Təyyarə terroru Rusiyanı dünyadan təcridə apara bilər

21.07.2014 - 08:43

Sərnişin təyyarəsinin vurulmasında Rusiyanın əlinin olduğu təsdiqlənsə, onu nələr gözləyir?

Ukrayna Təhlükəsizlik
Xidmətində (UTX) Malayziya Hava Yollarına məxsus “Boinq-777” sərnişin
təyyarəsinin Rusiyadan Ukraynaya heyəti ilə birgə ötürülən “BUK-M”
zenit-raket kompleksi ilə vurulduğunu təsdiqləyən təkzibolunmaz sübutlar
var. 
Bu barədə iyulun 20-də Kiyevdə keçirilən
brifinqdə UTX Departamentinin rəisi Vitali Nayda bildirib. O deyib ki,
UTX-də Rusiya vətəndaşlarının terror aktında iştirakını təsdiqləyən
tutarlı dəlillər var: “UTX artıq qeyd olunan sübutları beynəlxalq
tərəfdarlarının hamısına təqdim edib. UTX Niderland polisi və bir sıra
digər ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birbaşa
çalışır”.   
UTX nümayəndəsi Donetsk
vilayətinin Torez şəhərinin küçələrinin birində “BUK-M” zenit-raket
kompleksinin və Donetsk vilayətində qeyd olunan komplekslərdən ibarət
karvanın  fotoşəkillərini nümayiş etdirib. Bundan başqa, Torez şəhəri
yaxınlığından raketin Snejnoye qəsəbəsi istiqamətində (“Boinq-777”
təyyarəsinin olduğu istiqamətdə) buraxıldığı anın əks olunduğu fotoşəkil
də jurnalistlərə nümayiş etdirilib.      
V.Nayda
qeyd edib ki, UTX raketin buraxıldığı konkret yer artıq müəyyən edilib.
Onun sözlərinə görə, həmin sahə hazırda terrorçuların və Rusiya
hərbçilərinin tam nəzarəti altında olan ərazidə yerləşir.
V.Nayda
həmçinin vurğulayıb ki, Rusiya tərəfi terrorçulara “BUK-M” zenit-raket
komplekslərinin hamısının Ukrayna ərazisindən təcili çıxarılmasına dair
göstəriş verib. Belə ki, iyulun 18-də gecə saat 02.00 radələrində
Luqansk vilayətində Rusiya sərhədini birinin üzərində “BUK-M” raket
qurğusunun olduğu iki yedəkli yük maşını keçib. Həmin gün gecə saat
04.00 radələrində dövlət sərhədini daha 3 yedəkli yük maşını keçib.
Onlardan biri boş, digərində üzərində 4 raketin olduğu qurğu, üçüncüdə
isə idarə modulu olan döyüş maşını olub.    
V.Nayda
Rusiyanın Ukrayna səmasında törədilən terror aktında birbaşa
iştirakının sübutlarını gizlətməyə çalışdığını vurğulayıb.  
Ukraynanın
Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko da brifinq
keçirərək bildirib ki, Malayziyanın sərnişin təyyarəsi separatçı
“Donetsk Xalq Respublikası”nın terrorçuları tərəfindən “BUK-M”
zenit-raket qurğusu ilə vurulub.
Onun sözlərinə
görə, bu dəhşətli qurğu terrorçulara Rusiya tərəfindən çatdırılıb.
Brifinqdə məlumat verərkən Nalivayçenko deyib: “14 iyulda ilk xəbər
yayılıb ki, artıq terrorçularda “BUK” qurğusu var. Amma bu xəbərin
təsdiqi üçün əlimizdə dəlil yox idi. İyulun 17-də faciə baş verən günü
“BUK” qurğusunun ekipajı ilə birlikdə Suxodolsk tərəfdən terrorçulara
çatdırıldığı barədə dəqiq məlumat aldıq. Həmin gün Rusiyadan 3 ədəd SAU
“Qvozdinka” da göndərilib. Bundan başqa, sərhədçilərimiz tərəfindən 2
nəfər Rusiya vətəndaşı da saxlanılıb. Onlardan birinin hərbi biletində
ixtisasının “Atəşaçma üzrə korrektorçu” olduğu yazlmışdı”.
Təyyarənin
vurulmasında Rusiyanın əlinin olmasını artıq ABŞ, hətta son dövrlər
Kremllə isti münasibətlərdə olan bir sıra böyük dövlətlərin də liderləri
dilə gətirir. Məsələn, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
bildirib ki, Malayziyanın sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub.
Ərdoğan bildirib ki, Malayziyaya məxsus sərnişin təyyarəsi Rusiya
tərəfindən Ukraynanın hava sahəsində raketlə vurularaq salınıb: “Nə
vardı bu təyyarədə? Hollandiyadan Malayziyaya uçan təyyarə Ukrayna hava
sahəsində vurulur. Bu, necə yanaşmadır, bu, necə anlayışdır? Bəs dünyada
sülh üçün çalışacaqdıq?”
Böyük Britaniyanın baş naziri Devid
Kemeron da bəyan edib ki, əgər Malayziyaya məxsus “Boeing 777” təyyarəsi
separatçılar tərəfindən vurulubsa, bunun məsuliyyəti Rusiya
üzərindədir. 
Bundan əvvəl Kemeron və
Niderlandın baş naziri Mark Rütte Avropa İttifaqına müraciət edərək
təyyarənin vurulmasından sonra Avropa Birliyinin Rusiyaya yanaşmasının
