Ərdoğandan Bakıya Qarabağ şantajı

18.07.2014 - 13:11

Bakı-Ankara münasibətlərinə
qəfil “U” dönüşü təhdidi; Rusiyanın regionda yeni müharibə planlarını
Qərbin pozmaq istəyi ABŞ-ın müəllifi olduğu yeni “Yol xəritəsi”ni aktual
edib; AKP namizədinin seçkilərdə qələbəsi okeanın o tayında neçə
vaxtdır hazırlanan layihəyə nəfəs verə, sərhədlərin açılması tezləşə
bilər; Sürix protokollarının gündəmə qayıdacağı gün uzaqda deyil…


Ötən həftə Türkiyə qəzetlərindən
birində sensasiyalı sayıla biləcək bir məlumat keçdi. Yazıda baş nazir
Rəcəb Tayyib Ərdoğanın sentyabrda Ermənistanla sərhədləri açmaq
göstərişi verdiyi bildirilirdi. Türkiyə Xarici İşlər Nazirliyi məlumatı
dərhal təkzib eləsə də, iki gün öncə mövzu yenidən, daha qalmaqallı
formada gündəmə gəlib.
Belə ki, Türkiyənin millət
vəkillərindən olan İdris Bal parlamentdə düzənlədiyi mətbuat
konfransında AKP iqtidarını Azərbaycanı ermənilərlə şantaj etməkdə
suçlayıb. Onun iddiasına görə, Ərdoğan Azərbaycanda Gülən məktəblərini
qapatmaq uçun Bakını yolverilməz və ağlasığmaz bir üsulla təhdid edib –
həmin məktəblərin bağlanmasından ötrü rəsmi Bakı Türkiyəyə qoyulmuş
yatırımlarla, ən əsası, ermənilərlə təhdid olunub. Bal iddia edib ki,
AKP-nin təhdidi “məktəblər qapanmasa sərhədlər açılacaq və ermənilərlə
münasibətlər normallaşdırılacaq” şəklində olub.
Əlbəttə ki, dəqiqini Ərdoğan və onun azərbaycanlı həmkarı bilər,
ancaq od yanmasa, tüstü çıxmır. Son vaxtlar isə “tüstü” nədənsə tez-tez
görünməyə başlayıb. Məsələn, Türkiyə dövlətçiliyi tarixində ilk dəfə
olaraq Ərdoğanın timsalında baş nazirin uydurma soyqırımla bağlı erməni
xalqına başsağlığı verməsi, bu reveransdan az sonra Ermənistan
prezidenti Sərkisyanın Türkiyənin yeni seçiləcək prezidentini (qalibin
Ərdoğan olacağı ehtimalı böyükdür) saxta “genosidin” 100-cü ildönümü
tədbirlərinə İrəvana dəvət eləməsi bu qəbildəndir. 
Bir sıra təhlilçilər iki qarşılıqlı jesti eyni zəncirin həlqələri
kimi qavrayır və güman edirlər ki, ortada Vaşinqtonun iradəsi və okeanın
o tayında hazırlanan bir proje, gizli anlaşma var. İddiaya görə, ABŞ-ın
Güney Qafqazla bağlı çoxdan hazırlamaq istədiyi çoxşaxəli layihə
Ermənistanı, Azərbaycanı və Türkiyəni də öz yanına almağı, bölgədə
Rusiya təsirini minimuma endirməyi hədəf götürüb. Təbii ki, projedə,
yaxud yeni “Yol xəritəsi”ndə Ankara aparıcı və açar statusdadır. 
Belə bir plan qonşularla “sıfır problemi” kursunu götürmüş
Türkiyənin strateji maraqlarına əslində cavab verir. Aydın məsələdir ki,
normal dövlətlər üçün daimi düşmən anlayışı olmur, daimi maraqlar olur.
Türkiyə isə bölgədə təhlükəsizlik və demokratiya ilə bağlı xüsusi
missiyası olan böyük regional oyunçudur. Qərblə Rusiya arasında
münasibətlərin böhrana girməsi fonunda bu rol indi ikiqat əhəmiyyətli
görünür. 
Məsələ də ondadır ki, Krımın Rusiyaya ilhaqından sonra Güney
Qafqazın Qərb üçün önəmi xeyli artıb. Avrasiya Birliyi layihəsini
reallaşdırmaq üçün Moskva istənilən varianta, o sırada Ermənistanın əli
ilə Qarabağda yeni müharibəni qızışdırmağa kimi gedə bilər ki, bu da ilk
növbədə Amerika və Avropanın regiondakı energetik və təhlükəsizlik
maraqlarına, yeni energetik planlarına ciddi zərbə olardı. 

