ABŞ şirkəti Bakıdan qovulur

17.07.2014 - 13:31

Hökumət varlandıqca xarici
investisiyanı ölkədən çıxarır

; 20 ildir Azərbaycanda fəaliyyət göstərən
“McDermott Caspian Contractors Inc”ə yeni sifarişlərin verilməsi
dayandırılıb; xarici şirkətlərin milliləşdirilməsi prosesi daha da
güclənib

Uzun
illər Azərbaycanda işləyən ən böyük xarici neft servis şirkəti burda
işini başa çatdırır. “McDermott”un törəməsi “McDermott Caspian
Contractors Inc” şirkəti Azərbaycanı tərk etməyə hazırlaşır. Mayın
sonunda şirkət ölkəmizdə son sifarişi başa çatdırıb.

“McDermott
Caspian Contractors Inc” bp şirkəti üçün “Chirag Oil Project”
layihəsində (sualtı boru kəməri tikintisi) iş icra edib. Bu layihə icra
edilərkən şirkətin ümumi işçilərinin sayı 500 nəfərdən çox olub.
Ötən
aydan başlayaraq əməkdaşlar işdən çıxarılır və hazırda cəmi bir neçə
ofis işçisi qalıb. Bu, onunla bağlıdır ki, şirkət yaxın gələcəkdə
Azərbaycanda layihə gözləmir. Baş ofisdən Bakıdakı şirkətin bağlanması
barədə tapşırıq yoxdur. Ehtimal ki, Bakı ofisi bağlanmayacaq, çünki o,
regional ofis kimi fəaliyyət göstərir.
“McDermott
Caspian Contractors Inc” Azərbaycanda 20 ildən çoxdur fəaliyyət
göstərir. Şirkət Bakıya 1994-cü ilin əvvəlində gəlib. Şirkət
Azərbaycanda fəaliyyətə başlayanda ilk neft kontraktı olan “Əsrin
müqaviləsi” hələ imzalanmamışdı. Şirkətin ilk ofisi Əl Oyunları
Sarayında olub. Şirkət bp-nin platformalarının baş podratçısı olub.
Bundan başqa, “McDermott Caspian Contractors Inc”  sualtı boru
kəmərlərinin tikintisində də layihələr icra edib.
2010-cu
ildə Amerika şirkəti profilinə uyğun layihə ala bilməyib. Bu dəfə
platforma tikintisi AzFen-Tekfen-Amec (ATA) alyansına nəsib olub. O vaxt
ABŞ şirkəti anlayıb ki, daha bu şəraitdə işləyə bilməz. Çünki artıq
yerli şirkətlər bu məsələdə böyük təcrübə əldə ediblər və xariciləri
bazardan sıxışdırmağa başlayıblar.
Dövlət Neft
Şirkətindəki mənbələr “Turan”a bildirib ki, “McDermott” şirkəti bu illər
ARDNŞ-in istehsal güclərindən (H.Əliyev adına Dərin Özüllər Zavodu,
Bibiheybətdə istehsal müəssisələri) əvəzsiz istifadə edib, layihəyə
ARDNŞ-in ən yaxşı mütəxəssislərini cəlb edib (transfert müqaviləsi
olmadan). Bu əməkdaşlıqdan ARDNŞ-in real kommersiya faydası olmasa da,
böyük praktik biliklər əldə edilib.  
Neft
Şirkətindəki mənbə bildirir ki, son illər xarici şirkətlərin
milliləşdirilməsi (menecment və texniki heyətdə daha çox yerli kadrların
yerləşdirilməsi, ARDNŞ və başqa yerli şirkətlərlə birgə müəssisələrin
yaradılması) göstərir ki, Azərbaycanda yerli şirkətlərlə inteqrasiya
olunan şirkətlər uğur qazanacaq. Bu baxımdan “McDermott Caspian
Contractors Inc” şirkətinin Azərbaycanda layihələrini dayandırması
anlaşılandır.
Ümumiyyətlə, iri xarici kapitalın
Azərbaycandan sıxışdırılması və milliləşdirilməsi 2006-cı ildən
başlayaraq müşahidə edilməkdədir. İlk olaraq hökumət ölkənin
metallurgiya sənayesinə 300 milyon dollar sərmayə yatıran Hollandiyanıın
Fondel şirkəti ilə yollarını ayırdı. Ardınca isə paytaxtın enerji
təchizatı ilə məşğul olan “Barmek” şirkəti ilə “vidalaşdı”. Hər iki
şirkətlə uzun müddətə bağlanmış müqavilə Azərbaycan tərəfinin təşəbbüsü
ilə pozuldu. Bunun ardınca, “Azpetrol” Neft Şirkətinin hollandiyalı
təsisçilərinin payları da məhkəmə qaydasında əlindən alındı.
Burada
maraqlı bir nüans var. İndiyə qədər qeyri-neft sektoruna daxil olan iri
xarici şirkətlər təqib edilirdi. İndi artıq xarici neft şirkətləri də
sıxışdırılır. Görünən budur ki, hökumət varlandıqca, xarici kapitalı
ölkədən çıxartmaq niyyətindədir. Ancaq məsələ bundadır ki, hökumətin
“millətçi xəstəliyinə” baxmayaraq ölkə iqtisadiyyatının investisiya
tələbatını təkcə yerli qaynaqlar hesabına həll etmək mümkün deyil. 
Yerli
qaynaqlar investisiya tələbatını ən yaxşı halda 35-40 faiz ödəyə bilər.
Yəni bütün hallarda xarici investisiyaların cəlbi vacibdir. Hökumətin
“millətçi xəstəliyinin” kökündə isə heç də yerli investorları qorumaq
siyasəti dayanmır. Bu, sadəcə rentabelli sahələri ələ keçirmək cəhdidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9663

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31