ilə iş üçün başqa vasitələri seçmək lazımdır. 
Sizin Diaspor Komitəsi və Heydər Əliyev Fondunun Moskva
nümayəndəliyi yaxşı işləyir, amma orada yaşayan aşağı təbəqəli
azərbaycanlılarla işlərə də diqqət yetirmək lazımdır. Biryulevo
hadisələri bir daha sübut edir ki, bu təbəqə ilə iş nə qədər önəmlidir. 
Mən bir zamanlar sizin gözəl şairiniz Nəbi Xəzrinin məsləhətinə
qulaq asmadığım üçün peşmanam. O mənə Diaspor Komitəsinin sədri Nazim
İbrahimovla əlaqə saxlamağı məsləhət görmüşdü. O zaman bunu etsəydim,
indi xalqlarımız arasında əməkdaşlıq sahəsində daha böyük işlər
görülmüşdü. Amma Nəbi Xəzrinin sözlərinə diqqətlə qulaq asdım. Bir gün
ondan soruşdum ki, “Nəbi müəllim, mənə Bakıdan bəzi insanlar deyir ki,
get Abbas Abbasovla görüş, o, sənin maraqlandığın məsələlərin həlli ilə
məşğuldur hökumətdə. Gedim?”. Nəbi Xəzri mənə elə baxdı ki,
baxışlarından hər şeyi başa düşdüm. Axı mən də yaradıcı adamam. 
– Azərbaycandakı son prezident seçkiləri ərəfəsində Rusiyada
“Milyarderlər ittifaqı” yarandı. Onların üzdə olan nümayəndələrindən
biri də Abbas Abbasov idi. Sizcə, onu rəsmi Bakıya qarşı çıxmağa nə
vadar etdi?
– Onun İlham Əliyevə qarşı çıxmağa cəsarəti çatmazdı. Məncə,
situasiya belə idi: Pensiyaya göndərilən Abbas Abbasov 10 ilə yaxın
Rusiyada baş girələdi. Onun kimi insanlar pensiyada sakit otura
bilmirlər. O zaman məsələ qalxdı ki, Rusiya hökuməti millətlərarası
münasibətlər məsələsinə 7 milyard rubl ayırıb. Təbii ki, Abbas Abbasov
bu məsələdən kənarda qala bilməzdi. Özünə status qazanmaq üçün təşkilat
lazım idi və Abbasov SAOR-u (Soöz Azerbaydjanskix orqanizaüiy Rossii)
yaratdı, Rüstəm İbrahimbəyov da daxil omaqla, Rusiyada yaşayan
azərbaycanlı “toy generallarını” ətrafına yığdı və guya ki, Rusiyadakı
Azərbaycan diasporunun işini aktivləşdirməklə məşğul olmağa başladı. 
O, özünə Rusiyanın əsas azərbaycanlısı statusunu qazandırmağa
çalışırdı. Bu, Nazim İbrahimovun xoşuna gəlməsə də, Abbasov İlham
Əliyevdən audiensiya aldı və onu əmin etməyə çalışdı ki, fəaliyyəti
Azərbaycanın maraqlarına zərbə vurmayacaq. Rusiyada isə yetərincə diqqət
görmədiyi üçün İlham Əliyevə verdiyi sözü pozaraq, Azərbaycan
məmurlarının sıravi azərbaycanlıların hüquqlarını tapdalaması barədə bir
neçə bəyanat verdi. İntriqa ustası olan Abbasovun bəxti bir şeydə də
gətirdi. Həmin zaman Rüstəm İbrahimbəyovla Azərbaycan hökumətinin
münasibətləri pisləşdi. İbrahimbəyovun ətrafında qərbmeylli insanlar
toplaşdı. Onlar özünün rusiyameylliliyini daha çox süni şəkildə gözə
soxan Abbasovu qəbul etmirdilər. 
Mən Azərbaycanda çox olmuşam, amma hətta onun doğma şəhəri olan
Gəncədə belə Abbasov barədə müsbət fikir söyləyən adamla rastlaşmadım. O
necə gəncəlidir deyir ki, bütün Azərbaycan xanlıqları Rusiyaya könüllü
birləşdilər? Axı Gəncə xanlığı barədə bunu demək ən azı savadsızlıqdır.
Gəncəni Rusiya silah gücünə, qan tökərək aldı. Odur ki, nəzəri baxımdan
hesab etsək ki, son seçkini İbrahimbəyov udsaydı, yenə də Abbasova
hökumətdə şveyçar vəzifəsi belə ala bilməyəcəkdi. Odur ki, “Abbasovun
Əliyevə qarşı Kreml oyununun iştirakçısı olması” sadəcə özünə ciddi
status vermək cəhdindən başqa bir şey deyil. Adi tryukdur. Kremlin
Əliyevə münasibətinin necə olması Putinin Bakı səfəri zamanı aşkar
oldu. 
