İstanbulda azərbaycanlı transseksuallar
Azərbaycandan qaçan transseksuallarla söhbətdən məlum olur ki, ən böyük problemləri polislərlə münasibətdir
“Biz gey-parad zad istəmirik, istəyirik ki, bizə
insan kimi baxsınlar. Başqa istəyimiz yoxdu Azərbaycandan”. 23 yaşlı
Lalə, transseksual qadın belə deyir.
Lalə Azərbaycanda öz cinsi kimliyi ilə yaşamaqda
çətinlik çəkdiyi üçün Türkiyəyə köçənlərdən biridir, o bura bir ilə
yaxındır ki, köçdüyünü deyir. “Türkiyədə başqa cürdür vəziyyət, imam o gün çıxıb televiziyada deyirdi
ki, transları dışlamayın, bəlkə, onlar da imana, dinə gəldilər. Əslində
günah olan şey bizi dışlamaqdır. Dışlayırsan, onlar da başqa yollara
düşmək məcburiyyətində qalırlar. Ölkəmiz, şəhərimiz gözəldi, hə, amma
biz onu görmürük, biz onu yaşaya bilmirik. Azad ölkədə biz azad
deyilik”, – deyir Lalə.
İstanbulda insan haqları yürüyüşlərindən birində azərbaycanlı
transseksuallara rast gəldim. Əldə etdiyim məlumatlara istinadən deyə
bilərəm ki, İstanbulda aşağı-yuxarı 20 azərbaycanlı transseksual
yaşayır. Qanuni əsaslarla yaşayanları da var, qaçaq yolla bura
yerləşənləri də.
“Burda görürsüz də, bir transı öldürdülər, az
qala bütün Türkiyə ayağa qalxmışdı. Amma bizdə belə deyil. Çıxsaq bir
dəfə “Torqovı”ya mitinqə, polis salar dubinkanın altına”, bunu deyən isə
Gülnardır. O, 2004-cü ilə qədər ikili həyat – gündüzlər kişi, axşamlar
qadın görünüşündə yaşasa da, 10 ildir ki, tam qadın həyatı sürdüyünü
bildirir.
“Zirzəmidə zəncirlədilər”
“Biz bibiuşaqları, əmiuşaqlarımla bir həyətdə
yaşayırdıq. 5 bibim oğlu var, 2 qardaşım. 7 oğlan məni şəhərdə ələm-ələm
axtarırdılar. Məni tutdular bir dəfə şəhərdə, döydülər, zəncirlədilər,
zirzəmidə saxladılar. 10 gün zəncirdə zirzəmidə qaldım. Axırda bacım
gəldi zəncirlərimi açdı, qaçırtdı məni evdən. Ondan sonra sənədlərimi
düzəltdim, gəldim Türkiyəyə”.
Gülnar il yarım Türkiyədə qaçaq kimi yaşayıb.
Günün birində deportasiya edilməklə 5 il Türkiyəyə girişi yasaqlanıb.
Son bir ildə artıq gəlib-getmək haqqı var.
“Burda çıxırsan İstiklal küçəsində gəzirsən,
kafedə oturursan, heç kəs dönüb baxmır ki, transvestit var burda. Amma
Azərbaycanda dükana çörək almağa gedirsən, 5 dəqiqəlik yolda 50 nəfər
söz atır sənə nalayiq-nalayiq”, deyə Arzu qoşulur şikayətlərə.
Arzu özünü kişi kimi hiss etmədiyi üçün
ailəsində basqılarla üzləşdiyini və 14 yaşında evdən qaçdığını bildirir.
Deyir ki, bir qarnı ac, bir qarnı tox, küçələrdə yaşayıb. Dostlarının
köməyi ilə ayağa dura bilib.
“Üzümə durdular”
Bir neçə il əvvəl cinsi kimliyi ilə əlaqədar Arzu Azərbaycanda 2 il müddətinə həbs olunub. İttiham – ictimai asayişi pozmadır: “Trasda tutdular polislər.
Məhkəməmiz oldu, yalançı şahidlərimiz oldu. Şantaj edilərək
gətirilmişdilər məhkəməyə. Üzümüzə durdular ki, bununla yatmışam,
xəstəlik tutmuşam. Hətta mən həbsdən çıxandan sonra o şahidlərlə yolda
üzləşdim. And-aman elədilər ki, bizi təhdidlə gətirdilər məhkəməyə”.
