"Cinayətkar" şirkətin arxasından Cahangir Hacıyev çıxdı

21.07.2014 - 09:00

Tikinti mafiyasının böyük Bakı
hesablaşması

 

Beynəlxalq Bankın şefinin “Sovetski” sakinlərinə bazar
qiymətindən 2 dəfə ucuz mənzil təklif etməsi tikinti maqnatlarını
qəzəbləndirib və ona qarşı sanksiyaların işə düşməsinə səbəb olub

İyulun
16-da barəsində cinayət işi açılan “Des Consulting” şirkətinin gerçək
sahibi Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevdir.
Bankir tikinti biznesini böyütmək üçün evləri sökülən “Sovetski”
sakinləri üçün “sosial layihə” ideyasını irəli sürüb.

Bu layihəyə əsasən, “Sovetski”
sakinlərinə bazar qiymətindən 2 dəfə ucuz mənzillər təklif ediləcəkdi.
Bundan qəzəblənən tikinti bazarının əsas oyunçuları isə onun şirkəti
barəsində cinayət işinin açılmasına nail olublar. Bu barədə “Yeni
Müsavat”a tikinti sektorundakı mənbələrdən məlumat daxil olub.  
Mənbənin məlumatına görə, C.Hacıyev tikinti biznesinə 2002-ci ildə
başlayıb. Həmin il “Yeni Həyat” şirkətlər qrupunu təsis edib. Şirkətlər
qrupu Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə eyni adlı yaşayış
massivləri inşa edib. Mənzil tikintisi bazarında oyunçular azaldıqca,
şirkət bazarda mövqelərini gücləndirib. İndi artıq mənzil tikintisi
bazarının əsas oyunçularından birinə çevrilmək istəyib və buna görə də
“Sovetski” sakinləri üçün güzəştli şərtlərlə ev tikmək ideyasını
nəzarətində olan “Des Consulting” şirkəti vasitəsi ilə ictimailəşdirib.
Bunula da nəhəng dövlət sifarişlərini ələ keçirməyə çalışıb. Ancaq bu,
tikinti bazarının aparıcı oyunçularının xoşuna gəlməyib və şirkət haqda
cinayət işi açılmasına nail olmaqla onu zərərsizləşdiriblər. 
Hazırda “Yeni Həyat” şirkətlər qrupu Bakıda nəhəng “Azure Park”
yaşayış kompleksinin tikintisini həyata keçirir. Afiyəddin Cəlilov, 27A
ünvanında inşa olunan 18 mərtəbəli yaşayış kompleksində 1,2,3,4 otaqlı
mənzillər inşa edilir. Kompleksin 1-ci mərtəbəsində 5000 kv m sahəsi
olan hipermarket, 2-ci mərtəbəsində 1500 nəfərlik 5 kinozal, həmçinin
sakinlərin və qonaqların təhlükəsizliyi və rahatlığı üçün kinozallardan
Azure Shopping Centre-ə yerüstü keçid nəzərdə tutulub. Kompleksdə 2 min
avtomobil tutumu olan avtopark da istifadəyə veriləcək. Tikintini
C.Hacıyevin idarəetməsində olan “Banktechnique” (keçmiş “Texnikabank”)
maliyyələşdirir. Kompleksdən mənzil almaq istəyənlər də bu bankın
ipoteka kreditlərindən faydalana bilərlər. Bu barədə bankın rəsmi
saytında da məlumat verilib.
 Şirkətlər qrupu buna qədər “Yeni HƏYAT Rezidense”, “Yeni HƏYAT
Plaza”, “Azure Rezidense”, “Azure Plaza”, “Azure Shopping centre”,
“Megafun” kimi nəhəng layihələr həyata keçirib. “Sovetski” sakinləri
üçün nəzərdə tutulan kompleks isə nəhəngliyinə görə bu layihələri geridə
qoymalı idi. Ancaq bankirin tikinti sektorunda belə sıçrayışları
tikinti bazarının əsas oyunçularını qəzəbləndirib. 
Ötən saylarımızda bildirmişdik ki, iyulun 16-da Baş Prokurorluq
“Des Consulting” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət
Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlandığı barədə məlumat
