Vitse-admiraldan şok məktub

17.07.2014 - 20:39

Şahin Sultanovun həbsxanadan göndərdiyi məktubda hərbi prokuror
Xanlar Vəliyevlə müdafiə naziri Zakir Həsənov barədə ilginc ittihamlar
səsləndirib

Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin
Sultanov barəsindəki 3 aylıq həbs müddəti uzadılıb. Bu gün Bakı Hərbi
Məhkəməsi Şahin Sultanovun daha 3 ay həbsdə qalması barədə qərar verib.
Vitse-admiral isə isə ona qarşı sürülən ittihamları qəbul etmir. O,
həbsilə bağlı bəzi təfərrüatları “Azadlıq”a ünvanladığı məktubunda
açıqlayıb.

Bu dövlətə qarşı təxribatdır

Şahin Sultanovun saxlanıldığı Bakı İstintaq Təcridxanasından
redaksiyamıza yolladığı məktubu təqdim edirik: “Hər bir islahat qanuna
əsaslanmalıdır. HDQ-də yeni Müdafiə Naziri tərəfindən aparılan islahat
təəssüf ki, qanun pozuntusundan başlandı. Bu islahat HDQ-nın dağılmasına
və kadr potensialının məhv olunmasına gətirib çıxartdı. Bu gün
Azərbaycan üçün çox vacib olan Dəniz Təhlükəsizliyi və
dənizdəAzərbaycanın  iqtisadi maraqlarımızın qorunmasına əsas qüvvə
HDQ-dır. Xəzər Dənizinin statusu müəyyən olunmayıb, Xəzəryanı ölkələr
donanmaları silahlanır. Bizim ölkəmizində maraqları dənizdə önəmlidir.
XX-ci əsrin müqaviləsi “BTC”, XXI-ci əsrin müqaviləsi “Şahdəniz”,
Avropanın qaz və neft təminatı, enerji təhlükəsizliyi, bunlar
hamısıdənizdən başlayır və onların təhlükəsizliyini təmin edən əsas
qurum HDQ-dır. Bu 11.09.2013-cü ildə Azərbaycan Respublikası
Prezidentinin imzaladığı “Azərbaycan Respublikası Təhlükəsizlik
Strategiyasında” qeyd olunub və mən bu sənədin müəllifi kimi demək
istəyirəm ki, bu strategiyanın həyata keçirilməsi təhlükə altındadır.
Ona görə ki, HDQ 20 ildə toplanantəcrübəli kadr potensialı qovulub və
qeyri-peşəkar insanlar vəzifələrə gətirilib və bu çox acınacaqlı haldır.
Dövlətə qarşı təxribatdır. Bunlar bir insanın Respublika Hərbi
Prokuroru Xanlar Vəliyevin şəxsi ambisiyaları səbəbinə olub.

