NURÇULARIN AZƏRBAYCANDA XİLAS PLANI
“Gülənçilər” siyasi məqsədlərini yenidən təhsildəki uğurlarının gölgəsi altında gizlətməyə çalışırlar

Azərbaycanda “Çağ Öyrətim İşlətmələri”nin tərkibində
fəaliyyət göstərən “gülənçilər”ə aid təhsil müəssisələrinin bağlanması
ətrafında müzakirələr səngimək bilmir. Dünən Türkiyədə “gülənci” kimi
tanınan millət vəkili İdris Bal AKP iqtidarının Azərbaycandakı Gülən
məktəblərini qapatmaq uçun rəsmi Bakını təhdid etdiyi iddiasını
səsləndirib. Onun sözlərinə görə, Ankara bu məktəblərin qapanması üçün
rəsmi Bakını Türkiyəyə qoyulmuş yatırımlarla və ən əsası da, ermənilərlə
sərhədlərin açılması ilə hədələyib…
Bu iddia ilk baxışda sensasion səslənsə də, inandırıcı görünmür.
Birincisi ona görə ki, Türkiyədə xüsusilə prezident
seçkiləri ərəfəsində Ermənistanla sərhədləri açmaq məsələsinin gündəmə
gətirilməsi ağılabatan deyil.
İkincisi, rəsmi Bakı ilə Ankara, bir qədər də
konkretləşdirsək, İlham Əliyevlə Ərdoğan arasında münasibətlər elə bir
səviyyədədir ki, tərəflərin bir-biri ilə şantaj dilində danışması
inandırıcı görünmür.
Ücüncüsü və ən əsası, Türkiyə onun iqtisadiyyatına
ciddi yatırımlar qoyan hər hansı bir dövləti, o cümlədən Azərbaycanı
təhdid etməz, edə bilməz…
Bu baxımdan “gülənci” millət vəkilinin açıqlamasının Azərbaycanda bu
camaata məxsus məktəblərin bağlanmasının Bakının istəyi ilə deyil,
Türkiyənin təzyiqi ilə baş verdiyini ictimai rəyə yeritməyə
hesablandığını söyləmək olar. Dolayısıyla bu, Bakının həmin məktəblərin
fəaliyyətindən narazı olmadığını, deməli yenidən bərpasına razılıq verə
biləcəyinə işarə sayıla bilər.
“AzPolitika.info”-ya daxil olan məlumatlara inansaq, “Çağ”
məktəblərinin bərpasına nail olmaq istiqamətində həqiqətən də çox ciddi
fəaliyyət var.
Bu haqda danışmazdan öncə qısaca xatırladaq ki, Azərbaycanda əvvəllər
“Çağ Öyrətim İşlətmələri”nin tərkibində, son aylarda ARDNŞ-ın nəzdində
yaradılan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) idarəçiliyi
altında fəaliyyət göstərmiş “Araz Kursları” MMC, onun təsisçisi olduğu
digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ötən ay
dayandırılıb. Bu quruma daxil olan təhsil müəssisələrindən yalnız Qafqaz
Universiteti hələlik fəaliyyətini davam etdirir…
Türkiyənin də rolu olub, ancaq…
Bu
təhsil müəssisələrinin bağlanmasında, təbii ki, Türkiyə hökumətinin də
rolu olduğu şübhə doğurmur. Ancaq bu, iddia edildiyi kimi, rəsmi Bakının
təhdid edilməsi formasında deyil, həmin məktəblərdə oxuyanları təsir
altına alan ideoloji kursun həqiqi mahiyyətilə bağlı Azərbaycan
hakimiyyətinin tam məlumatlandırılması şəklində olub. Məlum
olduğu kmi, Türkiyədəki hadisələrdən sonra “gülənçilərin” özlərini
təqdim etdikləri kimi dini camaat olmayıb, Qərbin iri maliyyə və
kəşfiyyat cevrələrinə, hətta massonlara bağlı bir təşkilat olduğu ortaya
çıxdı. Hansı ki, bu “təşkilata” üzv kadrları milli hökumətlərin
daxilinə yerləşdirməklə, onları təsir altında saxlamağa, istədikləri
vaxt hakimiyyət böhranı yaratmağa nail olunur. Türkiyədə bələdiyyə seçkilərindən öncə baş verənlər buna əyani misaldır.
