İraq türkmənlərinin dəhşət dolu hekayəsi

21.07.2014 - 09:11

İraq türkmənlərinin dəhşət dolu hekayəsi – bir türkmən anladır
“Ərdoğan və Gül türkmənləri müsəlman hesab etmir”; ayətullah Sistani
türkmənlərə İŞİD-lə meyit və girov al-verini qadağan etdi; türkmən
qətliamı davam edir…

Xatırladaq ki, Bəşirlə Təzə Xurmatın arasındakı Şəmsə adlı balaca
bir kənddə İŞİD-çilərin qəfil hücumuna məruz qalmış 30 nəfərlik türkmən
qrupunun tərkibində olan hər kəs qətlə yetirilmişdi. Üstəlik,
şiə-türkmənlər Bəşirdə 45-50 dərəcə istidə küçələrdə öldürüldükləri
yerdə qalmış 400-500 nəfər civarında olan meyitləri İŞİD-dən satın
almağa cəhd göstərmişdilər. İraqın sünni ərəbləri İŞİD rəhbərliyi ilə bu
istiqamətdə danışıqlar aparmışdı. Vasitəçilərin gələ bildiyi ilkin
razılığa əsasən 50 min dollar müqabilində İŞİD meyitləri şiələrə
qaytarmağa razılıq vermişdi. Amma həmin məbləğ toplandıqdan sonra
Bəşirdəki İŞİD qüvvələrinə rəhbərlik edən Əfqanıstan əsilli komandanı
deyib ki, para gərəkməz. Şiələrin meyiti elə çöllərdə də qalmalıdır…
Onu da qeyd edək ki, İsam Eyvaz öz yoldaşları ilə birlikdə iyunun
29-da qətlə yetirilib. Bəs ötən vaxt ərzində meyitlərin geri alınması
ilə bağlı hər hansı bir yenilik varmı? Bu suala aydınlıq gətirmək üçün
əməkdaşımız Sürixdə yaşayan Əliyə müraciət edib. O deyib: “Mən sıradan
bir türkmənəm. Bilirəm, Azərbaycanda İraq türkmənlərinə xüsusi münasibət
var. Bir çoxları bizi Azərbaycan türkləri kimi qəbul edir. Əlbəttə,
biz dərdimizə şərik olan hər kəsə tək-tək minnətdarıq. Onu da deyim ki,
söhbət heç də 400-500 meyitin geri alınmasından getmir. Mahiyyətdə
ortada olan soru bu ki, İraqda türkmən adına kimsə qalacaqmı, yoxsa
bizləri hissə-hissə məhv edəcəklər. Ötən dəfə də dedim, bir də deməyim
gərəkir. Türkiyə bizdən dəstəyini geri çəkdi. Ərdoğanla Gül gecə-gündüz
Fələstin faciəsindən danışır. Hərdən düşünürəm ki, ya Rəbb, bəs biz
türkmənlər də müsəlman deyilikmi? Yaxşı, bizi türk saymadız, bunu
anladıq, müsəlmanlığımıza şübhəniz haradan yarandı, bax bunu başa düşmək
olmur. Türkiyədə bir söz var, deyirlər ki, bunu anladımsa, ərəb olum…
 
Əli yenidən fikrə dalıb gedir. Handan-hana özünə qayıdır: “Bir
vaxtlar əsası İranda qoyulmuş Bədir Hərəkatı lideri Hadi əl-Amiri indi
İraq baş naziri Nuru əl-Malikiyə dəstək verir. Bu hərəkatın 20 min
silahlı əsgəri var. Başa düşdülər ki, şiə hökuməti getsə, bunların da
axırı gələcək. Qabaq hökumətlə rəqabətdə idilər. Onlar İraqdakı kürd
muxtariyyəti ilə danışıqlar aparıb. Razılaşmaya əsasən, sünni və ya şiə
olmasından asılı olmayaraq, bütün türkmənlər kürdlərin ərazisinə daxil
olub oradan Nəcəf və Kərbəla şəhərlərinə uça bilərlər. Yolun xərcini də
Bədir Hərəkatı ödəyir. İndilərdə isə xristianları da bu sıraya daxil
ediblər. Terrorçuların əlində olan Mosulda xristian çoxdur. Mosul
Bağdaddan sonra ən böyük İraq şəhəridir. Terrorçular orada öncə
xristianları qırıblar. Sonra başa düşdülər ki, onları qırıb qurtarmaq
mümkün deyil. Həddindən artıq çoxdurlar. Xristianlarla danışıqda
deyiblər ki, gərəkdir ki, siz müsəlman olasız. Ya da nəyiniz varsa qoyub
gedəsiz. Xristianlar isə dinlərini dəyişmək istəmirlər. İndi hökumət də
onların Kərbəla və Nəcəf şəhərlərinə getməsinə yardım edir. Düşünürlər
ki, Mosul azad olunana qədər xristianlar orada yaşaya bilərlər. Həmin
şəhərlərdə xristianlar təhlükədən uzaq olurlar. Bir şeyi də dəyim. İŞİD
xristianlara heç olmasa deyir ki, Mosulu tərk edin. Şiə türkmənləri isə
sorğu-sualsız yerindəcə güllələyirlər “.
– Meyitlərlə bağlı nə yenilik var?
– Məbləği qaldırdılar. Dedilər ki, hər kişiyə görə 10 min dollar
verməlisiz. Özü də təminat vermirlər ki, məsələn, mənim ailəm 10 min
dollar verib əvəzində qardaşımın meyitin ala bilər. Deyirlər ki, bir
ambulans maşını ilə bir sürücü gələr və biz 30 nəfərin meyitin maşına
doldurub sizə verərik. Sonrasını özünüz bilərsiz. Razılaşdıq. Nə etmək
olar ki? Amma terrorçular bu dəfə də fikirlərin dəyişdilər. Dedilər ki,
hər meyitə 20 min dollar verəcəksiz. 30 meyitə 600 min gətirin, iş tamam
olsun. Bizim camaat da Ayətullah Seyid Əli Sistani ilə əlaqə saxladı.
Həzrət bizə buyurdu ki, terrorçulara pul vermək haramdır. Nəyinki
meyitə görə, hətta girovlara görə də terrorçuya pul vermək olmaz. Çünki
onlara pul verməklə biz terrorçuları daha da gücləndiririk. O fətvadan
sonra bu məsələ gündəlikdən çıxdı. Daha kimsə terrorçuya pul verə
bilməz. Bilsək ki, bu iş min dollara düzələcək, yenə bu işə əl qoymarıq.
Çünki haram elan olundu…

