İŞİD-in ifşa olunan cihad yalanları

18.07.2014 - 02:16

Əl-Bağdadinin daim İslam tarixinə istinad etməsinə baxmayaraq, onun qurmaq istədiyi cəmiyyətin tarixdə presedenti olmayıb

 

Siyasətşünas-filosof John Gray hesab edir ki, qədim
İslam dəyərlərinə köklənən dövlət qurduğunu bəyan etməsinə baxmayaraq,
İŞİD cihadçı qrupu olduqca müasir bir layihədir. Onun yazısını aşağıda
oxuyun:

İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Mosulda
çıxışı zamanı xilafətin yaradıldığını elan etməsi qədim keçmişin zühur
etməsinə bənzəyir.

Özünü son zamanlar İslam Dövləti adlandıran İŞİD İslam üsul idarəsini
bərpa etdiyini bəyan edir. Çoxları bunu İŞİD-in orta əsr müsəlman
dəyərlərinə qayıdışı kimi yozur.

Amma, bu cür düşünmək İŞİD-i nəcibləşdirmək,
bəzətmək deməkdir. Suriya və İraqın bəzi ərazilərində qurulmuş dəhşətli
rejimi orta əsrlərin əzəmətli İslam dövlətlərilə müqayisə etmək belə
mümkün deyil. Misal üçün o dövrdə İspaniyada tolerant ab-hava və yaşayış
tərzi hökm sürdüyü halda Avropanın qalan hissəsi repressiya və təqiblər
mühitində boğulurdu.

Qədim məscid və məbədləri məhv etməklə, İŞİD
İslam ənənəsinin izlərini silməyə çalışır. Bu rejim Əfqanıstandakı
Talibandan bəlkə də daha repressivdir. Tətbiq etdiyi üsul idarəsilə İŞİD
daha çox 20-ci əsrin totalitar rejimlərini xatırladır.

Nə qədər gözlənilməz səslənsə də, İŞİD bir çox
mənada müasirdir. Əl-Qaidədə olduğu kimi İŞİD cihadçıları da, biznes
bucağından baxanda, oduqca səmərəli şirkət kimi təşkil olunublar.

Varlı xeyriyyəçi tərəfdarlarının yardımı ilə
fəaliyyətə başlayan İŞİD qısa bir zamanda gəlirli biznes qurumuna
çevrilib. Oğurluq və soyqunçuluq, qarətçilik və alver, tutduqları
ərazinin neft yataqları, qızıl və digər bank aktivləri, hücum zamanı ələ
keçirilən ABŞ hərbi texnikası və bu kimi digər amillər İŞİD-i dünyanın
ən zəngin cihadçı təşkilatına çevirilib. Bəzi dəyərləndirmələrə görə,
İŞİD-in maliyyə gücü 2 milyard dolları aşıb.

İŞİD bu imkanlardan öz tərəfdarlar dairəsini
genişləndirmək, idarə etdiyi ərazilərdə camaatın gündəlik həyatını,
ictimai xidmətlərin işini səhmana salmaq, dağıdılmış infrastrukturun
bərpası üçün istifadə edir.

Cihadçılar sosial şəbəkələrdən olduqca peşəkarcasına istifadə
edirlər. Vebsaytlarında hesabat formatında detallarınadək qəbul
etdikləri qərarlar, keçirdikləri əməliyyatlar, intiharçı hücumlar,
qətllər, edamlar, cəzalandırmalar barədə məlumatlar yerləşdirilir.

İŞİD düşmənlərini necə cəzalandırdığını lentə
alıb internetdə yerləşdirir. Bu, düşünülmüş, illərlə təkmilləşdirilən
bir strategiyadır. Başı kəsilmiş, edam olunmuş düşmənlərinin videosunu
çəkib yaymaqla İŞİD bir neçə məqsədinə nail olur – qarşıduran tərəfi
dərhal vahiməyə salır, qorxu və dəhşət hissi yaradır, nəzarətdə olan
ərazilərdə İslamın təbliğ etdikləri yozmasından dönənləri nə gözlədiyini
nümayiş etdirərək, camaatın canında tabeçilik hissini dərinləşdirməyə
çalışırlar.