yayıb. Bu şirkət iyulun 15-də “Sovetski” sakinlərinin mənzil problemini
həll etmək üçün 16 mərtəbəli, 810 mənzilli bina tikintisi layihəsi
hazırladığı barədə cəmiyyətə məlumat vermişdi. Təmirsiz mənzilin bir
kvadratmetri sakinlərə 380 manata təklif ediləcəkdi ki, bu da bazar
qiymətindən ən azı 2 dəfə ucuzdur. 
Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı şəhər Baş Polis
İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılıb. Prokurorluqla
polis idarəsinin birgə məlumatında deyilir ki, vəzifəli şəxslər
vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara
məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin bu
fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də
müəyyən edilib. 
Şirkət tikinti işlərini öz vəsaiti ilə həyata keçirəcəyini iddia
etməyib. Bunun üçün tender yolu ilə hündür binalar tikməyə lisenziyası
və partnyoru olan “Yeni Həyat” şirkətini cəlb edib. “Des Consulting”in
vəzifəli şəxsləri ilk izahatlarını veriblər. İzahatlara əsasən, binanın
tikilməsinin layihə qiyməti 17 milyon manat olub. Bir sözlə, C.Hacıyev
ilkin mərhələdə “Yeni Həyat” şirkətini yox, başqa bir şirkətini qabağa
verib. Görünür, bankir ideya ictimailəşəndən sonra gözlənilən hücumları
proqnozlaşdıra bilib. Buna görə də ictimai rəydə tanınmayan başqa bir
şirkətini önə çıxarıb ki, zərbələr “Yeni Həyat”dan yan keçsin.
“Yeni Müsavat”ı bilgiləndirən mənbənin sözlərinə görə, C.Hacıyev
son dövlər biznes elitasının əsas fiqurlarından birinə çevrilib: “O
həddə qədər ki, bankirin hazırda idarə etməsində 3 bank (Beynəlxalq
Bank, “Bank Of Azerbaijan” və “Banktechnique”), 3 futbol klubu (“İnter”,
“Simurq” və “Bakı”) və çoxsaylı ASC-lər var. “Bank Of Azerbaijan” və
“Bakı” klubunu o bu yaxınlarda “Baghlan Group” şirkətlər qrupunun
sahibi, tanınmış iş adamı Hafiz Məmmədovun əlindən alaraq öz
idarəetməsinə qatıb. Bunun ardınca onun tikinti sektorunda önə çıxmaq
cəhdi biznes elitasındakı rəqiblərində qıcıq yaradıb və C.Hacıyevə qarşı
sanksiyalara qərar verilib. Bu, ona edilən ilk xəbərdarlıqdır”. 
Nəhəng söküntü işləri tikinti mafiyası üçün çox gəlirli bir
sahədir. Söküntü nəticəsində köçürülən sakinlərin evlə təminatı mənzil
bazarında tələbatı kəskin şəkildə artırır. Bu tendensiyadan tikinti
mafiyası inşa etdiyi mənzilləri tez bir zamanda satmaq və külli miqdarda
gəlir götürmək üçün faydalanırlar. Belə bir vaxtda C.Hacıyevin
şirkətinin önə çıxması və mənzili bazar qiymətindən 2 dəfə ucuz təklif
etməsi, təbii ki, tikinti mafiyasının maraqlarına sarsıdıcı zərbə vurmaq
anlamına gəlirdi. Ona görə də tikinti mafiyası onu cəzalandırmaq
qərarına gəlib.
Sonda onu da qeyd edək ki, “Sovetski” məhəlləsi indiyə qədər olan
söküntü layihələri arasında ən nəhəngidir. Massivdən 11 minə yaxın
ailənin – 50 min sakinin köçürülməsi nəzərdə tutulur. Bu da sakinlərin
evlə təminatı məsələsinin çox gəlirli biznesə çevriləcəyini göstərir.
Belə bir vaxtda C.Hacıyevin önə çıxaraq “bazarı öldürməsini”, təbii ki,
tikinti bosları həzm edə bilməzdi və etmədi də.

Short URL: http://www.cumhuriyyet.net/?p=9887

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31