– Həqiqətən, Abbasovun Rusiyanın hansısa dairələri ilə real ciddi əlaqələri varmı? 
–  Onun kiminsə dairəsində olması barədə danışmağa lüzum görmürəm.
O, çox adamın əhatəsində fırlana bilər. Xüsusən də Dağıstanın rəhbəri
Ramazan Abdullətifov və onun Rusiya Xalqları Assambleyasındakı postunu
tutan Svetlana Smirnovanın. Yeri gəlmişkən, mən bir neçə dəfə
Smirnovadan “Facebook”da soruşdum ki, Rusiya vətəndaşı olmayan adam necə
sizin müavininiz ola bilər? Cavab gəlmədi. Nəticəni özünüz çıxarın. 
– Sizin deməyinizdən belə çıxır ki, Abbas Abbasov Rusiyada azərbaycanlıların heç bir problemini həll etmək üçün cəhd etməyib? 
– İndi sizə təqdim etdiyim bu şəkildən görürsünüz ki, Abbasov
Rusiya Federal Miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski ilə
bir masa arxasında əyləşib. Rusiyadakı azərbaycanlılardan soruşun –
Abbasov onların Miqrasiya Xidməti ilə bağlı problemlərinə yardım edibmi?
Cavabı mən indidən ehtimal edə bilərəm. 
– Bəs azərbaycanlı biznesmenlərin Rusiyadakı problemlərinin həllinə də yardım etmir? 
– Bu sualın cavabını bilmirəm. Amma fürsətdən istifadə edib,
azərbaycanlı biznesmenləri bu insanla kontaktdan çəkinməyə çağırıram.
Onunla birgə aparılan biznes məhvə məhkumdur. 
– Bu gün Azərbaycanda Rusiyanın “beşinci kolonu”nun olması barədə fikirləri necə qarşılayırsınız? 
– Məncə, Azərbaycanda “Rusiya imperiyası” söz birləşməsini yalnız
tarix kitablarında istifadə üçün saxlamaq lazımdır. Qoy sizi bu sözü
tez-tez istifadə edən bəzi rus siyasiləri və ictimai xadimləri
qorxutmasın – onlar yalnız “boz qabıqlardır”. Rusiyanın beyin mərkəzləri
birdəfəlik başa düşüblər: əməkdaşlığa məcbur edilən xalqlar Kreml üçün
açıq düşmənlərdən daha təhlükəlidir. Bundan sonra Rusiya bütün xalqlarla
yalnız bərabərhüquqlu əməkdaşlıq etməlidir. Yalnız bərabərhüquqlu!
Bunun əksini söyləyənlər ya dəli, ya da öz mənafelərini dövlət
mənafelərindən üstün tutanlardır. 
– Moskvadakı bəzi qüvvələr tez-tez rəsmi Bakını
azərbaycanlıların ölkədən çıxarılması ilə şantaj edirlər. Bəs, belə
olarsa, bunun Rusiya iqtisadiyyatına vuracağı ziyanı nəzərə alırlarmı?
Moskva ölkədən kütləvi şəkildə çıxarılacaq azərbaycanlıların yerini
kimlərlə dolduracaq? 
– Burada söhbət kiminsə yerinin boş qalmasından getmir. Gürcülər
barədə də belə deyirdilər. Azərbaycanlıların işlədiyi əsas sahə
ticarətdir ki, 20 ildə biz ruslar da nəyisə öyrənmişik bu sahədə. Amma
məsələ bu deyil – axı sizin insanlara heç bir təhlükə yoxdur, rəsmi
səviyyədə heç bir hədə yoxdur. 
İstənilən qərar qəbul edərkən, Azərbaycan kimi, Rusiya da öz
maraqlarını önə çəkir. Ölkəmizin liderləri arasında münasibətlər
qarşılıqlı anlayışa və əməkdaşlığa söykənir. Odur ki, azərbaycanlıların
Rusiya əmək bazarında hansısa qlobal problemlə üzləşəcəyini düşünmürəm.
Ölkələrimiz ən yüksək səviyyədə əməkdaşlıq edir. Son illər nə qədər
Azərbaycan-Rusiya biznes-forumları keçirilib, Rusiyanın müxtəlif
vilayətlərinin biznesmenləri buraya, azərbaycanlı nümayəndələr isə
Rusiyaya gediblər. Odur ki, Rusiya – Azərbaycan münasibətləri,
əməkdaşlığı inkişaf edir və bu yolda bizə Abbasov kimi adamların
vasitəçiliyinə ehtiyac yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=9657

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31