Arzu deyir ki, ictimai asayişi pozmaq maddəsinə
cərimə ödəyib çıxa bilərmişlər, amma məhkəmədə xəbər tutub ki, üstünə
başqa maddələr də yüklənib: başqasına cinsi xəstəlik yoluxdurma. Arzunun məhkəmə prosesində yadında qalanlar:
“Döşlərini kəsmək lazımdı”
“Azərbaycanda həbsə göndərilən transların
saçlarını qırxırlar, silikon döşlərini də çıxartdırırlar. Məhkəməyə
gedəndə məndə silikon döşlər deyildi, normal hormon idi. Hakim demişdi
ki, onları kəsmək lazımdı. Necə çıxardım mən, o mənim ətimdi axı. Hakim
deyirdi ki, qanunsuzdur döşlərin, bir sənədi yoxdur, onu çıxardıb kişi
həbsxanasına göndərmək lazımdı. Ona görə məcbur olurdum boş bir şey
geyinirdim ki, bəlli olmasın”.
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin
ictimaiyyətlə əlaqələr şöbəsindən BBC Azərbaycancaya bildiriblər ki,
məhkumların “cinsə görə təsnifatı” onların şəxsiyyətini təsdiq edən
sənədləri əsasında aparılır.
“…Barəsində azadlıqdan məhrum etmə cəzası
çıxarılaraq azadlıqdan məhrum edilən hər hansı bir şəxs cəzanı icra edən
orqan tərəfindən fiziki durumunda hansısa dəyişikliyə məcbur edilmir”, –
Penitensiar xidmətdən bildiriblər.
“Məhkumların geyimi isə cəzaçəkmə
müəssisələrinin Daxili İntizam Qaydalarının tələblərinə uyğun olaraq
həyata keçirilir. Cəza-icra Məcəlləsinin tələblərinə uyğun olaraq
Penitensiar xidmətin tabeliyindəki bütün müəssisələrdə məhkumlar
cəzalarını insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkirlər”,
– xidmətin sözçüsü əlavə edib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məhkum transseskualların sayını öyrənmək mümkün olmadı. Məlumat verildi ki, məhkumlar cinsi oriyentasiyasından asılı
olmayaraq, pasportda göstərilən cinsiyyətinə görə həbsxanalara
yerləşdirilir. Bu statistikada cinsiyət isə sadəcə qadın və kişi olaraq
qeyd olunur.
“Hamı gözümçıxdıya salır”
“Azərbaycanda azadlıqda yaşamaqdansa, həbsxanada
qalmaq daha yaxşıdır”, Arzu əlavə edir. Deyir ki, “içəridə” heç kəs onu
incitməyib, uzaqlaşdırmayıb: “Həbsxanada sənə bir qadın olaraq daha çox
diqqət göstərən kişinin bayırda, azadlıqda dəyişir münasibəti. Cəza
evində kişilər daha səmimi idilər mənə. Heç kəs aşağılamırdı məni, rahat
idim. Amma azadlıqda qadınlı, kişili, uşaqlı hamı gözümçıxdıya salır”.
“Axşam mənimlə yatağa girir, sabah məni kənardan
görəndə dostlarına göstərir ki, “aa, bax, bax, petux”, – Gülnar
Azərbaycanda kişilərin transseksuallara münasibətini belə xarakterizə
edir.
“Onunla dava etsəm, cavab versəm, mən pis
oluram. Biz də susmaq haqqımızı istifadə edirik, cavabsız qoyuruq bu
atmacaları, elə bilirlər ki, hər şey deyə bilərlər”, – o deyir.
300 trans
Azərbaycanda yeganə rəsmi LGBT qurumu kimi
tanınan Gender və Tərəqqi İctimai Birliyidir. Bundan başqa bir neçə
qeydiyyatsız təşəbbüs qrupları da var. Gender və Tərəqqi İctimai
Birliyindən Kamran Rzayevin verdiyi məlumata görə, təşkilatda hazırda
300-ə yaxın transseksual açıq qeydiyyatdadır. Gülnar iddia edir ki, özünü gizlədənlərlə birlikdə bu rəqəm 3 mini aşar. Azərbaycandan qaçan transseksuallarla söhbətdən məlum olur ki, ən böyük problemləri polislərlə münasibətdir.
“Bu dəqiqə də orda polislər düşüblər transların
üstünə. Kimin pulu varsa, maşını, evi varsa, hamısının üstünə narkotik
maddə atıb basırlar içəri. Hətta heç siqaret belə istifadə etməyən
adamdan narkotik çıxardıblar. Mənə maraqlıdır ki, biz şikayətimizi kimə,
necə, nə tərzdə bildirə bilərik? Mən cinsiyyətimdən asılı olmayaraq,
bir Azərbaycan vətəndaşı kimi öz hüququmu tələb edirəm”.