Xanlar Vəliyev mənə qarşı “qara piar” təşkil edir

Mənim uzun illərdir ki, Xanlar Vəliyevlə gərgin münasibətimiz olub.
HDQ hərbiçilərə qarşı Hərbi Prokurorluğun əməkdaşları tərəfindən
qanunsuz hərəkətlər, istehzalar və şantaj törədilən zaman, onları
qorumaq məcburiyyətində qalırdım və bu X.Vəliyevi qəzəbə gətirirdi.
Dəfələrlə aramızda olan münaqişələri aradan götürmək üçün mən məcbur
olurdum araşdırmalar aparım və sənədləri Müdafiə Naziri Hüquq İdarəsinə
göndərim və sabiq Müdafiə Naziri araşdırmasından sonra haqq-ədalət
yerini tapırdı. Bunların sübutları, şahidləri kifayət qədər var və
bunları müstəqil komissiyaya təqdim etməyə hazıram.
Xanlar Vəliyev
Müdafiə Naziri dəyişəndən sonra fürsətdən istifadə edərək mənə qarşı
qisas əməliyyatına başladı, qərəzli yoxlama apararaq işimdən
uzaqlaşdırmağa və  quraşdırdığı  şər-böhtan üstündə həbs etməyə nail
oldu.
Uzun müddət Xanlar Vəliyev bəzi insanlardan istifadə edərək
mənə qarşı “qara piar” təşkil edir və şər-böhtan xarakterli məlumatları
mətbuata verirdirir. Bu generala yaraşmayan hərəkətdir. Öz cinayətinin
üstünü ört-basdır etmək üçün, qanunsuz əməllərinə haqq-qazandırmaq üçün,
hətda mən həbsdə olarkən Xanlar Vəliyev “qara piarı” gücləndirir.
İstintaq sifarişli şər və ciddi qanun pozuntular üstündə qurulduğu üçün
mən hər bir istintaq hərəkətlərindən imtina etmək məcburiyyətindəyəm. Bu
istintaq qərəzlidir, sifarişlidir və Xanlar Vəliyevin mənə qarşı
obyektiv olmağı mümkün deyil.
Respublika Hərbi Prokuroru hər il bir
neçə dəfə HDQ-ni  yoxlayırdı və yoxlamanın nəticəsinə görə HDQ-də olan
vəziyyəti müsbət qiymətləndirirdi. Buna sübut ötən illərin  aktlarıdır.
Həmin aktların arxivdədir.
Daha sonra ildə bir neçə dəfə  yoxlama
Müdafiə Nazirliyi İnspeksiya İdarəsi tərəfindəndə keçirilirdi və qanun
pozuntusu olmadığından məlumat verilirdi.
Hərbi Prokurorluq hər il
HDQ üzrə kollegiya toplantılarında  hesabatlar verirdi və HDQ-da olan
vəziyyətə müsbət qiymət verirdi. Xanlar Vəliyev 2005-ci ildən
Respublikanın Hərbi Prokuroru vəzifəsində işləyir. Məlumdur ki Müdafiə
Naziri dəyişılsədə Respublika Hərbi prokuroru Xanlar Vəliyev
dəyişilməyib! Necə olur ki ötən illərin HDQ üzrə prokuror yoxlamaların 
nəticələri  müsbət göstərilib, lakin Müdafiə Naziri dəyişən kimi, bir
anda keçirilən prokuror yoxlamasının nəticəsində HDQ-da güya illərlə
qanun pozuntuların olduğunu bildirilir. Sual yaranır: onda nə üçün
Xanlar Vəliyev bunları gizlədirdi?

Zakir Həsənov mənə qərəzli yanaşdı

Mən cinayətkar olsaydım çalışardım ki, Xanlar Vəliyevlə dostluq
münasibəti yaradam və onun tərəfindən qanun pozuntularına göz yumum.
Lakin indinin özündə mən həbsdə olarkən öz sözümü deyirəm və inanıram
ki, bu “Vətən üçün lazımdır” və Hərbi Prokurorluq tərəfindən törədilən
özbaşınalıqları kimsə deməlidir. Mən otaqda oturub vitse-admiral
rütbəsində çatmamışam. Hər zaman çətinliklərlə rastlaşmışam. Buda bir
sınaqdır. HDQ-də  Milli Təhlükəsizlik Nazirliyinin əks kəşfiyyat şöbəsi
var. Onlar da vəziyyətə nəzarət edirlər və hər bir qanun pozuntusu aşkar
olunan zaman MTN Müdafiə Nazirliyinə yazılı məlumat verirlər və qanun
pozuntusu olsa idi onlar məlumat verərdilər. 
Müdafiə Naziri Zakir
Həsənovla mənim hər zaman dost münasibətlərim olub. O, Dövlər Sərhəd
Xidmətində çalışarkən tez-tez mənə müraciət edirdi,  DSX-də gəmilərdə
olan nöqsanları aradan götürmək üçün, təmir işləri görmək üçün köməklik
edim. Daxili Qoşunların Komandanı olarkən biz tez-tez telefonla əlaqə
saxlayırdıq. Bayramlarda təbrik edirdik və dövlət tədbirlərində birlikdə
iştirak edirdik. Buna baxmayaraq onu vəzifəyə təyin edən gündən o mənə
qarşı qərəzli yanaşdı  və heç bir dəfədə olsun qəbul edib söhbət etmədi.
Baş Qərargah rəisi Sadıqov mənə birinci gündən dedi ki, Müdafiə Haziri
mənim öz vəzifəmdə qalmağımı istəmir. “Niyə?” sualıma o, cavab verdi 
ki, yuxarıdan belə   məsləhət görülüb. “Kim məsləhət görüb?” sualıma o,
cavab verə bilməyəcəyini söylədi. Buna baxmayaraq nazirin qəbuluna
keçməyə çalışsam da qəbul otağında onun məşğul olduğunu dedilər. Belə
olduqda mən raportla donanmadaki vəziyyəti və gələcək inkişaf haqqında
təkliflərimi məruzə etdim və məxfi poçtla göndərdim. Lakin o məni yox,
2-ci dərəcəli kapitanları çağırıb onlardan HDQ-də olan vəziyyətlə
maraqlanırdı. Onlar da mənə gəlib bunu məruzə edirdi. Biz bilirik ki,
hər bir sahədə, yeni təyin olunmuş rəhbər ilk öncə əsas mütəxəsislərlə
görüşərək, vəziyyətlə tanış olur. Zakir Həsənov təyin olunandan,
dəfələrlə görüş təklifindən imtina edib, baxmayaraq ki, bu onun vəzifə
borcu olub.