“Ayətullah
Seyid Əli Sistani türkmənlərə İŞİD-lə meyit və girov alverini qadağan
etdi; İraqda türkmən qətliamı davam edir; “Ərdoğanla Gül gecə-gündüz
Fələstin faciəsindən danışır – biz də müsəlman deyilikmi?”; “Girov olan
arxadaşım da, onu qurtarmaq üçün gələn doğmaları da partlayışdan
param-parça oldular”

İndi meyitlər küçə və meydanlarda qalmaqdadır. Ölü sahibləri də
gəlib binoklla yerdə çürüyən meyitlərə baxırlar. Əlbəttə, binoklla
baxmaqla kimin kim olduğunu bilmək olmaz. Artıq meyitlərin bir çoxunda
sümüklər üzə çıxıb və aşkar görünür. Yaxına da getmək mümkün deyil.
Snayperlər həmən vururlar. Meyitə binoklla baxarkən neçəsi öldürüldü.
Maraqlıdır ki, özləri də meyitlərin arasında dolaşmaqdan bezməyiblər.
Bunları hansı ana doğdu, bilmədik…
– Dedin ki, Seyid Əli Sistani fətva verdi ki, girovları da pulla geri almayın. İndi hər kəs bu fətvaya əməl edirmi?
– Təbii, etməmək olarmı? Bax bu yaxınlarda bir türkmən ailəsində
belə bir olay baş verdi. Terrorçular İraq hökumətinin əsgəri geyimində
bir evə gəliblər. Ana, ata işdə olub. Qapını uşaqlar açıblar.
Terrorçular deyib ki, sizin maşın oğurluqdur. Sənədlərin gətirin baxaq. 3
qardaş evdəymişlər. Böyüklər sənəd dalınca gediblər. Kiçik uşaqsa
qapının ağzında qalıb. Qardaşlar maşının sənədini tapıb geri qayıdanda
görürlər ki, qardaşlarını “əsgər”lər aparıblar. Sonra terrorçular həmin
ailə ilə əlaqə saxladı. Dedilər ki, filan yerə disk qoymuşuq, bir ona
baxın, sonra söhbət edərik. Diskdəki video görüntüdə isə dəhşətli
mənzərələr varmış. Yayın istisində uşağın əl-qolun bağlayıb
şallaqlayırlar. Al-qan içində olan uşaq da yalvarır ki, bunların
istədiyini verin, məni qurtarın. Döyülmüş uşağı isə böyük bir çənin
içinə atıblar. Çənin üstünə isə beton qoyublar. Bu isdidə çənin içində
insanın halı necə olar? Öncə 500 min dollar istədilər. O qədər paranı
haradan tapmaq olar? 2 gün sonra terrorçular yeni bir disk göndəriblər.
Oradakı videoda da uşağı döyürlər, sonra isə onun bədənində bıçaqla
dərin yaralar açıblar. Ailə məcbur oldu, bir ərəb əşirətinin şeyxi ilə
danışdı. Yəqin ki, həmin şeyx də terrorçularla qazanca ortaq idi. Nəsə,
250 min dollar şeyxə verdilər, 2 gün sonra isə uşağı geri ala
bildilər…

“Bizə
bir xristian gəlib demədi ki, siz bu məmləkətdə yaşayırsız, bəlkə
dininizi dəyişib boğazınızdan bir xaç asasız. Bəs, müsəlmanlar nədən
İraqda xristianları zəlil ediblər?”