Gəlirli biznes, qəddarlıq və təşkilatlanmış
beynəlmiləl kriminalın qarışığından yaranmış bu amansız qurumun orta
əsrlə heç bir əlaqəsi yoxdur. Qarşısına “sıfırdan” yeni cəmiyyət qurmaq
məqsədini qoyan İŞİD daha çox müasir inqilab hərəkatlarını xatırladır.

Əl-Bağdadinin daim İslam tarixinə istinad
etməsinə baxmayaraq, onun qurmaq istədiyi cəmiyyətin tarixdə presedenti
olmayıb. Onun yaratmaq istədiyi qurum Qərb inqilabçılarının təxəyyülündə
formalaşmış utopik harmoniya dövləti modelinə bənzəyir.

Radikal islamçı ideyalarını inkişaf etdirən
müəlliflərdən bəzilərinin, xüsusilə qəddar inqilabçı avanqardı
tərəfindən sistematik zorakılıqdan istifadə edərək cəmiyyəti yenidən
qurmağa meylli olanların, Avropada əmələ gəlmiş anarxizm və kommunizm
ideyalarının təsiri altında olduğu məlumdur. Fransa yakobinləri, leninçi
bolşevikləri, qırmızı kxmerlər, qırmısı qvardiyaçılar – bunlar hamısı,
düşündükləri kimi, “bəşəriyyətı mənəvi korrupsiyadan təmizləməyin”
yolunu terrorda görüblər.

İŞİD-in İslam ənənəsilə müqayisədə müasir
inqilabi hərəkatlarla bağlılığı daha daha çoxdur. Cihadçılar nə qədər
bunu inkar etməyə çalışsalar da, təşkilatlanmalarına və utopiyalı məqsəd
seçdiklərinə görə Qərbə borcludurlar.

Cihadçıların Qərbdən oğurladıqları təkcə ideya
və üslub deyil. İŞİD-in hakimiyyətə gəlməsi, yüksəlməsi Qərbin hərbi
müdaxilələri nəticəsində mümkün olub. Səddam Hüseyn iş başında olanda
İraqda heç bir cihadçı ola bilməzdi. Səddam rejiminin bütün
cinayətlərinə baxmayaraq, onun üsul-idarəsi dünyəvi qanunvericiliyə
əsaslanırdı, qadınların hüquqları yolunda addımlar atılmışdı.

Səddamın devrilməsi İraqda dünyəvi dövlətin,
İraqın özünün məhvini qaçılmaz etdi. ABŞ başda olmaqla işğalçılar İraq
odusunun və hakim partiyanın buraxılması kimi səhvləri buraxmasaydılar
da belə, ölkə gec-tez dağılacaqdı.

İraq dövlətini 1920-ci illərdə Britaniya Osmanlı imperiyasının qalıqlarından qurtaraq, hakimiyyəti sünni azlığa etibar edib.

Sünnilər bu əraziyə 1638-ci ildən, Osmanlılar
Bağdadı farslardan alandan bəri nəzarət edib. Britaniya yeni dövlətə
şimaldakı neft yataqlarını hədiyyə edərək, həmişə müstəqillik əldə
etməyə çalışmış kürdləri də İraqın tərkibinə qatıb.

Əl-Məliki hökümətinin uğurzusluqlarından asılı
olmayaraq İraqda mövcud şəraitdə federal quruluşun inkşaf edə biləcəyi
ideyası həmişə havadan asılı vəziyyətdə olub. Ən əvvəldən müharibə
əleyhinə olanların proqnozlaşdırdığı kimi, rejim dəyişikliyindən əmələ
gəlmiş problemlər bu dövlətə uğursuzluq damğası vurdurub. Eyni amillər
də İŞİD-in yaranması və çiçəklənməsinə şərait yaradıb.

Bəzən güman edilir ki, İraqın işğalında
ideologiya real rol oynamayıb – əsas məqsəd ölkənin neft yataqlarını
tutmaqdan yalnız ibarət olub.

