“Telefonları satıb pulunu yarı bölürdük” – VİDEO
Paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək Yasamal rayonu A. Şərifzadə küçəsində ona məxsus “VAZ 2107” markalı avtomobildən mobil telefonun oğurlandığını bildirib.
ARB TV xəbər verir ki, polis hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Quliyevlə Ceyhun Məmmədovu saxlayıb.
İstintaq tədbirləri nəticəsində onların Yasamal rayonu ərazisində, əsasən metro stansiyalarının yaxınlığında 10-dan artıq nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladıqları da məlum olub.
Ceyhun Məmmədov – Saxlanılan şəxs: “Oğurluğu Ramil edirdi. Sonra mənə zəng edirdi ki, bəs belə bir telefon var, satmaq lazımdır. Görüşürdük, gedib satırdıq. Bir neçə dəfə belə telefon satmışam. “3-cü mikrorayon”un “kruqu” tərəfdə satırdıq. Bir yerdə pulu xərcləyirdik. Mənim sənədimlə 10 telefon satılıb”.
Ramil Quliyev – Saxlanılan şəxs: “Pəncərəsi açıq olan, qapısı açıq olanda açırdım, telefonları götürürdüm, zəng edirdim dostuma, “20 yanvar”da görüşürdük. Otururdum maşında, o, aparıb satırdı. Yarı-yarıya xərcləyirdik pulu. Ən yuxarı satdığım telefon 50 manat olub”.
Faktlarla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Polis saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraını istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nə müraciət edə bilərlər.
cumhuriyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=97335