Həsən Şirinov prezidentin kortejindən çıxarıldı
Prezident İlham Əliyevin kortejinin bir neçə gün əvvəl tıxaca
düşməsi dövlət başçısının hərəkətinin təhlükəsizliyinə cavabdeh olan
yüksək vəzifəli şəxslərin buna görə cavab verməsi ilə nəticələnib. Həmin insident
prezident İlham Əliyev Gürcüstanın sabiq dövlət başçısı Eduard
Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün bu ölkənin
Bakıdakı səfirliyinə gedərkən baş vermişdi.
Prezidentin kortejini həmişə olduğu kimi bu dəfə də Bakı Şəhər Baş
Dövlət Yol Polisi İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov
müşayiət edib. Lakin general H.Şirinovun sürücüsü səhlənkarlığa yol
verib, nəticədə prezidentin korteji Teymur Əliyev küçəsində tıxaca
düşüb. Prezident kortejini müşayiət edən general H.Şirinovun əyləşdiyi
avtomobilin sürücüsü yolu qarışdıraraq səhvən “Gənclik” tərəfə aparan
tunelə girib.
Məlumatlı mənbələrin sonradan verdiyi məlumata görə, bu insidentin
əsas səbəbi generalın sürücüsünün yol verdiyi səhvdir. Sürücü lazımi
döngədən dönmək əvəzinə onu ötüb keçib, bununla da əvvəlcədən
hazırlanmış marşrutun planı dəyişib.
Məlumata görə, prezidentin korteji tıxacdan çıxandan sonra Həsən
Şirinovun avtomobili prezident kortejindən, generalın sürücüsü isə polis
orqanlarından xaric edilib.
Qeyd edək ki, H.Şirinovun sürücüsünün yol verdiyi bu səhv ucbatından
prezident İ.Əliyev təxminən 15-20 dəqiqə tıxacda qalıb. Bununla belə
başda general Vaqif Axundov olmaqla prezidentin mühafizə xidməti
operativlik göstərərək vəziyyətdən dərhal çıxış yolu tapıb. Nəticədə
dövlət başçısının korteji tıxacdan çıxıb və yoluna davam edib. Məlumatlı mənbələrdən virtualaz.org saytına verilən
xəbərdə deyilir ki, bu səhv general Şirinova çox baha başa gəlib. Belə
ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini,
general-mayor Həsən Şirinov ötən həftə prezidentin kortejindən xaric
edilib. Bundan sonra prezident İ.Əliyevin kortejini Bakı Şəhər Baş
Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov özü müşayiət
edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=9866