Elə Azərbaycan hakimiyyətinin “gülənçilərə” münasibətinin
dəyişməsində, bu camaata məxsus təhsil müəssisələrini bağlamasında da
əmrləri xaricdən alan bu gizli siyasi təşkilatın Türkiyədə qopardığı
“fırtınanın” rolu olduğu danılmazdır. Rəsmi Bakı əyani şəkildə
gördü ki, “gülənçilər” göstəriş verildikdə uzun illər birlikdə hərəkət
etdikləri, ideoloji baxımdan onlara yaxın siyasi iqtidarı belə tanımır,
onu “yıxmaq” üçün bütün vasitələrdən istifadə edirlər…
Bu baxımdan rəsmi Bakının Azərbaycanda “gülənçilərə” aid təhsil
müəssisələrini bağlamasının bu gizli siyasi təşkilatın ölkədə onların
ideoloji kursuna xidmət edəcək daha artıq “əsgərlər” hazırlamasının
qarşısını almağa xidmət etdiyini söyləyə bilərik. Hansı ki, bu həm də
hakimiyyətin gələcəkdə “sürprizlərlə” qarşılaşmasını önləmək məqsədi
daşıyır…
Şəbəkənin maksimum və minimum hədəfləri
Ancaq müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki,
“gülənçilər” də uzun illər ərzində Azərbaycanda qurduqları şəbəkənin
sıradan çıxarılmasını sakitcə seyr etmək fikrində deyillər. İstənilən
yolla bu şəbəkəni qoruyub saxlamaq və daha da gücləndirmək
niyyətindədirlər. Bunun üçün isə təbii ki, ilk növbədə “gülənçilərə” aid
təhsil müəssisələrinin fəaliyyətinin bərba edilməsi lazımdır.
“AzPolitika.info”-ya daxil olan məlumatlara görə, hazırda
Azərbaycandakı “gülənçi” şəbəkənin qarşısında 2 tapşırıq durur: Maksimum
hədəf bağlanan təhsil müəssisələrinin fəaliyyətinin bərpası, minimum
hədəf başqa adlar altında olsa da, sestemi qoruyub saxlamaqdır.
Müşahidələrə görə, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının
nəticələri nurçu şəbəkəyə revanşist bəyanatlar üçün yeni arqumentlər
bəxş edib. Belə ki, hər il olduğu kimi, Təhsil Nazirliyinin tərkibində
olan orta məktəblərin məzunları qəbul imtahanlarında cox aşağı nəticələr
göstərdiyi halda, “Çağ Öyrətim İşlətmələri”nin məktəblərini
bitirənlərin əksəriyyəti yüksək ballar toplayıblar. Hətta onların
arasında 700 bal toplayanlar da var. Bu fakt “gülənçilərə” və onların
himayədarlarına həmin məktəblərin alternativlərinin olmadığı, onların
bərpasının zəruriliyi haqda bəyanatlarını daha yüksək səslə
səsləndirməyə şərait yaradıb. Hazırda bu faktdan istifadə edərək
hakimiyyətə geniş ictimai basqı qurmaq planı işə salınıb. Artıq sosial
şəbəkələrdə, “gülənçilər”ə bağlı media qurumlarında bu istiqamətdə total
təbliğat kampaniyasının həyata keçirildiyi sezilməkdədir. Açıq görünür ki, “gülənçilər” siyasi məqsədlərini yenidən təhsildəki uğurlarının gölgəsi altında gizlətməyə çalışırlar.
Bizə verilən məlumatlara görə, nəticəyə nail olmaq üçün “gülənçilər”
bütün resurslarını işə salıblar. Həm hökumət daxilindəki adamlarını
hərəkətə keçiriblər, həm vaxtilə işbirliyində olduqları, birgə layihələr
həyata keçirdikləri vəzifəli şəxslərin köməyindən yararlanmağa
çalışırlar, həm də xaricdən Azərbaycan hakimiyyətinə təsir etmək
istiqamətində cəhdlər edirlər.
