QHT-lərə əsassız hücumlar dayandırılmalıdır

19.07.2014 - 10:45

“Azərbaycan prokurorluğu beynəlxalq təşkilatlarla bağlı araşdırmalara
başladığı üçün bir sıra qeyri-hökumət təşkilatlarının bank hesablarını
dondurub. Daha doğrusu prokurorluq istintaq aparır və QHT-lərin
vəsaitlərinin həmin cinayətdə istifadə olunma ehtimalı olduğunu hesab
edərək bank hesablarını dondurur”. Bu barədə media hüququ üzrə
mütəxəssis Ələsgər Məmmədli “Turan”a bildirib.  

2014-cü il fevralın 4-də QHT, qrant, hüquqi şəxslərin dövlət
qeydiyyatı haqqında qanunvericiliyə edilmiş əlavə qüvvəyə mindikdən
sonra prokurorluq istintaqa başlayıb. 

“Bununla yanaşı, hüquq-mühafizə orqanları hansı səbəbdən istintaqa
başladıqları barədə ictimaiyyətə məlumat vermir. Amma istintaqın
aparılması və ya bank hesabları dondurulması təşkilatların hansısa
qanunsuzluğa yol verməsi kimi başa düşülməməlidir. Bu təşkilatların
Ədliyyə Nazirliyində hüquqi qeydiyyatı var, qanunvericiliyə uyğun olaraq
hesabatlar verir, vergi və sosial fonda vəsait ödəyirlər. Hökumət üçün
fəaliyyətləri şəffafdır. Onların xərclədikləri pullara isə Mərkəzi Bank
tərəfindən nəzarət olunur”, deyə Məmmədli bildirib. 

Onun fikrincə, bu araşdırmalardan sonra “Azərbaycan daha inkişaf
edib, beynəlxalq QHT-lərə daha ehtiyac yoxdur kimi qərarın verilməsi
ehtimalı var. Bu, artıq siyasi qərar olacaq. Amma bu QHT-lərin
fəaliyyətində sahələr üzrə kifayət qədər effektiv faydalılıq əlaməti
var”.

Ekspert hesab edir ki, yerli QHT-lər beynəlxalq təşkilatlarla
işlədiyinə görə onların bank hesabları dondurulur. “Məsələn, KIV-ə,
QHT-lərə və ya gənclərə dəstək fondlarından vəsait alan təşkilatlarla
bağlı araşdırma yoxdur”. 

 Məmmədli mövcud cinayət işindən də danışıb. “Bu cinayət işi
beynəlxalq QHT-lərə qarşı yönəlib və hətta Avropa Komissiyasının,
Azərbaycanda ofisi olmayan Danimarkanın Mediaya Dəstək Təşkilatının,
NDI-nin və başqa təşkilatların adı keçir”. 

Ekspert hesab edir ki, istintaqın müddəti olmalıdır. “Əgər istintaq
apreldə başlayıbsa və iyul ayında bir nəticə yoxdursa, bu, təşkilatın
fəaliyyətinin faktiki dayandırılması deməkdir. Vətəndaş cəmiyyətini bu
cür fəaliyyətsiz qoymaq olmaz. Bu ölkənin imicinə ziyandır və
strukturların hüquqa uyğun işləməsinə dair şübhələr yaradır”. 

Məmmədli bildirib ki, Azərbaycan AŞ Nazirlər Kabinetinə sədrlik edən
bir dövlət kimi Avropa dövlətləri arasında nüfuzunu qoruması üçün QHT
sektoruna əsassız hücumları dayandırmalıdır. “Hökumət QHT sektoruna
qarşı tolerant olmalıdır və dəstəkləməlidir, çünki QHT sektoru hökumət
qurumlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirir”. 

Ekspert ölkədə açıq cəmiyyətin formalaşması üçün vətəndaş cəmiyyəti
institutlarının güclənməsinə böyük ehtiyac duyulduğunu bildirib.
“Azərbaycan Avropaya inteqrasiya yolunda olduğunu bəyan edir.
Inteqrasiya isə azad və basqıya məruz qalmayan vətəndaş cəmiyyətinin
nəzarəti derməkdir”.

Məmmədli həmçinin Azərbaycanda qanunvericilikdə qeyri-kommersiya
strukturlarına nəzarətin kommersiya strukturlarından daha çox olduğunu
deyib. “Qeyri-kommersiya institutları kiçik qrantlar, ianələr hesabın
maliyyələşir və böyük nəzarətlə qarşılaşır. Böyük məbləğlərdə vəsaitləri
olan kommersiya qurumlarına qarşı isə daha sadə nəzarət var”, deyə o
qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31