"Boeing-777" dəhşəti: qadının cəsədi 10 min metr hündürlükdən evin içinə düşüb
Ukraynanın Donetsk vilayətində raketlə vurulan Malayziya
təyyarəsinin sərnişinlərinin cəsədləri 10 min metr hündürlükdən Snejnoye
qəsəbəsində evlərin damını deşərək içəri düşüb.
Snejnoye qəsəbəsinin sakini İrina Tipunova hadisəni belə nəql edir:
“Dəhşətli partlayış səsi eşitdim, ətrafdakı hər şey aşmağa, silkələnməyə
başladı. Ardınca göydən nələrinsə yağdığını gördüm. Bir neçə saniyə
sonra qorxunc səs gəldi və yataq otağının tavanından içəri qadın cəsədi
düşdü. Tavanda böyük dəlik yarandı”.
Qadın danışıb ki, cəsəd içəri düşməzdən əvvəl dəhşətli insan qışqırığı eşidib.
Ola bilsin ki, cəsədi Tipunovanın evinə düşən qadın sərnişin zərblə
evin damına dəyənə qədər sağ olub. Ehtimal edilir ki, təyyarə 10 min
metr hündürlükdə raket zərbəsi ilə partlayanda sərnişinlərin bir çoxu
həmin an həlak olub, qalanları isə parça-parça olan təyyarədən sağ
olaraq yerə səpələniblər və yerə dəyərək ölüblər.
Təyyarəni vuran “Buk-M1” raketinin döyüş başlığı böyük dağıdıcı gücə malikdir və onlarla kiloqram ağırlığındadır.
Qəsəbənin başqa sakinlərinin də evlərinə göydən cəsəd yağdığı
bildirilir. Cəsədlər bir çoxlarının həyətinə, evlərinin damına,
pilləkənlərin üstünə və həyətdəki meyvə ağaclarının üstünə düşüb.
Həmçinin salamat cəsədlərlə yanaşı cəsəd parçaları da qəsəbə boyu
səpələnib.
“Fox News” telekanalının şahidlərə istinadən verdiyi xəbərə görə,
Snejnoye küçələrində işıq dirəklərindən və ağaclardan asılı qalan cəsəd
parçaları, insanların daxili orqanları indi də qalmaqdadır.
Donetsk vilayət administrasiyası sədrinin müşaviri Konstantin
Batozksi isə xəbər verib ki, bu gün səhər separatçılar təyyarənin
düşdüyü yerə ağır kranlar və yük maşınları gətiriblər. Təyyarənin
salamat qalan parçaları kranlarla maşınlara yüklənib və naməlum
istiqamətə aparılıb.
Həmçinin separatçılar gecə saatlarında hadisə yerindən 37 cəsəd
aparıblar, cəsədlər məhkəmə tibbi-ekspertiza bürosundadır və həkimlər
maskalı şəxslərin müşayiəti altında işləyir.
Bu xəbərlərin ardınca Ukrayna XİN bəyan edib ki, separatçılar
Rusiyanın dəstəyi ilə bu beynəlxalq cinayətə dair dəlilləri məhv etməyə
çalışır.
“Biz beynəlxalq ictimaiyyətə müraciət edərək Rusiyanı öz
terrorçularını geri çəkməyə, beynəlxalq ekspertlərə faciəni hərtərəfli
araşdırmağa imkan yaratmağa çağırırıq” – deyə bəyanatda bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9820