Geosiyasi hesablamaların təsiri olsa belə,
müasirlik ideyalarının daha mühüm rol oynaması şübhəsizdir. İşğala
çağıran siyasətçilər və rəy formalaşdıranlar zənn edirdilər ki, müasir
cəmiyyətlər yalnız bir istiqamətdə inkişaf edə bilər – Qərb ölkələrinə
məxsus formatda.

Onlar düşünürdlər ki, İraqda bu inkişafı təmin
etmək üçün sadəcə ölkədə tiraniyanı yığışdırmaq kifayətdir və bundan
sonra ölkə demokratiyaya doğru hərəkətə başlayacaq, Yaxın Şərqin qalan
hissəsi də bu yolla hərəkət edəcək. Cəmi bir neçə həftə bundan əvvəl
bəziləri bənzər proseslərin Suriyada da baş verə biləcəyinə əmin idilər.

 

Lakin belə ideyalar həmişə ideoloji fantaziyadan başqa bir şey
olmayıb. Müasir dünya yalnız tək bir istiqamətdə inkişaf etmir. Liberal
demokratiya bu cür mümkün istiqamətlərdən yalnız birisidir. İspaniyanı
da işğal edəcəyi kimi yalançı ambisiyaları ilə İŞİD qeyri-mümkün
məqsədlərə nail olmaq üçün terrror və zoraklılkıqdan istifadə edilməsi
kimi müasir dünyanın qaranlıqlarını nümayiş etdirir.

Ola bilsin ki, İŞİD imkanlarından xeyli artığına
nail olub. İŞİD-in indi bir çox istiqamətlərdə rəqibləri var – Şiə
yaraqlıları ilə yanaşı, son zamanlar Əl-Qaidə-nin sünni cihadçıları da
bu qurumun əleyhinə olduğunu bildirir, baxmayaraq İŞİD-in Əl-Qaidə
şaxələrinin birindən törəməsi bir faktdır.

İŞİD-ə son zamanlar qoşulan qrupların maraqları
biri-birinə ziddir, bu qurumun nəzarət etdiyi əraziləri uzun müddət
ərzində idarə edə biləcəyi məlum deyil. Bundan əlavə, əl-Bağdadinin
bütün müsəlmanların adından danışmaq iddiası İslamçı dini xadimlər
tərəfindən bir cəfəngiyyat kimi rədd edilib. Bununla belə, İŞİD real
təhlükə kəsb edir – və təkcə Yaxın Şərqdə yox.

Misal üçün Britaniya kimi ölkələr üçün İŞİD-in yaratdığı gerçək
təhlükənin miqyasına qiymət vermək asan iş deyil. İŞİD-in əsas hədəfləri
Yaxın Şərqdədir. Bununla yanaşı, İŞİD döyüşçüləri kimi Suriya və İraqa
gedən Qərb vətəndaşlarının döyüşlərdə bərkiyərək, yeni bomba növləri
təcrübəsini mənimsəyərək Avropaya qayıdacaqları təhlükəsi mövcuddur.
İŞİD indi təkcə Qərbə yox, eləcə də Əl-Qaidə-yə müharibə elan edib. Belə
şəraitdə, qlobal cihadçı rəqabətində liderliyi təmin etmək üçün, bir və
ya bir neçə qrupun dəhşətli terror aktı hazırlaması riskinin artmasını
nəzərdən qaçırmaq olmaz.

Rejim dəyişikliyi siyasətini həyata keçirən Qərb
hökümətləri isə müasir dünyanın qaranlıq tərəfini nəzərə almayan
ideologiyanı rəhbər tutur. Bunu etməklə həmin hökümətlər istər-istəməz
qəddarlığın dəhşətli müasir növlərinə yaşıl işıq yandırmış olurlar.
Tanınmamış xilafətdə nələrin baş verdiyindən asılı olmayaraq, bu qurumda
birləşmiş qüvvələr yox olmayacaqlar. İŞİD müasir dövrün inqilabi
təlatümüdür – bu narahatedici fakt dərk edilməyənə qədər üzləşdiyimiz
təhlükənin öhdəsindən gəlmək mümkün olmayacaq.

Nəzər nöqtəsi (A Point of View) verilişi Radio4 kanalında cümə günləri yayımlanır və bazar günləri təkrar olunur.

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9707

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31