Səbail rayon icra başçısı kirvəsini məsuliyyətdən necə yayındırıb?
Asif Əsgərovun müavini Yavər Allahverdiyevin gizlədilən əməli haqda ilginc təfərrüatlar
Asif Əsgərovun müavini Yavər Allahverdiyevin gizlədilən əməli haqda ilginc təfərrüatlar
Bəzi
məmurların “avtoş” balaları cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Bu, heç
kimə sirr deyil. Çünki gözünü pul örtmüş gənclərin bahalı maşınları ilə nə vaxt
və harda qarşımıza çıxacağını dəqiq bilmirik. Atalarının hesabına yeyib-içib
bahalı əyləncə mərkəzlərində istirahət edən gənclər üçün kimisə maşınla vurub
öldürmək sanki adi bir şeydir. Son aylar ərzində müxtəlif vəzifələrdə çalışan
şəxslərin övladlarının törətdikləri ağır yol nəqliyyat hadisələrinin sayı
durmadan artmaqdadır.
Düzdür,
aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları cəmiyyətdə özünü apara
bilməyən məmur balaları ilə bağlı lazımi cəza tədbirləri həyata keçirirlər.
Amma bu, bəzi məmurların və onların övladlarının özbaşına hərəkətlərinə
birdəfəlik son qoyulması anlamına gəlməməlidir. Yəni hələ də bu sahədə ciddi
problemlər mövcuddur. Əgər dünənə kimi vəzifəli şəxslərin uşaqları müxtəlif
cinayət hadisələrini törədirdilərsə, bu gün bəzi məmurlar bilavasitə xoşagəlməz
hadisələrin iştirakçısına çevrilirlər. Yadınızdadırsa, bu ilin may ayında
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Yavər Allahverdiyev
10-AS-509 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobili ilə Salyan
şossesində yüksək sürətlə hərəkət edərək ağır yol-nəqliyyat hadisəsi törətdi.
Baş vermiş qəza nəticəsində piyadalardan Misir Şirinov hadisə yerində dünyasını
dəyişdi, digər iki nəfər isə Şəhər Kliniki Xəstəxanasına çatdırıldı. Lakin
xəsarət alanlardan Zəfər Xəlilov da xəstəxanada dünyasını dəyişdi. Xatırladaq
ki, qəzaya səbəb olan avtomobil yüksək sürətlə, deyilənə görə, 140-160-la
hərəkət etdiyi üçün vurduğu piyadalardan ikisi zərbənin təsirindən bir neçə
metr hündürə qalxıb və yolun kənarındakı reklam lövhəsinə dəyib. Zərbə o qədər
güclü olub ki, reklam lövhəsi cırılıb. Şahidlərin sözlərinə görə, hadisə
yerində dünyasını dəyişən piyadanın başı reklam dirəyinə dəyib və boynu dirəyin
dəmir parçasına ilişdiyi üçün elə oradaca ölüb. Digər piyadanın isə başı zərbə
ilə reklam lövhəsinə dəyərək yerə düşüb. Baş vermiş hadisəyə görə, Yavər
Allahverdiyevin sürücüsü Sabir Hacıkərimov saxlanılıb. Hadisə şahidləri və
yaralanan şəxslərdən biri isə qəza baş verərkən sükan arxasında Yavər
Allahverdiyevin özünün olduğunu bildiriblər. Hadisə qeydə alınandan bir neçə
dəqiqə sonra əraziyə gələn “Land Cruiser” Yavər Allahverdiyevi aparıb. Baş
vermiş yol qəzasının üstündən iki aydan çox vaxt keçməsinə baxmayaraq, icra
başçısının müavini cinayət məsuliyyətinə cəlb edilməyib. Əksinə, onun hadisədə
heç bir günahı olmayan sürücüsü həbs edilib. Məmur törətdiyi hadisəni
sürücüsünün üstünə yıxıb. Yavər Allahverdiyevin kimin və ya nəyin köməyi ilə
məsuliyyətdən yayındığını araşdıranda aydın oldu ki, bu işdə Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov amili öz sözünü deyib. Özəl qaynaqlardan
aldığımız bilgilərə əsasən, icra başçısı ilə müavini kirvədirlər və məhz bu
qohumluq əlaqəsi Yavər Allahverdiyevin həbsə gedən yolunu bağlayıb: “Səbailin
icra hakiminin himayəsi olmasaydı, müavini çoxdan həbs edilmişdi. Hadisə
şahidləri qəzanın məhz icra hakiminin müavini tərəfindən törədildiyini
bildiriblər. Rayon rəhbəri isə aidiyyəti hüquq-mühafizə orqanlarındakı
dayaqlarını məsələyə cəlb edərək müavininin məsuliyyətdən yayınmasına nail
olub. Beləcə, iki nəfəri öldürən, bir nəfəri isə ağır yaralayan məmur həbs
təhlükəsindən qurtulmağı bacarıb. Asif Əsgərovun işə müdaxilə etməsindən sonra
kirvəsinin başı üzərində dolaşan “qara bulud”lar çəkildi”. Mənbənin
bildirdiyinə görə, hadisənin mətbuatın gündəmindən çıxmasında da icra
başçısının “xidmət”ləri olub: “Səbailin rəhbəri bəzi mətbuat orqanlarını
nəyinsə müqabilində ələ almağı bacarıb. Onun xahişindən sonra hadisəni manşet
edən qəzet və saytlar bir andaca məsələni gündəmdən çıxardılar. Bununla da
Yavər Allahverdiyevin törətdiyi ağır cinayət unuduldu”. İki nəfəri öldürüb,
birini ağır yaralayan icra başçısının müavininin cəzasız qalması qanunların
fiaskoya uğraması deməkdir. Belə çıxır ki, mövcud qanunlar bəzi məmurlar və
onların uşaqları üçün keçərli deyil və ancaq kasıb təbəqənin nümayəndələri üçün
nəzərdə tutulub. Cinayət Məcəlləsinin Yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma maddəsinə görə, avtomobil, tramvay və
ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti
və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər
vurulmasına səbəb olduqda üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum
edilməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə
tutulmuş əməllər iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək
müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş
ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9841