Qeyd edək ki, bu baxımdan “gülənçilər”in böyük potensialı var. Həm
hökumətin tərkibinə kifayət qədər “gülənçi” kadr yerləşdirilib, həm də
vaxtilə onlarla işbirliyində olan çoxlu sayda vəzifəli şəxs var.
Kimlər canfəşanlıq edir?
Belələrinin sırasında Təhsil Nazirliyinin keçmiş rəhbərliyinin, konkret olaraq keçmiş təhsil naziri Misir Mərdanovun və müavini olmuş Qulu Novruzovun, eləcə də ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun adlarını xüsusi qeyd etmək olar.
Artıq məlumat verdiyimiz kimi, bu yaxınlarda Misir Mərdanovun yaxın
ətrafı ilə görüşündə nurçu məktəblərin və hazırlıq kurslarının xilas
edilməsi məsələsi ətraflı müzakirə olunub. Qərara alınıb ki, “Araz”
kurslarının müəllim-tələbə heyəti, həmçinin texniki personalı bütünlüklə
onların himayəsində olan “Hədəf” hazırlıq kurslarına köçürülsün.
Misir Mərdanov təhsil naziri işləyən zaman nurçuların təhsil
müəssisələrinin fəaliyyətinə, əhatəsinin genişlənməsinə hərtərəfli
dəstək göstərib və onları himayə edib. Bu dəstək heç də təmənnasız
olmayıb və nurçuların rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilib.
Bu əməkdaşlığın davamı kimi M.Mərdanovun, onun müavini olmuş Qulu
Novruzovun və digərlərinin üzərinə ən azı “Araz” kurslarının xilas
edilməsi ilə bağlı öhdəlik qoyulub.
Mötəbər mənbələrdən bizə verilən məlumata görə, “gülənçi”
şəbəkənin hansısa formada qorunub saxlanması üçün üzərinə ciddi öhdəlik
qoyulmuş şəxslərdən biri də ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovdur. O, şəbəkənin bərpası və ya başqa ad altında qorunub saxlanması üçün
bütün imkanlarını səfərbər etməklə yanaşı, həm də bu istiqamətdəki
fəaliyyətin maliyyə xərclərini qarşılamalıdır.
Ümumiyyətlə,
bizə daxil olan məlumatların təhlilindən belə nəticə çıxarmaq olur ki,
nurçuların Prezident Administrasiyasındakı dayaqlarının – Elnur Aslanov
və onun ətrafının ifşasından sonra Azərbaycan hakimiyyəti daxilində
“gülənçi” şəbəkənin əsas gizli himayədarı kimi məhz Xaliq Məmmədov çıxış
edir.Onu Azərbaycandakı “gülənçilərin” maliyyə “imamı” da hesab etmək
olar…
Xaliq Məmmədovun adı mediada “çoxdandır ki, Gülənçilərə” bağlı bir
şəxs kimi halanır. Türkiyədə baş verən məlum hadisələrdən sonra rəsmi
Bakının da diqqətini cəlb edən “Gülənçilərə” aid təhsil müəssisələrini
himayə altına alan ARDNŞ-ın nəzdində yaradılan Azərbaycan Beynəlxalq
Təhsil Kompleksinə də məhz Xaliq Məmmədov rəhbərlik edib. Əldə olunan məlumatlara görə, X.Məmmədov məhz bu zaman “camaat” tərəfindən ələ alınıb.
“Çağ” sisteminin xilas olunması üçün edilən cəhdlər nəticə verəcək,
ya yox, bunu yaxın zamanlarda görə biləcəyik. Hər halda bu təhsil
müəssisələrinin fəaliyyətinin bərpa olunacağı inandırıcı deyil. Lakin
nurçuların hakimiyyət daxilindəki himayədarları vasitəsilə bu şəbəkəni
hansısa formada qoruyub saxlamağa nail olacaqları da istisna deyil.
Yazida adlari çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=9763