"Bizə güclü müttəfiq lazımdır"

19.07.2014 - 11:41

“Rusiyanın Ukrayna böhranından salamat çıxıb-çıxmayacağı məlum deyil”

“Rusiyanın Ukrayna böhranından salamat çıxıb-çıxmayacağı məlum deyil”

Vəfa Quluzadə: “Hakimiyyət ABŞ-ın Milli Demokratiya İnstitutunun və USAİD-in fəaliyyətini özü üçün təhlükə sayır”

ABŞ Konqressi Rusiyanın təcavüzünün qarşısının alınması haqqında
qanun layihəsini ikinci oxunuşda qəbul etməsi maraqlı situasiya yaradıb.
Konqress ABŞ prezidentinə bir süra keçmiş sovet ölkələrinin, o sıradan
Azərbaycanın təhlükəsizliyini təmin etməsi üçün addımlar atmağa çağırır.
Yaranmış situasiyada Rusiyanın aqressiyasının fonunda atılan bu addım
necə qiymətləndirilməlidir? Ümumiyyətlə, Azərbaycanın təhlükəsizliyinə
bu səviyyədə cavab verilməsi nədən xəbər verir. Mövzu ilə bağlı bu və
başqa sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.

– ABŞ Konqressinin qəbul etdiyi qərar olduqca əhəmiyyətlidir.
Azərbaycan gərgin situasiyadadır. Azərbaycan Ermənistanla müharibə
vəziyyətindədir və 20 faiz torpağı işğal altındadır. Yəni bu günə qədər
heç bir tərəf Azərbaycanın təhlükəsizliyinə təminat verməyib. Amma
Azərbaycan Qərb üçün olduqca əhəmiyyətli ölkədir. Ukrayna hadisələrindən
sonra Azərbaycana dəfələrlə hədələr yönəlib. Bu olduqca təhlükəli
haldır. Ona görə Azərbaycanın təhlükəizliyinə təminat lazımdır. Mən hələ
90-cı illərdə Azərbaycanda NATO bazalarının yerləşdirilməsi bəyanatını
verəndə bu, ciddi əks-sədaya səbəb oldu. Amma sonradan məlum oldu ki,
buna ciddi münasibət var və nə zamansa bu reallaşacaq. Qərb müttəfiqinin
təhlükəsizliyini təmin etmək üçün belə bir forma seçib. ABŞ-ın
Azərbaycanla yanaşı bir sıra postsovet ölkələrinin təhlükəsizliyinə
təminat verməsi əsgəri əməkdaşlığın dərinləşməsi deməkdir. Bunu müxtəlif
yollarla etmək olar. Birincisi, Azərbaycan Avropaya çox yaxındır.
NATO-nun isə Avropada güclü əsgəri bazaları var. Digər tərəfdən, NATO
üzvü olan Türkiyə Azərbaycanın yaxın müttəfiqidir. Yəni Azərbaycanın
təhlükəsizliyini hər hansı yol ilə təmin etmək olar. Bunun üçün sadəcə
siyasi iradənin nümayişi gərəkdir. ABŞ artıq belə bir siyasi iradə
nümayiş etdirib və bu, vaxtında atılan addımdır. Çünki, Ukraynadan sonra
Azərbaycan Rusiyanın təzyiqinə məruz qala bilərdi. Hazırda Rusiya
Azərbaycana göstərdiyi təzyiqlərlə bizi Gömrük Ittifaqına üzv qəbul
etmək istəyir. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini
müdafiə etmək üçün bizə güclü müttəfiq lazımdır. ABŞ açıq şəkildə etiaf
etdi ki, Azərbaycana yaxın müttəfiqi kimi yanaşacaq.

“ABŞ öz maraqlarını Rusiyaya qurban verməyəcək”

– Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar öz
təhlükəsizliklərini təmin etməyə qadirdir. Azərbaycan ABŞ-dan gələn
təhlükəsizliyin qorunması təklifinə mənfi reaksiya verərsə bunun hansı
nəticələri ola bilər?

