İş adamı "Xəzər adaları"nın açılış günü aksiya keçirəcək
Azərbaycanda həyata keçirilən ən bahalı layihə olan “Xəzər
adaları”nın (Khazar İslands) açılışı avqustun 3-də olacaq. Bu layihəni
reallaşdıran “Avesta” Konsernin prezidenti, iş adamı Hacı İbrahim
Nehrəmli bildirib ki, dəniz kompleks artıq istifadəyə veriləcək.
“Avesta” Konserninə məxsus “Həsən-96” MTK tikinti şirkətinə 355 min
manat ödəyərək, iki mənzil alan iş adamı Elşad Məmmədov avqustun 3-də
Prezident Administrasiyası önündə aksiya keçirəcək.
“Azadlıq”a açıqlamasında iş adamı bildirdi ki, artıq onun qalmağa
yeri yoxdur: “Hacı İbrahim mənim pulumu vermir. Əlimdə bütün sənədlər
var – maliyyə arayışı, ödənilən pulların qəbzi. Məsələylə məhkəməyə
müraciət etmişəm. Hakimlər Hacı İbrahimin sifarişiylə hərəkət edərək
iddiamı təmin etmədilər. Bundan başqa bütün aidiyyəti qurumlara müraciət
etmişəm, bunun da heç bir faydası olmadı. Baş prokuror Zakir Qaralova
rayona gəlib vətəndaşlarla görüşəndə qəbulunda oldum, problemimi dilə
gətirdim, dedilər ki, maraqlanacağıq. Nədənsə hamı Hacı İbrahim
Nehrəmlidən çəkinir. Bütün pulumu o iki evə verdim, o da əlimdən çıxdı.
İndi qalmağa yerim yoxdur. Ona görə də avqustun 3-də Prezident
Administrasiyasının önünə gedib övladlarımla binanın qarşısında
gecələyəcəm”.
“Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin
qəbulunda olmuşam, o da məni haqlı saydı. Ali Məhkəmənin sədri Ramiz
Rzayev Hacı İbrahimliylə dost olduğu üçün məni uduzdurdu. Hətta Ali
Məhkəmənin Pleniumunun protokolu dəyişdirildi. Haqqımı bərpa etmək üçün
ağzımı belə tikdim, yenə faydası olmadı. Ancaq geri çəkilmək niyyətim
yoxdur, sona qədər mübarizə aparacam. Bütün jurnalistləri avqustun 3-də
saat 12:00-da Prezident Administrasiyasının qarşısına çağırıram”, –
deyə Elşad Məmmədov bildirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9672