Mənə imkan verilmədi ki, yoxlamada kimi iştirak edim

Yeni tikilən HDQ-nin bazasına baxış zamanı fürsətdən istifadə etdim
və xahiş etdim ki, qəbula gəlim və HDQ-i haqqında məruzə edim. Lakin o
dedi ki, sizdə Xanlar Vəliyev yoxlama aparır, onu yola versəniz sizi
qəbul edərəm. Bu da onu göstərir ki, bu planlaşdırılmış qanunsuz bir
təxribatdır.
Yoxlama ciddi qanun pozuntuları ilə başladı və mənə
imkan verilmədi ki, mən yoxlamada bir komandan kimi iştirak edim və
yoxlamanın suallarına cavab verim. Yoxlama zamanı ciddi qanun
pozuntularının sübutları və dəlillər var. Mən müdafiə məsələri üzrə
Prezidentin köməkçisi Vahid Əliyevlə görüşüb HDQ-da baş verənləri və RHP
terəfindən yoxlama zamanı buraxılan ciddi səhvləri ona bildirmək
istədim. Bu xahişimə Vahid Əliyev etiraz edərək çox məşğul olduğunu
söylədi. Vahid Əliyevə növbəti zənglərim nəticəsiz qaldı. Bundan sonra
Baş Qərargah Rəisi Nəcməddin Sadıqovla görüşüb baş verənlərə qarşı
tədbir görməyini xahiş etdim. O, söylədi, ki RHP Xanlar Vəliyev Müdafiə
Hazirinə HDQ-də böyük yeyinti olduğunu bildirib və Müdafiə Haziri bunun
təsdiqini almadan  Ali Baş Komandana artıq məruzə edib. Beləliklə
cinayət işi açmağa razılıq alınıb.
Məni Müdafiə Nazirinin əmri ilə
məcburi 45 günlük məzuniyyətə göndərdilər və məzuniyyətdən qayıdan kimi
işdən uzaqlaşdırdılar. İşdən uzaqlaşdırmanı yəni təqaüdə təqdimatı
Müdafiə Naziri tərəfindən hazırlanmış ciddi qanun pozuntusudur. Cənab
Prezidenti Strasburqda Avropa Parlamentində Nazirlər Komitəsində
sədrliyi qəbul etmək münasibəti ilə çıxış edərək qeyd edirdi  ki, bizim
ölkədə insan hüquqlarına hörmətlə yanaşırlar və insan hüquqlarını
qorumaq dövlət siyasətidir. Hüquqlarım pozulub və cənab Prezidentə
müraciət göndərmişəm və xahiş etmişəm ki, hüquqlarımı bərpa etmək üçün
mənə köməklik göstərsin.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində
Hərbi xidmətkeçmə haqqında qanunun 162-ci maddəsində göstərilir ki: Hər
bir hərbçi ordu sıralarından buraxılarkən onunla komandiri, bilavasitə
rəisi (admiral və generallarla  Müdafiə Naziri) ordudan buraxılış
haqqında ən azı iki fərdi söhbət aparmalıdır. Birinci söhbət buraxılmağa
təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın
səbəbləri, vaxtı və digər suallar aydışlaşdırılır. İkinci söhbət
buraxılma haqqında təqdimatın göndərilməsi vaxtı aparılır. Onun
gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və
xahişlərə cavab verilir. Aparılan söhbətlərin məzmunu “söhbət
vərəqəsində” öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi
qulluqçunun və komandir tərəfindən imzalanır, şəxsi işə tikilir və
saxlanılır.?

