"Sovetski" sakinlərinə bina tikmək istəyənlərə elə torba tikdilər ki!

19.07.2014 - 11:57

“Des Consulting” barədə cinayət
işinin şok səbəbləri

Şirkət rəhbərləri “Sovetski” sakinlərinin
problemini həll etmək üçün təkliflərini açıqladıqdan cəmi 24 saat sonra
barələrində cinayət işi açılıb; tikinti sektorundakı mənbələr cinayət
işinin sifarişli olduğunu deyir və bunu şirkətin təkliflərinin tikinti
mafiyasının maraqlarına zidd olması ilə izah edirlər

 

Baş Prokurorluq “Des Consulting”
Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinə qarşı Cinayət
Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlandığı barədə məlumat
yayıb. Bu şirkət iyulun 15-də “Sovetski” sakinlərinin mənzil problemini
həll etmək üçün 16 mərtəbəli, 810 mənzilli bina tikintisi layihəsi
hazırladığı barədə cəmiyyətə məlumat vermişdi.

 
Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı Şəhər Baş Polis
İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılıb. Prokurorluq və
polis idarəsinin birgə məlumatında deyilir ki, vəzifəli şəxslər
vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara
məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin bu
fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də
müəyyən edilib. Maraqlıdır ki, şirkət tikinti işlərini öz vəsaiti ilə
həyata keçirəcəyini iddia etməyib: bunun üçün tender yolu ilə
çoxmərtəbəli binalar tikməyə lisenziyası olan “Həyat İnşaat” şirkətini
cəlb edib. “Des Consulting”in vəzifəli şəxsləri ilk izahatlarını
veriblər. İzahatlara əsasən, binanın tikilməsinin layihə qiyməti 17
milyon manat olub.        
Yada salaq ki, “Des Consulting” şirkətinin rəhbərliyi iyulun 15-də
mətbuat konfransı keçirərək “Sovetski” sakinlərinin problemini sadə
yolla – mənzil-tikinti kooperativi yaratmaqla həll etmək niyyətini
bildirmişdi. “Sosial layihə” kimi təqdim edilən ideyadan şirkət yaxşı
gəlir gözləyirdi.
“Des Consulting” şirkətinin prezidenti Asif Hacıismayılov
bildirmişdi ki, Bakının Gəncə prospektində 16 mərtəbəli bina tikintisi
layihəsi hazırlanıb. On bloklu binada 810 ailə yerləşdirmək
planlaşdırılır: “Hesablamalara görə, təmirsiz mənzilin 1 kv metri 380
manata təklif edilir. Sakinlər yaşadıqlarından iki dəfə çox mənzil
sahəsi ala bilər.
İdeyaya əsasən, kooperativ üzvləri 100 faiz pay iştirakı ödəyəcək.
Pay fondunun 80 faizi formalaşandan sonra seçilən tikinti şirkəti
(“Həyat İnşaat”) tikintiyə başlayacaq. Bina 18 aya istismara veriləcək.
Mətbuat konfransında aydın olub ki, şirkət bina tikintisi üçün
torpaq almaq niyyətində deyil. Şirkət rəhbərliyi hesab edirdi ki, Bakı
Şəhər İcra Hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi ilə
uzunmüddətli istifadə üçün torpaq sahəsi ayıracaq. Bunun üçün dövlət
başçısına müraciət edilməlidir. Tədbirdə oxunan müraciət mətnində
prezidentdən xahiş edilirdi ki, layihəyə dəstək versin.
Layihənin şərtlərinə görə, binanın birinci mərtəbəsi “Des
Consulting” şirkətinə çatmalı idi. Ancaq mətbuat konfransından cəmi 24
saat sonra gözlənilmədən şirkət rəhbərliyinə qarşı cinayət işi açılıb.
Bu da istər-istəməz şübhəli məqamlara yol açır. Əgər şirkət həqiqətən də
dələduzluqla məşğul idisə, onda niyə mətbuat konfransı keçirir və
ideyalarını ictimailəşdirir, üstəlik, prezidentdən dəstək gözləyirdi?
Axı adətən dələduzlar üzdə olmağı sevmir, maksimum dərəcədə kölgədə
qalmağa üstünlük verirlər. Həm də əgər dələduzluq faktları olsaydı belə,
niyə cinayət işi mətbuat konfransından dərhal sonra açılıb və dərhal da
məsələ ictimailəşdirilib? Təbii ki, bu tip suallar açıq qalıb və
yayılan məlumatlar bu məqamlara aydınlıq gətirməyib.
Tikinti sektorundakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata
görə, “Des Consulting” şirkəti təmiz reputasiyalı şirkət kimi tanınıb:
“Bu şirkətin dələduzluqla məşğul olması inandırıcı görünmür. Adətən bu
tip cinayət işləri vətəndaşların şikayətləri əsasında açılır. Ancaq
bizim bildiyimiz qədər belə şikayətçilər yoxdur. Ümumiyyətlə,
hüquq-mühafizə orqanlarının şirkət rəhbərliyi ilə bağlı bəyanatı çox
gözlənilməz oldu. Böyük ehtimalla şirkət barəsində cinayət işinin
açılması sifarişdir”.
Sifarişçinin konkret kimliyini müəyyənləşdirməkdə çətinlik çəkən
mənbə bunu paytaxtda söküntü və tikinti işlərindən böyük qazanc götürən
tikinti mafiyasının əməli kimi xarakterizə etdi: “Sifarişçinin konkret
adını demək çətindir. Ancaq görünür, şirkətin sosial layihəsi tikinti
mafiyasının maraqlarına zidd olub və tez-tələsik cinayət işinin
açılmasını sifariş ediblər. Çünki indiki bazar qiymətləri ilə müqayisədə
şirkət çox sərfəli qiymətlər təklif edirdi. Görünür, bu ideyanın
populyarlaşmasından və dəstək qazanmasından ehtiyatlanan tikinti bosları
şirkət haqda cinayət işinin açılmasını sifariş ediblər. Təbii ki,
sifarişçini tikinti boslarının arasında axtarmaq lazımdır”.
Mənbə onu da bildirir ki, şirkət rəhbərliyi haqda cinayət işinin
açılması tikinti bazarında monopoliyalaşma meyllərinin pik həddə
çatdığını göstərir: “Əvvəlcə, belə tendensiya yox idi. Şirkətləri
bazardan inzibati rıçaqların (gömrük, vergi və s.) köməyi ilə
çıxardırdılar. Sıxışdırılan şirkətin rəhbərliyi haqda cinayət işinin
açılması yeni tendensiyadır. Onsuz da bazarda oyunçuların sayı barmaqla
sayılacaq qədər azalıb. Tikinti bosları radikal addımlarla sonuncu
rəqiblərini da sıradan çıxartmaq istəyirlər”.(MUSAVAT.COM)
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9796

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31