Azərbaycan əhalisinə kanalizasiyadan çıxarılan duzu yedirirlər

20.07.2014 - 20:30

“Əhalinin yodlaşdırılmış, keyfiyyətli duzla təminatı işini
yaxşılaşdırmaq məqsədilə Masazır gölü ətrafında tikilən zavodun istehsal
etdiyi məhsulun xammalı birbaşa kanalizasiya sularının axıdıldığı
göldən çıxarılır”.

Masazır sakinlərinin bir qrupunun virtualaz.org saytına ünvanladığı müraciətdə belə deyilir.

Müraciət müəllifləri bildirib ki, Masazır qəsəbəsində, gölün
qırağında tikilən “Qurtuluş” yaşayış kompleksinin və ətrafdakı fərdi
evlərin kanalizasiya suları hazırda birbaşa həmin ərazidə duz çıxarılan
gölə axıdılır. Bununla da “Azərsun Holding” şirkətinin bu gölün
ətrafında duz çıxarmaq üçün tikib 2010-cu ildə istifadəyə verdiyi
Masazır Duz Zavodunun məhsullarının keyfiyyəti sual altına düşür…

Virtualaz.org saytının müxbirləri
redaksiyamıza daxil olan bu şikayəti araşdırmaq üçün adıçəkilən ərazidə
olub. Əməkdaşımızın müşahidələri, zavodda işləyən bəzi işçilərlərlə və
yerli sakinlərlə söhbət zamanı əldə etdiyi məlumatlar deyilənlərin
gerçək, vəziyyətin isə təsvir edilənlərdən də ağır olduğunu sübut edib.

Masazır Duz Zavodunun xammal çıxardığı göllər ətrafdakı yaşayış
evlərinin kanalizasiya sularının “son ünvanı, son dayanacağı”dır. Belə
ki, gölün ətrafında yeni salınan yaşayış kompleksinin və fərdi evlərin
kanalizasiya boruları birbaşa gölə birləşdirilib. Fərdi evlərin bir
hissəsinin çirkab sularını isə gölə balaca arx və novlar çatdırır.

Maraqlıdır ki, bu idbar mənzərə heç kimdən də gizlədilmir. Hər
şey açıq şəkildə göz qabağındadır. Bunu o cümlədən Masazırdan keçməklə
hər gün şəhərdən Novxanıdakı bağ evlərinə və geriyə gedib-gələn yüksək
rütbəli məmurlar, səlahiyyətli şəxslər də görə bilərlər. Əgər
istəsələr…

Təkcə görmək də kifayət etməsə, duymaq da olar. Çünki ətrafı
başçatladan üfunət iyi basıb. Ətrafda yaşayan sakinlər həm də bu iydən
gileylənir. Onları yedikləri duzun hansı zibilin içindən çıxarılması,
təmizliyi, keyfiyyəti yox, daha çox bu üfunət qoxusu narahat edir…

Qeyd edək ki, Masazır Duz Zavodu Azərbaycanın duza olan tələbatının
əsas hissəsini təmin edir, zavod hətta xaricə də məhsul ixrac edir.
Zavod istifadəyə verildikdən sonra Azərbaycana Ukrayna, Türkiyə və
Rusiyadan idxal edilən duzun miqdarı xeyli azalıb. Son 4 ildə ölkəyə duz
idxalı 30,9 min tondan (2010-cu il) 16 min 220,4 tona düşüb.

Bunlar yaxşıdır. Burada pis olan cəhət əhalini yodlaşdırılmış,
keyfiyyətli duzla təmin etməyi qarşısına məqsəd qoyan “Azərbaycan Duz
İstehsalat Birliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Masazır gölü
ətrafındakı rüsvayçı vəziyyətə müdaxilə etməməsi, yaxud etmək
istəməməsidir.

Doğrudur, duz zavodu tikiləndən sonra gölün bir hissəsi indi çirkab
suların axıdıldığı ərazidən torpaq bəndlə ayrılıb. Kanalizasiya suları
göldən torpaq bəndlə ayrılan hissəyə ötürülüb. Bununla da çirkab
sularının gölün əsas hissəsi ilə birləşməsinin qarşısı alınıb. Ancaq
sonradan həmin bəndin bir hissəsi kimlərsə tərəfindən nə məqsədləsə
dağıdılıb. Yəni indi kanalizasiya suları Masazır gölünün sularına
qarışır.

Fotoda sağ tərəfə diqqətlə baxın. Bənd dağıdılıb.

Xatırladaq ki, Masazırda belə bir duz rafinasiyası
zavodunun inşasında məqsəd yod çatışmazlığı probleminin birdəfəlik həll
edilməsi idi
. Bununla da 2007-ci ildə İqtisadi İnkişaf
Nazirliyinin nəzdindəki Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və
“Azərsun Holding” 75 faiz paya sahib olmaqla Azərbaycanda ilk duz
rafinasiyası zavodu tikildi. Lakin Azərbaycan İnvestisiya Şirkəti bu
layihədən 2012-ci ildə imtina edib.

Əvvəlcə yodlaşdırılmış adı ilə bazara çıxarılan duzun qiyməti əvvəlki
illərə nisbətən bahalaşıb. 2005-ci ildə 1 kq duz 20-40 qəpik idisə,
indi 0,4-1,5 manatdır. Qiymət artımına bazarda saxta malların azalması
ilə haqq qazandırılır.