– Rusiya Konqressin bu cür qərar qəbul
etməsindən sözsüz ki, çox narazıdır. ABŞ bu qərarı qəbul edəndə heç
soruşmayıb. Çünki, ABŞ Azərbaycanı özü üçün strateji ölkə sayır. Amerika
Azərbaycanın suverenliyini qorumaqla öz maraqlarını qorumuş olur. Yəni
ABŞ öz maraqlarını Rusiyaya qurban verməyə hazırlaşmır. Bu istiqamətdə
isə ABŞ Azərbaycanla məsləhətləşməyib. Çünki şərait yaranarsa,
Azərbaycan Rusiya ilə döyüşən deyil. Bunu ABŞ edəcək. ABŞ Azərbaycan
ciddi təzyiqlə üzləşərsə Rusiyaya qarşı yeni addımlar atacaq.
Azərbaycanın “biz suverenliyimizi özümüz qoruya bilərik” bəyanatları bir
qədər şüar xarakterlidir. Çünki, Rusiya Ukrayna və Gürcüstana qarşı
reallaşdırdığı aqressiyanı Azərbaycanın da ünvanına yönəltsə, biz nüvə
dövləti ilə müharibəyə dözmərik. Biz 20-ci ildə də müstəqiliyimizi
qorumağa çalışdıq. Azərbaycan ordusu onun üzərinə gələn “qızıl ordunun”
əsgərləri ilə savaşa girdi. Amma biz məğlub olduq. Hazırda da əgər
Rusiya Avropanın qapısında olan 50 milyonluq bir dövlətə qarşı təcavüz
siyasəti aparırsa, Azərbaycan bunu nəzərə almalıdır. Rusiya hesab edir
ki, Ukraynadan sonra kiçik dövlətlərin gözünü qorxudub. Bəlkə də bizim
gözümüz qorxa bilər. Amma bizim dövlətə qarşı təcavüz reallaşacaqsa,
artıq biz əmin ola bilərik ki, suverenliyimizi qoruya biləcəyik. Çünki,
bizim arxalana biləcəyimiz ABŞ var.

“Azərbaycanın Qərb üçün önəmi daha artıqdır”

– Azərbaycanın assosisiaya müqaviləsinə imza atması hələ də
qeyri-müəyyən olaraq qalıb. GUAM-da yeganə Azərbaycan bu sazişi
imzalamayıb. Amma bu arada Qərb Rusiyanın “Cənub axını”layihəsindən
imtina edərək “Tranxəzər” kimi proyektlərin reallaşmasında maraq ifadə
edir. Belə olan halda Azərbaycan hansı addımları atmalıdır? Qərbin
Rusiyaya qarşı mesajları dayanıqlı sayıla bilərmi?


Azərbaycan Avropa Birliyinin Assosiasiya Sazişi imzaladığı ölkələrdən
daha əhəmiyyətlidir. Çünki Qərbin enerji layihələrini yalnız
Azərbaycanın vasitəsilə həyata keçirmək olar. Azərbaycanın bu enerji
layihələrinə “hə” deməsi ölkəmizi Qərbin yaxın müttəfiqinə çevirəcək.
Düşünürəm ki, Azərbaycan bu layihələrə razılıq verəcək. 1994-cü ilin
sentyabrında Azərbaycanın Qərb şirkətləri ilə neft müqaviləsi
imzalayacağını heç kim gözləmirdi. Rusiya hesab edirdi ki, bu
kontraktlar hazır deyil və onların reallaşması hələ uzun çəkəcək. Çünki
bu kontraktların imzalandığı dövr Azərbaycanın yeddi rayonuni işğaldan
sonrakı mərhələyə təsadüf edirdi. Rusiya Azərbaycanın belə bir addım
atacağına inanmırdı. Hazırda da Rusiyanın gələcək təzyiqlərindən
Azərbaycanı qorumaq üçün ölkəmiz Avropa Birliyinin son təklif etdiyi
enerji layihələrini gerçəkləşdirməlidir. Bundan sonra Rusiya Azərbaycana
qarşı təzyiq edə bilməz. Hələ Rusiyanın hazırkı Ukrayna böhranından
salamat çıxıb-çıxmayacağı məlum deyil.

– Azərbaycandakı prezident seçkisindən öncə Rusiya ilə
ölkəmiz arasında gərginlik hökm sürürdü. Amma Putinin Azərbaycana
səfərindən sonra bu gərginlik aradan qalxdı və münasibətlər normallaşdı.
Hazırda Rusiya ilə münasibətlərdə gərginlik yenidən müşahidə olunur.
Bunun səbəbi nədir və bu gərginliyin aradan qalxma ehtimalı varmı?


Öncə gəlin, prezident seçkisi ərəfəsində olan gərginliyi nəzərdən
keçirək. Bu gərginlik Azərbaycan üçün heç nə vermədi. Rusiyada
Azərbaycan vətəndaşlarının sıxışdırılması bir nəticə vermədi. Nəticədə
Rusiya gördü ki, bütün bu metodlar Azərbaycana batmaq üçün işə yaramır.
Hazırda isə Rusiya istəyir ki, Azərbaycan bəyan etsin ki, biz Gömrük
Ittifaqına qoşuluruq. Amma Azərbaycan belə bir addım atmayacaq. Çünki,
bu ittifaqa qoşulmaq Azərbaycanın milli maraqlarına ziddir. Hakimiyyət
gözəl bilir ki, belə bir addımın atılması ilk növbədə onun özünə təhlükə
yaradacaq.

– Baş verən proseslərdə maraqlı məqam ondan ibarətdir ki, son
zamanlar Qərblə işləyən QHT-lərə qarşı hücumlar var. Eyni zamanda
ABŞ-ın USAID və Milli Demokratiya Institutunun fəaliyyətinə də ciddi
əngəllər törədilir. Hakimiyyəti narahat edən nədir? Bu tip addımların
atılmasının səbəbi nədən qaynaqlanır?