Trans qətlləri
Transgender Avropa – müxtəlif təşkilatlardan
ibarət şəbəkənin 2008-2013 illəri əhatə edən trans qətlləri hesabatına
Azərbaycan sadəcə 2013-cü ildə 2 trans fərdin qətli ilə düşüb. Gender və Tərəqqi İctimai Birliyinin rəqəmlərinə görə, son 5 ildə transseksuallarla bağlı 3 ölüm hadisəsi qeydə alınıb. Mətbuatda Daxili İşlər Nazirliyinə istinadən verilmiş və qətlə
yetirilənləri “cinsi azlıq” kimi təqdim edən məlumatlara görə
çıxardığımız rəqəm isə belədir: 2010-cu ildə 2, 2013-cü ildə 2, 2014-cü
ildə isə 1 nəfər öldürülüb. Lalə hesab edir ki, öldürülən transseksualdırsa, işə ciddi fikir vermirlər:
“2007-ci ildə Zara öldürülmüşdü. Evin içində
bıçaqlamışdılar. Adını qoydular ki, müştəri evə gələnə qədər bunu qız
bilib. Bütün trans cinayəti törədənlər hamısı deyir ki, mən qız bilib
gəlmişəm. Amma yalandı. Transın sahibi yoxdu, itirib-axtaranı yoxdu, ona
görə də işi bağlayırlar”.
Yuyucular yumadı
“2 ay əvvəl bir dostumuz xəstələndi, vərəm oldu.
LGBT təşkilatları heç yaxın durmadı. Xəstəxanada qaldı, öldü.
Kimsəsizlər məzarında basdırıldı”.
“17 yaşında transı həbs eləmişdilər. Dedilər ki,
xəstəsən, aparıb həbsxanaya saldılar. Xəstəni xəstəxanaya apararlar da,
niyə həbsxanaya soxursuz”.
“40 yaşında bir trans dostumuz vardı, şəkəri
qalxıb, yıxılıb yerə öldü. Onun dəfni üçün translar öz aramızda pul
yığdıq basdırdıq. Biz basdırdıq, mən əllərimlə qəbirə qoydum onu. Bizim
elə alçaq yuyucularımız var ki, yaxın durmadılar, yumadılar onu. 10
manata yuyurlar, biz 50 manat verdik yumadı. Özümüz yuduq”, – bunları
Gülnar deyir.
İş tapmaq çətinliyi
Peşəsindən asılı olmayaraq, transseksuallar
Azərbaycanda yalnız seks işçi kimi çalışır. Bu diskriminasiya gün kimi
aydın olduğu üçün onlar bəri başdan iş axtarışlarından əllərini üzürlər.
Lalə bu fikirdədir: “Bakıda iş tapmaq bir yana, yaşamaq belə çətindir, yaşamaq. Bayıra
çıxırsan, ələ salırlar, gülürlər. İstanbulda belə deyil, ona görə çox
gələn var bura”.
26 yaşlı Gülnar İncəsənət Universitetinin
rejissorluq və aktyorluq fakültəsində təhsil alıb. Eyni zamanda iddialı
aşpazdır. Deyir ki, əlindən hər cür iş gəlir, amma qadın görünüşündə onu
işə götürən yoxdu: “Mənim barmaqlarım qızıldı, bu dəqiqə Türkiyədə
istənilən restorana gedim, məni o an işə götürərlər. Amma cinsi
azlıqsansa, bunlar işə yaramır”.
“Normal” həyat
Gülnarın fikrincə, seks işçiliyi hər cür təhlükəyə açıqdır, müştəri tərəfindən döyülməkdən tutmuş, polislə problemlərə qədər: “Ayda 1000 manat maaş versələr, bəsdir mənə. Ev
pulum, yemək pulum olsun. Başqa bir şey istəmirəm. Fahişəliyi zorla
edirəm. Fahişəlik mənim qanımda deyil ki. Üzr istəyirəm, mən müştəriylə
utana-utana yatağa girirəm, utana-utana ondan pul alıram. Normal həyat
yaşamaq istəyirəm. Bir sevgilim var, onunla bərabər yaşayım, bu bəsdir
mənə”.
Gülnar indi pasportunu dəyişdirməyə hazırlaşır.
Cinsini sənəddə qadın yazdırdıqdan sonra hər yerdə işə girə biləcəyinə
ümid edir.
“İndi Azərbaycana gedib-gələndə aeroportda söz
demirlər bizə. Görünüşüm tam qadın olduğu üçün heç kəs başa düşmür ilk
baxışda. Sadəcə pasporta baxanda kişi adı görürlər, bəlkə, bəziləri gülə
bilər, amma böyük bir basqı filan olmur, sadəcə təəccüblərini
gizlətmirlər ki, bu kişi necə gözəl qadın olub. Ailəmlə də
münasibətlərim əladır. Gedirəm-gəlirəm, heç bir problemim yoxdur. İki
qardaşım, bir bacım var, indi hamısı normal qəbul edirlər”.
Bütün şikayətlərinə baxmayaraq, Lalə istədiyi
vaxt Azərbaycana gedə bilməsindən, dostlarını və ailəsini görə
bilməsindən məmnundur.
Short URL: http://www.cumhuriyyet.net/?p=9867