Afrikada tapılan xəstəlik Azərbaycana gəlib
Azərbaycanın bəzi rayonlarında iribuynuzlu heyvanlar arasında
yoluxucu xəstəlik yayılıb. “Nodulyar dermatit” adlanan və ilk dəfə
Afrikada qeydə alınan bu xəstəlik daha sonra İraq, Türkiyə və İrana da
yayılmışdı. Dövlət Baytarlıq İdarəsi mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzadlıqRadiosunun suallarını cavablandırır.
– Yayılan xəstəlik haqqında daha geniş bilgi verə bilərsiniz?
– Bu xəstəlik Azərbaycanda bir həftədir aşkarlanıb. Qansorucu
həşəratdan iribuynuzlu heyvanlara keçən dəri xəstəliyidir. Dəridə
qabarcıqlar yaranır, heyvan halsızlaşır, temperaturu yüksəlir. Xəstəlik
nəticəsində dişi heyvanlarda və özəlliklə buğalarda cinsi həvəs
azaldığından onların artımında ciddi problem yaranır. Heyvanlar 3-4 günə
arıqlayır, süd sağımı da aşağı düşür. Xəstəliyin ağırlaşması heyvanın 8
gün ərzində ölümünə yol açır.
– Xəstəliyə qarşı hansı tədbirlər görürsünüz?
– Ciddi, profilaktik tədbirlər görülür. Xəstəliyə yoluxmuş
heyvanların ölməməsi üçün da müalicəyə ayrıca diqqət yetirilir.
Xəstəliyin ilk simtomları üzə çıxanda, onun “nodulyar dermatit” olduğu
aşkarlandı. Mediada məlumat yaydıq ki, Cəlilabad, Ucar, Biləsuvar və
Ağdaşda bu xəstəliyin daşıyıcıları tapılıb. Hələlik, ölüm halı yoxdur.
Xəstəlik tapılan təsərrüfatlar tam nəzarətə götürülüb. Həmin rayonların
heyvan bazarları müvəqqəti bağlanıb. Çalışırıq ki, xəstəlik yayılmasın.
Bu heyvanlar tam nəzarətdədir və satıla bilməz. Müalicə nəticə verməsə,
xəstə heyvanlar məhv edilib yandırılacaq.
– Onların sağalmasına ümid nə dərəcədədir?
– Elmi ədəbiyyatda göstərilir ki, bu xəstə heyvanların 10 faizi tələf
ola bilər. İlk dəfə Afrikada qeydə alınıb, sonra İraq və Türkiyəyə
keçib. Bu il də bizdə qeydə alındı.
– Həmin xəstəliyin insana keçmə ehtimalı var?
– İndiyədək belə fakt qeydə alınmayıb. Bu xəstəlik insana keçmir,
yalnız iribuynuzlu mal-qarada qeydə alınır. Xırdabuynuzlu heyvanlar bu
xəstəliyə tutulmur.
Short URL: http://www.cumhuriyyet.net/?p=9705