"Akkord"da 20 milyonluq yeyinti iddiası
Şirkətin baş direktorunun işdən çıxarılmasının arxasında hansı səbəblər dayanır?

“Akkord” şirkətində ötən ilin oktyabrından işlər qismən dayanıb.
“Yeni Müsavat”ın yazdığına görə, bunun da nəticəsində maaşların
verilməsində fasilələr yaranıb. Qəzetin yazdığına görə, şirkətin baş
direktoru Xəqani Quluzadənin işdən çıxarılmasını onun xaricə təhsil
almağa getməsi kimi izah ediblər: “Xəqani Quluzadənin işdən çıxarılması
adi məsələ deyildi, ortada ciddi məsələlər dayanırdı. Belə ki, onun adı
“Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqur olaraq
çəkilirdi. Onun işdən kənarlaşdırılması haqda göstərişin “Akkord”un əsas
səhmdarı sayılan Ilqar Hacıyev tərəfindən verildiyi bildirilir”.
Məqalədə həmçinin qeyd olunur ki, Ilqar Hacıyev 2010-cu ildən
“Akkord”dan ayrılsa da, əsas səhmdar kimi qalırdı və Almaniyada
“Akkord”un nümayəndəliyində otururdu: “Onun qayıtması və şirkətdə
təmizləmə aparması səbəbsiz deyildi. Xəqani Quluzadənin “Akkord”a
rəhbərlik etdiyi son üç ildə şirkət Azərbaycan Beynəlxalq Bankından
yarım milyard manatdan çox kredit götürərək bölgələrdə müxtəlif
layihələr başlayıb. Kreditlər Xəqani Quluzadə, onun tikinti üzrə müavini
Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və
istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən
mənimsənilib.
Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə şirkət çətin
vəziyyətə düşüb. Krediti qaytarmaq lazımdır, pul isə yoxdur. Kreditin
qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi üz tutur bankın əsl
sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və kim olduqlarını
xatırlatmağa ehtiyac yoxdur. Məhz bu qüdrətli əlin köməyi ilə “Akkord”un
əsas səhmdarı Ilqar Hacıyev Almaniyadan gətirilib və ona şirkəti bu
günə salmış adamları təmizləmək tapşırığı verilib”.
15 gün öncə “Yeni Müsavat”da bu mövzuda dərc edilmiş başqa bir
məqalədə isə bildirilirdi ki, yoxlamalar ilk olaraq kreditin ən çox
mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb
və külli miqdarda yeyinti faktları aşkarlanıb: “Təsəvvür edin ki,
su-kanalizasiya departamentinin təkcə Şəmkir layihəsinin anbarında 300
min manatlıq material əskikliyi aşkar edilib. Ümumilikdə isə
departamentdə 20 milyon manata yaxın yeyinti aşkar edilib. Yoxlamalar
təkcə “Akkord”un Audit Departamenti tərəfindən deyil, həm də kənardan
dəvət olunmuş audit şirkəti tərəfindən aparılırdı”.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi “Akkord”dakı
yeyintilərlə bağlı ictimaiyyəti bilgiləndirməkdən yayınır. Baş prokuror
ölkədə korrupsiyaya qarşı mübarizə aparan idarənin başında dayanır, bu
qurumun işinə birbaşa rəhbərlik edir, amma ona məxsus olduğu deyilən
şirkətdə 20 milyonluq yeyinti faktına görə bir nəfər olsun belə həbs
edilməyib.
Dünən rəsmi iş günü olmadığından nə Baş Prokurorluq, nə də “Akkord”un mövzu ilə bağlı mövqeyini öyrənmək mümkün olmadı.
Short URL: http://www.cumhuriyyet.net/?p=9890