– Azərbaycan
hakimiyyəti özünə təhlükə gördüyü hər hansı bir fəaliyyətlə mübarizə
aparacaq. Hər ölkədə özünün oyun qaydaları var. Azərbaycan hakimiyyəti
özünü qoruyur. Belə görünür ki, Azərbaycan hakimiyyəti Milli Demokratiya
Institutu və USAID-in fəaliyyətini özü üçün təhlükə sayır və
qəbulediməz qiymətləndirir.

“Ərdoğan istədiyi zaman sərhədləri aça bilməz”

– Türkiyə parlamentində Azərbaycanla bağlı maraqlı fikir
səslənib. Deputatlardan biri bəyan edib ki, Azərbaycanda “Gülən
məktəbləri”nin bağlanmasının səbəbi baş nazir Ərdoğanın Azərbaycan
hakimiyyətinə təzyiqləri olub. Ərdoğan məktəblərin bağlanmayacağı
təqdirdə Ermənistanla sərhədlərin açılacağını bəyan edib. Bu bəyanat nə
dərəcədə əsaslı sayıla bilər?

– Hesab edirəm ki, Ərdoğanın
istədiyi vaxt Ermənistanla sərhədləri açmaq imkanı yoxdur. Çünki
Ermənistanla sərhədlərin açılmasını Rusiya istəmir. Rusiya Ermənistan
siyasətini elə yönəldir ki, Türkiyə buna qarşı çıxa bilməz. Ermənistan
Türkiyəni soyqırımda ittiham edir, o, bu dövlətə qarşı ərazi
iddialarından əl çəkməyib. Belə olan təqdirdə Türkiyə Ermənistanla
sərhədləri nə cür aça bilər? Ərdoğanın belə bir səpkidə hədə ilə çıxış
edəcəyini inandırıcı saymıram. “Gülən məktəbləri” ilə bağlı Azərbaycanın
daxilində də belə bir fikir səslənir ki, məktəblər məhz Ərdoğanın
təzyiqi ilə bağlanıb. Bu məktəblər çox gözəl işləyirdilər. Lakin bu
məktəblər pullu idi və gəlirləri var idi. Deməli, Fətulah Gülənə bu
məktəblərdən gəlir daxil olur. Amma burada ağıllı addım atmaq lazımdır.
Axı bizim uşaqların günahı nə idi ki, onlar bir günün ərzində küçəyə
atılsınlar. Türkiyənin özündə bu məktəblər milliləşdirilib və Təhsil
Nazirliyinə verilib. Eyni addımı bizdə də atmaq olardı. Bu cür qərar
maraqlarımıza uyğun olardı. Ərdoğanın hədələrindən qorxaraq məktəblərin
bağlanması bizə yaraşmayan addım olardı.

– Türkiyədə prezident seçkisi ərəfəsində yaranan durumu necə
dəyərləndirirsiniz? Belə bir təsəvvür yaranıb ki, Ərdoğan siyasi
rəqibləri tərəfindən təklənib. CHP, MHP ilə yanaşı digər siyasi
qüvvələr, eks prezident Süleyman Dəmirəl, Gülən camatı da Ihsanoğlunu
dəstəkləyir…

– Seçki öncəsi Türkiyədə siyasi proseslər
gərginləşib. Türkiyədə demokratik ənənələr geniş yayılıb. Türkiyədə
hazırda hakimiyyət uğrunda mübarizə gedir. Burada hər şeyi türk xalqı
müəyyən edəcək. Ona görə indidən bəyan etmək ki, Türkiyədə seçkilərin
nəticələri necə olacaq, doğru olmaz. Kifayət qədər gərgin mübarizə
gedəcək və demokratik seçki nəticəsində prezident seçiləcək.

“Təyyarənin vurulması Putinin sonunu yaxınlaşdırır”

– Ukrayna səmasında Malaziyaya məxsus təyyarənin vurulması
insidenti hansı nəticələr doğura bilər? Sübutlar Rusiyaya qarşı yönəlsə
də Kreml ona yönələn ittihamları inkar edir…

– Bu qəzanın
səbəblərini Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətdə axtarmaq
lazımdır. Rusiya Ukraynadakı sabitliyi pozmağa çalışır. Rusiya KIV-ləri
Ukrayna hakimiyyətini fərasətsizlikdə ittiham edir. Təyyarənin
separatçılar tərəfindən vurulması az inandırıcıdır. On kilometr
hündürlükdə uçan təyyarəni təcrübəli komanda vura bilər. Hazırda məlum
olur ki, bu təyyarə Rusiyaya məxsus zenit-raket kompleksi olan “Buk”
silahı ilə vurulub. Hazırda bu silahı izi itirmək üçün təkrarən Rusiyaya
aparıblar. Yəqin ki, ruslar bu təyyarənin Ukraynaya məxsus olduğunu
düşünüb və belə bir addım atıb. Bu, Putin üçün böyük bir problem olacaq.
Çünki beynəlxalq aləm bu məsələnin ciddi araşdırılmasını tələb edəcək.
Rusiya aqressiyası getdikcə çökməkdədir.(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9795

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31