Alim AMEA-da keçirilən seçkinin ləğvini tələb edir

18.07.2014 - 12:13

“Bu seçki elmi ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır”

Elman Şahverdiyev dövlət başçısına açıq məktub yazdı

Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda
anadan olub. Moskva Mühəndis-Fizika Institutunu bitirib. Moskvada Ümumi
Fizika Institutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci
ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika Institutunda
laborratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması
problemləri ilə məşğul olur. Bu istiqamət dünya elmi üçün də nisbətən
yenidir (20 il). Elmi biliklərə təsirinə görə xaosun kəşfini kvant
nəzəriyyəsinin yaranması ilə müqayisə edirlər. Elman Şahverdiyev
Azərbaycanda müxtəlif elm sahələrinin qovşağında (multidisciplinar)
yerləşən bu sahənin yaradıcısıdir və beynəlxalq səviyyədə qəbul olunan
aparıcı mütəxəssisdir. 

“Science Citation” indeks jurnallarında 60-dan yuxarı məqalə dərc
etdirib. Demək olar ki, bütün məqalələri ingilisdilli jurnallarda dərc
olunub.

Aldığı fundamental nəticələr proqnozlaşdırmada, informasiya
mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli
kompyuterlərin yaradılmasında, sistemlərlin fəaliyyətinin
optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının
alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan
məsələlərində və sair istifadə oluna bilər. 

Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində
davam edir. Indiyə qədər on dörd beynəlxalq qrant alıb (Yaponiya, Böyük
Britaniya, Italiya, Portuqaliya, Almaniya Universitetlərindən.). 30
ildən artıq fəaliyyət göstərən Avropa Birliyi Cərçivə Proqramları
daxilində Individual qrantı alan yeganə azərbaycanlı alimdir. 

Işləri haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc
olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001 ci ildə Elman
Şahverdiyevin də həmmüəllifi olduğu məqaləyə aid yazısında bu məqalədə
alınan nəticəni Minilliyin ən mühüm experimentlərindən biri kimi
xarakterizə etmişdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent
kimi fəaliyyət göstərir. Amerikada dərc olunan “Dynamical and Control
Systems” (IASR) jurnalının redaktorlarından biridir.

4 oktyabr, 2012-ci ildə Thomson Reuters Korporasiyası Azərbaycan
fizikləri arasında Elman Şahverdiyevi “Fizikada Mükəmməlliyə” diplomu
ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu “Wall Street Journal”da
dərc olunub(11 oktyabr, 2012).

***

Cənab Prezident! AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra
nəhayət ki, adəti kimi PA-dan gələn təyinat siyahısı üzrə keçirildi və
30 iyunda başa çatdı. Bu dəfə hətta əlavə yerlər üzrə belə əlavə siyahı
göndərildi.

Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə
sitatların sayı, Hirş indeksim AMEA da ən yüksəkdir (bütün elm sahələri
üzrə), mən AMEA-dan kənarda qaldım. (Hirş indeksi haqqında: bir alimin
Hirş indeksinin məsələn,  5 olması o deməkdir ki, o alimin 5 məqaləsinə
ən azı 5 sitat var).

Sivil dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi
vəzifələrə seçkilər elmi işlərə sitatlar, Hirş indeksi əsasında
keçirilir. Əksər ölkələrdən fərqli olaraq MDB-də seçilmişlər əlavə
maaşla təmin olunurlar (Azərbaycanda müxbir üzvlər 800 AZN, həqiqi
üzvlər – 1200 AZN əlavə alırlar ki, bu da “seçkilərdə” olan intriqaları
iti süjetli dramaturgiya səviyyəsinə qaldırır, “seçkinin” son günləri və
saatları isə təyin edənlərin sanki qəsdən sürpriz qərarları ilə yadda
qalır, elmə aidiyyəti olmayan şəxslərin varlığını üzə çıxarır). Xaricdə
akademiyalar daha çox alimlərin üzvlük haqqı ödədiyi müzakirə klublarını
xatırladır, amma ora əsl seçki keçirilir, yerlər satılmır. Amma üzvlər
bir çox preferensiyalara sahib olurlar, bəzi jurnallara pulsuz abunə,
bəzi konfranslarda ödənişsiz iştirak və sair. Çox maraqlı bir faktı qeyd
edim ki, Nobel mükafatı alanların az qala 90 faizinin Hirş indeksi 30-u
keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir.

