Hakimiyyət "heroin əməliyyatı"nın altından çıxa bilmir


Gürcüstan Daxili Işlər Nazirliyinin keçirdiyi “heroin əməliyyatı”
gündəmin əsas mövzusu olaraq qalır. Qeyd edək ki, Gürcüstan DIN-i
Azərbaycandan gələrək Türkiyəyə gedən yük maşınında 2 ton 790 kiloqram
maye heroin aşkarlayıb. Olay dərhal ictimailəşdirilib. Özü də beynəlxalq
miqyasda. Dünyanın ən nüfuzlu KIV-ləri hadisə barədə məlumat yayıblar.
Azərbaycan tərəfi isə hələ məsələyə rəsmi münasibət bildirməyib. 3
tona yaxın heroinin Azərbaycandan necə keçdiyinə heç bir aydınlıq
gətirilmir. Müvafiq qurumlar məsuliyyəti bir-birinin üzərinə atır.
Bununla belə hakimiyyət vəziyyətdən çıxmaq üçün müəyyən addımlar atır.
Məsələn, hadisədən bir neçə gün sonra dövriyyəyə belə məlumat buraxılıb
ki, guya Gürcüstan DIN-in keçirdiyi əməliyyatdan Azərbaycan tərəfinin
xəbəri olub. Yəni, maye heroinin Azərbaycandan keçməsi “əməliyyat
tədbirləri çərçivəsində” baş tutub. Hökumətin nəzarətində olan KIV-lər
bu məlumatı Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin
adından yayırlar. Lakin Çikaidzenin nə vaxt, harda bu fikirləri
səsləndirdiyi vurğulanmır. Onun bu fikirlərini yayan heç bir mənbə
göstərilmir. Sanki Çikaidze hökumətin nəzarətində olan media üçün
mətbuat konfransı keçirərək bu fikirləri səsləndirib.
Tutaq ki, həqiqətən də Azərbaycan tərəfi əməliyyata şərikdir. O zaman
niyə olay barədə məlumat yayılan ilk günlərdə bu barədə heç bir açıqlam
verilmədi? Niyə hüquq-mühafizə orqanları məsuliyyəti bir-birininə
üzərinə atdı? Bu sualların da cavabı açıq qalır.
Paralel olaraq hakimiyyət baş vermiş hadisədə Iranı hədəfə alıb.
Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında 3 ton heroinə məhz
Iranı ittiham edib. Lakin Iran dərhal məsələyə reaksiya verib. Bu
ölkənin Azərbaycandakı səfirliyi məlumat yayaraq ittihamların əsassız
olduğunu və məsələ ilə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə nota
təqdim ediləcəyini bildirib. Iran səfirliyinin açıqlamasında diqqətçəkən
bir məqam da var. Açıqlamada vurğulanır ki, Iran Azərbaycana
narkotiklərə qarşı birgə mübarizə aparmağı təklif etsə də, rəsmi Bakıdan
hələ cavab yoxdur.
Daha sonra isə Gürcüstanın Vergi Xidmətinin “heroin əməliyyatı” ilə
bağlı səhvi hakimiyyətin nəzarətində olan KIV-lər tərəfindən həvəslə
tirajlandı. Səhv bundan ibarət idi ki, Vergi Xidməti heroinin
Azərbaycandan yox, Ermənistandan keçdiyi barədə məlumat yaymışdı. Lakin
az keçməmiş Vergi Xidməti səhvini düzəltdi. “Qruziya Online” portalının
verdiyi məlumata görə, Vergi Xidmətinin yaydığı press-relizin gürcü
dilindəki variantında narkotikin Gürcüstana Azərbaycandan keçirildiyi
göstərilib. Ingilis dilinə tərcümədə isə texniki səhvə yol verilib və
narkotikin Ermənistandan keçirildiyi yazılıb. Vergi Xidməti səhvin
aradan qaldırıldığını və 3 ton heroinin Gürcüstana Azərbaycandan daxil
olduğunu bildirib.
Beləliklə, göründüyü kimi hakimiyyətin vəziyyətdən çıxmaq üçün atdığı bütün addımlar uğursuzluqla nəticələnir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9711