Qərbin İraqdan başlatdığı uğursuz proje

17.07.2014 - 13:27

 

 

 

Zahid Oruc: “Bu gün insanlar hətta əvvəlki dövrdəki diktatura vəziyyəti üçün darıxmağa başlayıblar”

Qərbin
Səddam Hüseyn rejimini yıxmaqla İraqda başlatdığı Yaxın Şərq projesi
adıçəkilən ölkəyə və diktaturadan əziyyət çəkən region dövlətlərinə
demokratiya gətirmək iddiası ilə başlansa da ötən 10 ildə vəziyyət daha
da dramatikləşib. Nəinki İraqda, bütövlükdə bu regionda demokratiyadan
əlamət yoxdur. Əksinə, diktatura rejimlərinin yerini həmin ölkələrdə
separatizm, vətəndaş müharibələri, on minlərlə insanın məhv olması
prosesi tutub.

Bu mövzuda “Yeni Müsavat”a
şərhində deputat Zahid Oruc bildirdi ki, Yaxın Şərq planı uzun illər
ərzində Qərb mediasında geniş şəkildə tirajlanmaqda və müzakirədə idi.
Qeyd etdiyimiz regionun siyasi xəritəsinin yenidən cızılması,
rejimlərinin təzələnməsi həmçinin oradakı qüvvələr nisbətinin tamamilə
dəyişdirilməsi və digər dövlətlərin həmin bölgədən çıxarılması adı
altında uzun illər ərzində müxtəlif beyin mərkəzləri, siyasi institutla,
analitik dairələr doktrinalar hazırlamaqdaydı. Həmin planların
nəticələri bu gün göz önündədir: “Biz həmin planlarla tanış olanda
görürdük ki, hətta amerikapərəst rejimlərin belə, yeniləşdirilməsi
fonunda guya demokratiyanın dördüncü dalğası həyata keçiriləcək. Bu,
artıq 1970-ci illərdə Portuqaliyadan və hər hansı digər başqa ölkələrdən
qara polkovniklərin həyata keçirdiyi siyasi çevrilişlərdən daha fərqli
bir şərait vəd edəcək. Halbuki kənardan ixrac olunan demokratiya və
bolşevizm eyni mahiyyətlidir. 

Yəni Leninin
ötən əsrin əvvəllərində öz silahdaşlarına qoyub getdiyi irs və yaxud
vəsiyyətlər, siyasi proqramlar necə dağıdıcı oldusa, eyni ilə də bu gün
demokratiya düşərgəsi altında böyük bir məkanda platsdarm kimi
əməliyyatlar həyata keçirilməkdədir. Həmin qeyd olunan siyasətin
sonucunda ölənlərin sayı yüz minlərlədir. Hətta İraqda bu rəqəmin
milyonu keçdiyi söylənilir. Belə olan təqdirdə zənn edirəm ki, əslində
ərəb dünyasında məlum inqilabi ssenarilər adı altında həyata keçirilən
layihələr bütövlükdə uğursuz oldu”.

Deputatın
sözlərinə görə, bu gün İraqda məlum İŞİD-İslami Xilafət Birliyi terror
vasitəsilə baş kəsərək ABŞ-a və digər dairələrə meydan oxuyan qüvvələr
müəyyən xalq kütlələri içərisində ona görə xilaskar kimi qəbul olunur
ki, Səddamın sanki ruhu təcəlla edib. Yəni bu gün insanlar həmin
dövrdəki diktatura, ayrı-ayrı ərazilərdə hüquqsuzluq vəziyyəti üçün
darıxmağa başlayıblar: “İndi elə bir acınacaqlı durumla üzləşiblər ki,
Səddam zamanının daha yaxşı olduğunu düşünməkdədirlər. Ona görə də mən
hesab edirəm ki, məlum regionda Səddamın hakimiyyətdən uzaqlaşdırılması
ilə başladılan siyasətin sonucu sübut elədi ki, kənardan eksport edilən
layihələr, üsul-idarələr, modellər xalqlar tərəfindən həzm edilə
bilmirsə dayanıqlı olmur, sürətlə deqradasiya edir və istənilən şəraitdə
sosial qrupların toqquşmasına yol açır. 

Buna
görə də düşünürəm ki, bu gün Səddam Hüseyn dirilsəydi o, özünün əzəli və
əbədi düşmənlərinə qarşı meydan oxuyardı ki, bölgə üçün alternativ
üsul-idarə yox idisə, ən yaxşısı onun üsul-idarəsinə dayanmaq idi.
Səddamın özünü asırdılarsa belə, heç olmasa onun generalları ilə bir
dövr üçün işləməli idilər. Misirdə vəziyyətin düzəlməsi üçün Mübarək
dövrünün generallarının hakimiyyətə gətirilməsi İraqdakı yanlışlıqdan
çıxarılan nəticə idi. Əslində dünyanın təhlükəsizliyinə Qərbin İraqdan
başlanan məlum siyasəti zərbə vurdu. Rusiya bunlardan sadəcə yararlandı.
Rusiya bu gün ona görə SSRİ varisi rolunda çıxış edə bilir ki, Qərbin
həmin səhv siyasəti ortadadır. Bu siyasət bizim bölgəmizin maraqlarına,
təhlükəsizliyinə, Qarabağ probleminə də mənfi təsir elədi. Əgər İraqda,
Əfqanıstanda, bütövlükdə ərəb dünyasında sülh, normal təhlükəsizlik
yaşansaydı bəlkə də Qarabağ məsələsi də həll olunmuş olardı”.

 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9662

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31