yenidən baxılmasını xahiş ediblər. Daha sonra Böyük Britaniyanın müdafiə
naziri Maykl Felon Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq
ediləcəyinin mümkünlüyünü qeyd edib.
Beləliklə, beynəlxalq
səviyyədə dilə gətirilir ki, 300-ə yaxın insanın məhvinə səbəb olan
terroru Rusiya tərəfindən dəstəklənən separatçılar vurub. Artıq
beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən birmənalı olaraq qəbul
edilən informasiyaya görə təyyarə Rusiya tərəfindən dəstəklənən
separatçı və terroristlərin nəzarəti altında olan ərazidən  yerdən
atılmış “BUK” zenit-raket kompleksi ilə  vurulub. Artıq həmin raketlərin
separatçı və terroristlərə Rusiya tərəfindən verilməsi  Ukrayna
kəşfiyyat orqanları tərəfindən dəqiqləşdirilib və kimsədə şübhə
doğurmur. 
Prosesin gedişatından belə görünür
ki, təyyarə vurulması məsələsi Rusiya üçün arzuolunmaz situasiya yarada
bilər. Nəzərə alsaq ki, təyyarədə ölənlərin 23 nəfəri ABŞ, digərləri isə
AB vətəndaşlarıdır, bu hal Rusiyanı çox çətin vəziyyətə salacaq.
Politoloq Vəfa Quluzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,
terror hadisəsində Rusiyanın əli olduğu rəsmi təsdiqlənəcəyi halda
Rusiyaya çox ciddi beynəlxalq sanksiyalar tətbiq ediləcək və Rusiya tam
təcrid olunacaq: “Əslində Rusiya Krımı işğal etməklə təcrid olunmağa
doğru gedirdi. Rusiya Ukraynanın cənubunda-Avropanın mərkəzində faktiki
olaraq müharibə aparır. İndi təyyarə vurulmasında Rusiyanın iştirakı öz
təsdiqini tapsa, sübut olunsa bu, Putin rejiminin tam təcrid olunmasına
aparıb çıxaracaq. Hesab edirəm ki, bu boyda ləkə ilə Putin özü
hakimiyyətdə qala bilməz. Təyyarənin vurulmasında Rusiyanın əlinin
olması beynəlxalq səviyyədə öz təsdiqini tapsa, Putin iqtidarı qərar
verməlidirlər ki, nə etməlidirlər? Ya Rusiya bu rejimə görə təcrid
olacaq, ya da Putin öz komandası ilə hakimiyyətdən getməlidir. Əgər
rejim axıra qədər müqavimət göstərsə, o zaman Rusiyanı çox böyük
təhlükələr gözləyir. Artıq dünya birləşərək bu rejimin əleyhinə mübarizə
aparacaq. Çünki Putini dəstəkləyənlərin indi heç bir bəhanəsi qalmadı.
Nə Fransa prezidenti Olland, nə də Almaniya kansleri Merkel Putinlə
əməkdaşlıq edə bilməyəcək. Odur ki, Putin rejimi ya ölkəsini çökdürəcək,
ya da hakimiyyətdən gedəcək”.
V.Quluzadə onu da vurğuladı ki,
məsələ sübuta yetsə, Rusiya Beynəlxalq Haaqa Məhkəməsinə də verilə
bilər: “Bunun üçün Avropa Birliyi və ABŞ birlikdə qərara gəlməlidirlər.
Artıq ittihamlar səslənir ki, təyyarənin vurulması bəşəriyyət əleyhinə
olan cinayətdir. Yəni Hitlerin işlətdiyi cinayətlərə bərabər cinayətdir.
Müəmmər Qəddafi Parisdən Şotlandiyaya gedən sərnişin təyyarəsini
terrorçulara pul verərək vurdurmuşdu. Sonra isə etiraf etmişdi. Bu
cinayətini ona bağışlamadılar. Qəddafinin axırının necə olduğu
bəllidir”.  
Ancaq hələlik Rusiyanın bu etirafı
görünmür. Bir çox ekspertlər hazırkı vəziyyəti 1983-cü ildə SSRİ
tərəfindən vurulan Cənubi Koreyanın təyyarəsi ilə müqayisə edirlər.
 1983-cü ildə Koreyadan Amerikaya uçan sərnişin təyyarəsini vurub
okeanda batırdılar. O vaxt prezident ABŞ prezidenti Reyqan Sovet
ittifaqını bəlalar imperiyası adlandırdı və onu məhv etmək üçün əlindən
gələni edəcəyini elan etdi. Reyqan vədinə əməl etdi, bu gün sovetlər
imperiyası yoxdur. Ancaq tarix  göstərdi ki, həmin bəla imperiyasının ən
yekə başı hələ də sağdır.
Azərbaycanın aparıcı
müxalifət partiyası Müsavat da təyyarənin vurulmasının planlı şəkildə
 insanlığa qarşı yönəlmiş cinayət olduğunu bəyan edib. Bu barədə yaydığı
bəyanatda Müsavat Partiyası bildirib ki, hadisənin  beynəlxalq qurumlar
tərəfindən müstəqil şəkildə araşdırılmasını vacib hesab edir. Müsavat
faciənin baş verməsinə şərait yaradanların, bu işdə rolu olan şəxslərin
və dövlətlərin tapılmasını və onların Beynəlxalq  Haaqa Məhkəməsində
insanlığa qarşı cinayət  maddələri ilə beynəlxalq hüquq normalarına
əsaslanaraq cəzalandırılmasını tələb eləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9888

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31