“Qüsur xidmətlərə görə” medal və “xidməti uğursuzluğa görə” təqaüd

Mənimlə heç bir söhbət aparılmayıb və heç bir “söhbət vərəqəsi”
mövcud deyil! Təqdimat Müdafiə Naziri tərəfindən gizli şəkildə
hazırlanıb və ciddi qanun pozuntusu ilə cənab Prezidentə təqdim olunub
və bunun əsasında sərəncam hazırlanıb. Admirala heç bir şans verilməyib
ki, öz sözünü desin.
Adi fəhlə Əmək Məcəlləsinə uyğun olaraq öncə
işə götürən tərəfindən xəbərdar olur ki, hansı səbəblərə görə və nə vaxt
işdən uzaqlaşdırılır. Əks tədqirdə o fəhlə məhkəməyə verib öz
hüquqlarını qoruyur. Mən isə “Vətəni qorumaq” peşəsinə 40 il ömrümü həsr
etmişəm, bütün çətin yollardan keçmişəm və vicdanla xidmət etmişəm.
Buna sübut tərcümeyi halımdır və təltif olunduğum dövlət mükafatlarıdır.
Təqaüdə çıxmağıma hələ dörd ilim var və qanunauyğun olaraq yeni Müdafiə
Naziri məni bu vəzifədə uyğun görmürsə, bir pillə aşağı vəzifə təklif
etməlidir. Ən maraqlısı odur ki, Müdafiə Naziri müavini Çingiz Məmmədov,
Müdafiə Nazirinin əmrin elan etmək üçün HDQ-yə gəldi və birinci mənə
Müdafiə Naziri adından “Qüsursuz xidmətlərə görə” birinci dərəcəli
medalı təqdim etdi. Sonra isə Müdafiə Nazirinin əmrini ki, mən “xidməti
uyğunsuzluğa görə” təqaüdə göndərilirəm. Bu heç bir məntiqə sığışmayan
haldır. Bu halda ki, 2007-ci ildən HDQ-nin əsas yerləşdiyi yer indiki
“Bayraq meydanı” və yeni bulvardır. Bu illər donanmanın söküntüsü zamanı
çox böyük çətinliklərlə rastlaşıb, dəfələrlə hərbi hissəni bir yerdən
ayrı yerə köçürülməsi, gəmilərin ayrı-ayrı yerlərə yerləşdirilməsi və bu
yerlərin nizamnaməyə uyğun olaraq lazımi vəziyyətə gətirilməsi və digər
problemlər. Bütün bu çətinliklərə baxmayaraq HDQ hər il öz döyüş
tapşırıqlarını yerinə layiqincə yetirirdi.
Buna sübut 2013-cü ildə
keçirilən tədbirlər. Fevral ayında Hərbi Hava Qüvvələrinə məxsus olan
helikopter qəzaya uğrayır. HDQ-də axtarış aparır cəsədləri və
helikopterin 90% hissələrini dənizin dibindən çıxarır. Mart ayında
Müdafiə Nazirliyinin inspeksiyası tərəfindən və aprel ayı Resdpublika
Hərbi Prokurorluğunun yoxlaması müsbət qiymət alır, qanun pozuntusu
yoxdur, may ayı parada hazırlıq və Müdafiə Nazirliyi xidmətləri
tərəfindən yoxlamadan müsbət qiymət, iyun ayı Silahlı Qüvvələrin 95-ci
ilinə həsr olunmuş paradda şəxsi heyət və gəmilər iştirak edir. İyul ayı
40 gəmi ilə 3 günlük Xəzər dənizində irimiqyaslı təlimlər. Avqust
ayında Rusiya Federasiyası Xəzər Donanmasının gəmilərin qəbulunun
təşkili, Rusiya Federasiyası və Azərbaycan Respublikası Prezidentlərinin
gəmilərlə ziyarətinin təşkili. Sentyabr ayı üç döyüş gəmisinin
Həştərxan şəhərinə səfəri. Sentyabr 16-20-də HDQ, 4-cü ordu korpusu və
HHQ birlikdə Xəzər Dənizində irimiqyaslı təlim uğurla keçdi.
Sentyabr
ayının 11-i Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
Azərbaycan Respublikası “Dəniz Təhlükəsizliyinin Strategiyası”nı
imzalaması. Oktyabr ayı seçkilər və “Azərbaycan Respublikası Dəniz
Təhlükəsizliyinin strategiyasından” gələn tapşırıqlara uyğun
layihələrinin hazırlanması və Müdafiə Nazirinin təqdim edilməsi.
Bu keçən ilin tədbirləridir. Nəticədə yeni Müdafiə Naziri gələn kimi işdən azad edir?!
Uyğun deyilsən!
Hər bir hərbiçinin komandiri var və o öz sözünü ona çatdıra bilər.
Yəni
Müdafiə Naziri imkan vermədi ölkəmizin admiralı öz sözünü desin. Mən
üzümü tutub Ali Baş Komandana müraciət yazmışam və inanıram ki, bu
haqqsızlıqları biləndən sonra o ədalətli qərar qəbul edəcək.

P.S Bu günlərdə AR Hərbi Prokurorluğu tərəfindən
nəinki mənə və həbs olunmuş HDQ-nin zabitlərinə həm də müdafiəçim Adəm
Məmmədova təyziq göstərirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9696

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31