Qərb siyasi-diplomatik, ekspert dairələrində anlayırlar ki,
Moskvanın bu planlarını məhz Türkiyə sayəsində, daha doğrusu,
Ankara-İrəvan münasibətlərini qismən qaydaya salmaq və sərhədləri açmaq
hesabına pozmaq olar. Ancaq Amerikada, Avropada bunun asan məsələ
olmadığının da fərqindədirlər – Azərbaycan, Qarabağ problemi var çünki. 

Bu xüsusda son zamanlar Bakını məmnun eləmək üçün Minsk Qrupunun
amerikalı həmsədr səviyyəsində 7 rayon məsələsinin davamlı şəkildə
gündəmə gətirilməsi, İlham Əliyev və Serj Sərkisyanın Paris görüşünün
təşkilinə yönəlik israrlı səylər təsadüfə oxşamır. Belə
diplomatik-siyasi fəallıq yeni “Yol xəritəsi”nin ruhuna tam uyğundur.
Sürix protokollarının arxivə verilmədiyi də gözardı edilməməlidir. 
İlk baxışda “Yol xəritəsi” tərəflər üçün məqbul görünür və hərə öz
dividentini götürür: Ermənistan Rusiyanın təhdidlərindən qismən
uzaqlaşır və öz təhlükəsizliyinə Türkiyə vasitəsilə Qərbin qarantını
təmin eləmiş olur, ən əsası, müharibə üçün Kremlin əlində alət olmaq
riskindən uzaqlaşır. Yeri gəlmişkən, son vaxtlar erməni tərəfdən tez-tez
belə fikirlər səslənir ki, rəsmi İrəvan Rusiya ilə müttəfiqliyə daha
etibar edə bilməz, nədən ki, Kreml günün birində Ermənistanı satacaq, o
üzdən özü üçün yeni təhlükəsizlik sistemi tapmaq barədə düşünməlidir. 
Türkiyəyə gəlincə, “Yol xəritəsi”nin həyata vəsiqə alması ilə
Ankara regionda yeni söz sahibliyi qazanır, qardaş ölkənin Ermənistana
təsir imkanları artır; Ankara ilə Qərb arasında 17 dekabr rüşvət
əməliyyatı da səbəb olmaqla sərinləmiş münasibətlər qaydaya düşür
(Ərdoğan 3 aydır Ağ Evlə, Obama ilə telefon əlaqəsi qura bilmir),
Türkiyənin Avropa Birliyinə yolu asanlaşır; nəhayət, Ankara qondarma
soyqırımın 100 illiyə ilə bağlı gözlənilən güclü beynəlxalq pressinqi
özündən uzaqlaşdırmış olur.
Bu və başqa amillər belə bir ehtiyatlı qənaəti diktə edir ki,
qardaş ölkədə gələn ay keçirilən prezident seçkilərinin nəticələri üzü
payıza doğru həqiqətən bölgədə keyfiyyətcə yeni qarşılıqlı münasibətlər
sisteminə vəsilə ola bilər. Konfliktdə olan ölkələr üçün Amerikanın
patronajlığı altında təzə dönəmin başlayacağı istisna deyil. 
Bəs bu dönəm konkret olaraq Bakı-Ankara əlaqələrində “U” dönüşünə
gətirə, iki qardaş ölkənin münasibətlərini zədələyə bilərmi? Yəqin ki,
sualın cavabı tərəflərin ən ağrılı məsələlərdə nə dərəcədə sinxron və
çevik hərəkət eləmək bacarığından asılı olacaq. Bir şey dəqiqdir ki,
millət vəkili Balın da təsdiqlədiyi kimi, Ərdoğan hökumətinin Azərbaycan
iqtidarına iki çox mühüm təsir rıçaqı var: azərbaycanlı oliqarxların
Türkiyədəki böyük biznesi (yatırımı) və Qarabağ (sərhəd) məsələsi…

Short URL: http://www.cumhuriyyet.net/?p=9733

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31