Hələ bunlar yaxşı qurtarıblar. Başqa bir türkmən ailəsində isə daha
pis olub. Onlara terrorçulara arxalanan canilər hədə gəlib. Oğullarını
girov götürüblər. Həmin şəxslə mən eyni sinifdə oxumuşam. Deyiblər ki,
70 min dollar gətirin, yoxsa öldürərik. Arxadaşımın anası yaşadıqları
evi də satdı, pula gedən nə varsa hamısını əldən verdi. Amma pul yenə
çatmadı. Onda yazıq ana düşdü küçələrə, ev-ev gəzdi, dilənçi kimi ondan
bundan pul istədi. Balamı öldürürlər dedi. Bir müsibətlə həmin məbləği
toparladılar. İraq belə bir yer ki, orada paranı verərsən, amma girovu
geri alarsan – almazsan bunu kimsə bilməz, kimsəyə güvən yox. Xeyli
danışıqdan sonra paranı çatdırdılar. Terrorçuların havadarlıq elədiyi
canilər dedilər ki, oğlunuz filan yerdə maşındadır. Gedin götürün.
Qohum-əqraba sevincək yola çıxır. Arxadaşımın atası, əmisi, dayısı, bir
də kürəkəni. Çatanda görürlər ki, arxadaşımın əl-qolun bağlayıb maşının
içinə atıblar. Sevincdən özlərini arxadaşımın üstünə atıblar. Kəndiri
açmaq istəyəndə partlayış baş verib. Girov olan arxadaşım da, onu
qurtarmaq üçün gələn doğmaları da partlayışdan param-parça olublar. 70
min dollar da oradan ziyana düşmüşdülər…
Dərindən köks ötürüb üzümə baxır: “Qüsura baxma, sən İraqı heç
anlamazsan. Azərbaycanda yaşasaydım mən də anlamazdım. Axı mən Bakıda
bir az qalmışam, oralarda belə şeylər heç duymadım…İndi anamla
telefonla danışıram, deyir, Əli, İsam sağdır. O ölə bilməz. Məni bu
dünyada qoyub gedə bilməz. İsamın xanımı da ərinin ölümünə inanmır.
Deyir ki, bilsəm ki, ölüb, özümü öldürərəm. Qardaşımsa deyir ki, Əli,
mən də ölərəm. Deyirəm, nədən elə düşünürsən, sən gənc birisi. Deyir,
Əli, dörd tərəfimizdə olan qonşularımıza baxıram. Sağ qalanlar yox
kimidir. İndi mən nədən ölməyim? Bir gün də sıra mənə gələr. O, söyləyir
ki, Ramazandan dolayı bütün qonşular bir araya gəliblər. Elə əllərini
yenicə süfrəyə uzadıblar ki, silahlılar yandan çıxıb. Topa oturmuş
insanları gülləboran edib qaçıblar. Nə qədər adam ölüb, neçəsi ağır
yaralanıb.
İraqın gündəlik həyatı belədi. Hökumət yox, dövlət yox. Hərənin
əlində bir silah, kimin kimdən xoşu gəlmir qafasına sıxıb gedər. Mənə
hərdən deyirlər ki, İsveçrədə kefdəsən, bizi isə İraqda qırırlar. Hardan
bilsinlər ki, həyatım çoxdan zəhər olub. Qohum-əqrəbamdan kimin
əhvalını xəbər alıram, ölüm-itimdir. Bir şeyə şükür edirəm ki, heç
olmasa uşaqlarım bu vəhşiliklərdən kənarda böyüyür. Bura bir xristian
məmləkətidir. Biz də müsəlman. Bizə bir xristian gəlib demədi ki, siz bu
məmləkətdə yaşayırsız, bəlkə dininizi dəyişib boğazınızdan bir xaç
asasız. Bəs müsəlmanlar nədən İraqda xristianları zəlil ediblər?…
Söhbətimizin sonunda müsahibim İraqda nüfuzlu insanlarla adi
insanların gün-güzəranını müqayisə etmək üçün ayətullahın baş
barmağından danışdı…
– Biz kimik ki, sıradan insanlar. Seyid Muhəmmədbağır əl-Həkimi
“Bədr briqadası”nın qurucusudur. İranın dəstəyi ilə o təşkilatı
yaratmışdı. Buna görə idi ki, onu “İraqın Xomeynisi” adlandırırdılar. O,
7 dəfə sui-qəsdə məruz qaldı. 2003-cü ilin avqustunda Nəcəfdə, Həzrət
Əlinin (ə) hərəmindən Cümə namazından çıxan zaman hazırlanmış terror
aktı 83-nəfər silahdaşı ilə bərabər ayətullahı göyə sovurdu. O, İraq
İslam İnqilabı Ali Şurasının sədri idi. Partlayışdan sonra o boyda
şəxsiyyətin yalnız baş barmağını tapa bildilər. Bizim kimilər öləndən
sonra heç tozumuz da ələ gəlməyəcək…(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31