Aşağıda bir sıra təyin edilmişlərin bəzilərinin sitatları 

Thomson Reuters-in Web of Knowledge bazasından, bəzilərininki isə
SCOPUS data bazasından götürülüb. Məsələ ondadır ki, hər iki verilənlər
bazası bəlli səbəblərdən (sitatları çox aşağıdır deyə AMEA rəhbərliyində
maraq yoxdur) Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci
ildə TR bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS-dakı
məlumatları isə hərdən “Elsevier” jurnalları üçün resenziya fəaliyyəti
ilə məşğul olduğumdan və bir müddətə SCOPUS-a giriş icazəsi
verildiyindən mən özüm tərtib etmişəm). Scholar.google.com isə açıq
domendir, amma ordakı sitatlar konservativ deyil. Buna baxmayaraq,
müəyyən korreksiya əmsalı ilə SCOPUS və Thomson Reuters-dəki statlar
haqqında da təxmini bilgi almaq olar.

Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında 1986-cı ildən
xaricdə bir məqalə dərc etdirməyən, yalnız Azərbaycanda bir məqalə dərc
etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da yaşayır və elmi işlə
məşğul olmur (Thomson Reuters-də-cəmi 25 sitat). Analoji dövr üçün
 Thomson Reuters-də mənim işlərimə sitatların sayı 601 olub.

Görəsən onda o elmin inkişafında hansı xidmətlərinə, hansı qiymətli
təqdiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Sualın
cavabı çox sadədir: Belə bir adamın müxbir üzv təyin edilməsi ölkənin
onlarla istedadlı elmi işçilərini ələ salmaq, elmi ictimaiyyəti
məsxərəyə qoymaq, ona meydan oxumaqdır. Mesaj belədir ki, biz bizim
Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edirik, təki
“bizim adam” olsun. Çox güman ki, bu tendensiya elmi gözdən salmaq üçün
düşünülmüş addımdır.

Digər təyin edilmış müxbir üzv – Iskəndər Cəfərov öz yazılı ərizəsi
ilə sənədlərini geri almış, sonradan PA-dan göstəriş əasasında
sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün
dərc olunmuş məlumat kitabçasında  olmayıb. Elmi işlərinə istinadlar
hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Bu fakt bariz
şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? Bəs görəsən belə elmi
nəticələri olan Iskəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?

Təyin edilmişlər arasında 22 ildir Azərbaycandan kənarda – Türkiyə və
indi Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış
(ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmiş), ikili
vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə ən konservativ
data bazası olan SCOPUS-da cəmi əlli sitat olan Ənvər Nəhmədov da var.
Onun protejesi – PA-da elm adamlarına yaxşı məlum olan yüksək çinli bir
məmurun Fizika Institutunda çalışan həyat yoldaşı, faktiki kurator olan
Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər
Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək çox nüfuzlu
“Physical Review” jurnallarında məqalə dərc etdirmış azsaylı
azərbaycanlı alimlərin siyahısına daxil olmuşdur. Şəxsi maraqlarını hər
şeydən üstün tutan bu şəxsin təyin etdirdiyi ikinci adam – fizika üzrə
baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş
Nazim Məmmədovdur. Ümumiyyətlə, hər şeyin təyinatla həll olunduğu bir
seçkidə belə bu şəxs özü haqqında yalan məlumat verməkdən  çəkinməyib.
Yuxarıda qeyd olunan elektorat üçün dərc olunmuş məlumat kitabçasında
Nazim Məmmədov iddia edir ki, o, ona yaxın elmlər namizədi və doktoru
yetişdirib. Bu barədə hətta AMEA-nın rəsmi saytında belə onun 60 illiyi
ilə əlaqədar Fəxri Fərmanla təltif olunması haqqında yazıda da məlumat
verib. Belədirsə, qoy o, rəhbərlik etdiyi 4-5 namizəd və doktorun
avtoreferatını nümayiş etdirsin. Özünü Osaka Universitetinin Professoru
hesab edən Nazim Məmmədov görəsən doğrudan da 5 elmlər namizədi
yetişdiribsə, niyə AAK-dan professor rütbəsini hələ də almayıb.

Maraqlıdır ki, Elmin Inkişaf Fondunun (EIF) indyə qədər Azərbaycan
elminə qoyduğu vəsaitin az qala üçdə biri Nazim Məmmədovun adının
keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə
SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala
yarısını Türkiyədə çalışan bir azərbaycanlı alim edib. Onun
məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub.
Görəsən bu necə beynəlxalq konfransdır ki, bir konfrans materialında
 bir adamın 8-9 təqdimatını çap etdirir. Digər ilginc bir məqam isə
milyonlarla qrant almasına baxmayaraq, Nazim Məmmədov yalnız tək-tük
məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə
isə o, ya sonuncu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub.

Short URL: http://www.cumhuriyyet.net/?p=9730

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31