Masazır Duz Zavodu tikildikdən sonra duz istehsal edən kiçik sexlər
müxtəlif səbəblərlə bağlandı. Vergilər Nazirliyinin məlumatına görə,
onlar tələblərə cavab vermirdi. Sexlərin əksəriyyətinin bağlanma səbəbi
kimi onların yodlaşdırılmış duz istehsalı üçün lazımi şəraitə malik
olmaması göstərilirdi.

“Azərbaycan Duz İstehsalat Birliyi” QSC-də 110 işçi çalışır. Masazır
gölü ətrafında olarkən bu işçilərdən bir neçəsi ilə rastlaşdıq. Onlarla
ayaqüstü danışmaq imkanımız oldu. İşçilərin dedikləri isə bizim
gördüklərimizdən daha dəhşətli idi. Təzyiqlərlə üzləşəcəklərindən,
işlərini itirəcəklərindən ehtiyatlanan işçilər adlarını açıqlamamaq
şərti ilə maraqlı məlumatlar verdilər.

Onların sözlərinə görə, zavod hazırda göldən xammal çıxarılmasına üstünlük vermir.

“Zavoda əsasən bir neçə yüz metr aralıda olan başqa bir xırda göldən
duz gətirilir. Bu gölün vəziyyəti daha bərbaddır. İşçilər kanalizasiya
suyunun içərisindən duz çıxarır. Üfunət iyindən işləmək mümkün deyil.
Bir tərəfdən isti, digər tərəfdən çikrab sularının başçatladan murdar
iyi… Amma nə edəsən?! Hər kəs bir tikə çörək üçün məcburdur” – deyə
üst-başı çirkab və duz içində olan işçilər deyir.

Zavod işçilərinin söylədiklərində başqa bir maraqlı məqam da var.
Belə ki, Masazır gölünün duzu daha təmiz olsa baxmayaraq hazırda ondan
istifadə olunmur. İşçilər bunun səbəbini bilmədiklərini dedilər.

Duz çıxarılan gölün hansı vəziyyətdə olması işçilərin bu sözləri ilə
bir daha aydın olur: “Zavodun bütün zibili bizim duz çıxardığımız gölə
tökülür. Masazır gölünə əvvəllər də kanalizasiya suları axıdılıb. Amma
onda ətrafda evlər az idi deyə göl də o qədər çirklənmirdi. Ancaq indi
gördüyünüz kimi, burada nə qədər yeni evlər tikilib, bütöv məhəllələr,
qəsəbələr salınıb. Bu qədər evin kanalizasiya sularını hara axıdacaqlar?
Əlbəttə ki, duz çıxarılan bu göllərə. Biz duzu, necə deyərlər
kanalizasiyadan, zir-zibilin içindən çıxarıb zavoda aparırıq. Orada necə
təmizlənir, bazara necə çıxarılır – bunu bilən yoxdur”.

Azərbaycanı duzla təmin edən əsas zavodun göz qabağında olan bu
vəziyyəti adamı dəhşətə gətirir. Vətəndaşları yodlaşdırılmış duzla təmin
etmək missiyasını yerinə yetirməli olan zavodun o duzu birbaşa
kanalizasiya sularının içindən çıxarıb süfrəmizə göndərəcəyi kimin
ağlına gələrdi?!

Sonda prezident İlham Əliyevin 2010-cu il, iyulun 21-də zavodun
açılışındakı çıxışından bir neçə cümləni xatırladaq. Dövlət başçısı bu
fikirləri dilə gətirmişdi: “Bu gün Azərbaycanın iqtisadi həyatında
doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün
Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda
yüksək keyfiyyətə malik olan duz istehsal olunacaq. Bu zavodun
yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir
istehsalat sahəsi yaradılıb ki, bu da bizim iqtisadi siyasətimizin əsas
istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıb,
texnoloji proses də dünya standartlarının üstündədir. Zavodda yeni iş
yerlərinin açılması məsələsi həll olunur, bu da bizim siyasətimizin
istiqamətlərindən biridir. Eyni zamanda bu gün artıq burada qeyd
olunduğu kimi, bu duz insanların sağlamlığı üçün də çox vacibdir.
Azərbaycan vətəndaşları artıq yodlaşdırılmış duzu, yəni emal edilmiş,
təmizlənmiş duzu istehlak edəcəklər”.

O vaxtdan 4 il keçib. Necə deyərlər, çox sular axıb. O cümlədən çirkab suları, kanalizasiya suları.

P.S. Bu biabırçılığa nə vaxt son qoyulacağını öyrənmək üçün
ərazi mənsubiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə telefon açdıq.
Cavab qısa oldu: “Binəqədinin ərazisidir, onlara deyin”.

Binəqədi RİH-dən aldığımız cavab belə oldu: “Ora Abşeron baxır, onlardan soruşun”.

Bizsə “Masazır” deyəndə fikri-zikri boş torpaq tapıb-qapıb satmağın
yanından başqa heç yerdə olmayan abşeronlu və binəqədili məmurların
şənbə günü yəqin ki, bekarçılıqdan başladığı bu “ötür-ötür oyun”una
qoşulmaq istəməyərək iş görmək, yəni reportaja son nöqtəni qoymaq qərarı
verdik. Masazır gölünün acınacaqlı vəziyyəti ilə bağlı qərarı isə yəqin
“yuxarılar”, daha səlahiyyətli instansiyalar verər…

Short URL: http://www.cumhuriyyet.net/?p=9849

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31