Zakir Qaralov öz şirkətindəki korrupsiyanı ört-basdır edir

19.07.2014 - 09:05

“Akkord”da aşkarlanan 20 milyon
yeyinti faktına görə heç kim həbs edilməyib

“Akkord”da aşkarlanan 20 milyon
yeyinti faktına görə heç kim həbs edilməyib; korrupsiyaya qarşı mübarizə
aparan quruma rəhbərlik edən baş prokuror dövlətin pulunu mənimsəyən
cinayətkar şəbəkəni himayə edir

“Akkord” şirkətində şok korrupsiya faktları barədə 15 gün öncə
yazmışdıq. Redaksiyamıza daxil olan məlumat əsasında hazırlanan yazıda
bildirilirdi ki, 2013-cü ilin oktyabrından şirkətdə işlər qismən
dayanıb. Bunun da nəticəsində maaşların verilməsində fasilələr yarandığı
deyilirdi.

Məqalədə bildirilirdi ki, şirkətin baş direktoru Xəqani Quluzadənin
işdən çıxarılmasını onun xaricə təhsil almağa getməsi kimi izah
ediblər. Yazıda bildirildiyinə görə, X.Quluzadənin işdən çıxarılması adi
məsələ deyildi, ortada ciddi məsələlər dayanırdı. Belə ki, onun adı
“Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqur olaraq
çəkilirdi.
Onun işdən kənarlaşdırılması haqda göstərişin “Akkord”un əsas
səhmdarı sayılan İlqar Hacıyev tərəfindən verildiyinə dair yazıda iddia
yer alırdı. Məqalədə daha sonra qeyd olunurdu ki, İlqar Hacıyev 2010-cu
ildən “Akkord”dan ayrılsa da, əsas səhmdar kimi qalırdı və Almaniyada
“Akkord”un nümayəndəliyində otururdu. Onun qayıtması və şirkətdə
təmizləmə aparması səbəbsiz deyildi.
“Xəqani Quluzadənin “Akkord”a rəhbərlik etdiyi son üç ildə şirkət
Azərbaycan Beynəlxalq Bankından yarım milyard manatdan çox kredit
götürərək bölgələrdə müxtəlif layihələr başlayıb” – deyə yazıda bəhs
olunurdu. O da bildirilirdi ki, kreditlər Xəqani Quluzadə, onun tikinti
üzrə müavini Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri
Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov
tərəfindən mənimsənilib. Kreditlərin qaytarılması məsələsi gündəmə
gələndə şirkət çətin vəziyyətə düşüb.
Daha sonra yazıda bildirilirdi: “Krediti qaytarmaq lazımdır, pul
isə yoxdur. Kreditin qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi
üz tutur bankın əsl sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və
kim olduqlarını xatırlatmağa ehtiyac yoxdur. Məhz bu qüdrətli əlin
köməyi ilə “Akkord”un əsas səhmdarı İlqar Hacıyev Almaniyadan gətirilib
və ona şirkəti bu günə salmış adamları təmizləmək tapşırığı verilib”.
15 gün öncə “Yeni Müsavat”da dərc edilmiş məqalədə bildirilirdi ki,
yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və
istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti
faktları aşkarlanıb. Məqalədən sitat: “Təsəvvür edin ki, su-kanalizasiya
departamentinin təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq
material əskikliyi aşkar edilib. Ümumilikdə isə departamentdə 20 milyon
manata yaxın yeyinti aşkar edilib. Yoxlamalar təkcə “Akkord”un Audit
Departamenti tərəfindən deyil, həm də kənardan dəvət olunmuş audit
şirkəti tərəfindən aparılırdı”.
Yazıda daha sonra Fariz Cəmillinin fəaliyyətindən bəhs edilirdi:
“Onun “Akkord”un bu günə düşməsində “xidmətləri” çoxdur. Belə ki, onun
özünün AGE adlı ayrıca şirkəti var və tunel tikintisi ilə məşğuldur. O,
şirkətin sifarişlərini ayrı-ayrı subpodrat şirkətlərə satıb”.
Yazıda yeyintilərə görə cinayət işi açıldığı və cinayət işinin Korrupsiyaya Qarşı Mübarizə  İdarəsində olduğu vurğulanırdı.
Audit yoxlamalarından sonra tikinti üzrə baş direktorun müavin
Elçin Bədəlovun, təhqiqat departamentinin direktoru Şahin Məmmədovun,
su-kanalizasiya departamentinin direktoru Fariz Cəmillinin,
infrastruktur departamentinin direktoru İlqar Budaqovun, kadrlar
departamentinin direktoru Səbinə Feyzovanın işdən çıxarıldıqları haqda
da yazıda bəhs edilirdi. Məqalədə Xəqani Quluzadədən sonra “Akkord”a
rəhbər təyin olunmuş Göksəl Aybək haqda ittihamlar yer alırdı.
Bildirilirdi ki, Göksəl Aybək ancaq öz həmvətənlərini müxtəlif
vəzifələrə irəli çəkməklə məşğuldur.
“Akkord” şirkətinin baş prokuror Zakir Qaralova məxsus olduğu haqda
xəbərlər yeni deyil. Düzdür, mediada gedən xəbərlərə görə, bu şirkət
bir neçə il öncə əl dəyişdirdi. Amma “Akkord”dun nəzarət paketinin
əhəmiyyətli hissəsinin hələ də Z.Qaralovda qaldığı haqda təkzib
edilməyən məlumatlar var.
Görünür, buna görədir ki, üstündən 15 gün keçməsinə baxmayaraq,
hələ də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
“Akkord”dakı yeyintilərlə bağlı ictimaiyyəti bilgiləndirməkdən yayınır.
Baş prokuror ölkədə korrupsiyaya qarşı mübarizə aparan idarənin başında
dayanır, bu qurumun işinə birbaşa rəhbərlik edir, amma ona məxsus olduğu
deyilən şirkətdə 20 milyonluq yeyinti faktına görə bir nəfər olsun belə
həbs edilməyib. Vaxtaşırı Baş Prokurorluğun mətbuat xidməti rayonlarda,
kənd və qəsəbələrdə antikorrupsiya tədbirləri haqda press-relizlər
yayır. Həmin press-relizlərdə kiçik məmurların rüşvət aldıqlarına görə
həbsindən bəhs edilir. Fəqət ölkənin ən iri şirkətində 20 milyon manat
oğurlanır, dövlət əmlakı talan edilir, buna görə bir nəfər də olsun həbs
edilmir.
Bu anlaşılmaz vəziyyətlə bağlı hörmətli Zakir Qaralovun izahatını dinləməyə və çap etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=9781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31