Qarabağı niyə itirdik?

21.07.2014 - 09:42

Heydər Əliyevin kadrı olan Boris Gevorkovun xain, hiyləgər əməlləri

Heydər Əliyevin kadrı olan Boris Gevorkovun xain, hiyləgər əməlləri

Repressiya illərində olmazın əzablar çəkmiş Nuriyevlər ailəsi

Nuriyev Şərəfxan Turabxan oğlu (1969-cu il)

Fikrət Şərəfxan oğlu Nuriyev, 1950-ci ildə Cəbrayıl rayonunun
Mahmudlu kəndində anadan olub. Hazırda pensiyaçıdır. Yazı ötən əsrin
20-30-cu illərində Qarabağdan Sibirin şaxtalı həbs düşərgələrinə və
Qazaxıstanın qızmar çöllərinə sürgün edilmiş repressiya qurbanlarına
həsr olunur. 

Qarabağsız Azərbaycan yoxdur. Çünki Qarabağ və Azərbaycan bir canda
bədən və ruh kimidir, biri olmadan digərinin məna və əhəmiyyəti, dəyər
və qiyməti bilinməz.

Qarabağın indiki işğalına gətirən səbəblər

Qarabağ torpaqları son illərdəki kimi tariximizin heç bir
mərhələsində heç vaxt bu qədər acınacaqlı və fəlakətli təcavüzün və
işğalın şahidi olmamışdır.

Artıq 21-22 ildir ki, Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd,
Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan kimi
Qarabağın və ətraf rayonların əsas əraziləri işğal altındadır. 1994-cü
ildən bəri davam edən, sözdə atəşkəs rejimi və müxtəlif səviyyəli
danışıqlar hələ də işğalçılara öz yerlərini tanıda bilməmişdir.
Şübhəsiz, bu işğalın bir sıra səbəbləri vardır. Dünyada boş-boşuna,
səbəbsiz yerə heç nə baş vermir. Ən xırdasından tutmuş qlobal hadisələrə
kimi cəmiyyətdə meydana gələnlər müxtəlif səbəblərdən baş verir.
Nəticələr isə özünü bəzən ani olaraq, bəzən isə uzun aylardan, illərdən
hətta əsrlərdən sonra göstərir.

Qarabağ probleminin arxasında 70 il boyunca Azərbaycanda ağalıq etmiş
bolşevik Rusiyasının siyasəti durur. Çünki bolşeviklər 1920-ci il aprel
ayının 28-də Azərbaycanda hakimiyyəti zəbt etdikləri ilk gündən son
günə kimi Çar Rusiyasından fərqli olaraq kütlənin başını saxta “proletar
beynəlmiləlçiliyi”, “xalqlar dostluğu” və kommunizm xülyası ilə qataraq
Qarabağda ermənilərə muxtariyyət verməklə, sonra da 20-30-cu illərdə
yerli say-seçmə azərbaycanlıları kütləvi olaraq həbslərə atmaqla,
sürgünlərə göndərməklə və güllələməklə indiki acınacaqlı fəlakətimizin
bünövrəsini qoymuşlar.

1937-ci ildə keçmiş Cəbrayıl-Cavanşir qəzasında baş verənlər

Məhz nankor və hiyləgər siyasətlə Qarabağın Cəbrayıl rayonu (keçmiş
Cəbrayıl-Cavanşir qəzası) Mahmudlu kənd sakinləri Nuriyev Turabxan
Gülməmməd oğlu (babam), həyat yoldaşı – Qiymat Həsənalı qızı (nənəm),
övladları: 15 yaşlı Gülməmməd (əmim), 13 yaşlı Qubad (əmim) və 12 yaşlı
Şərəfxan (atam) NKVD-nin 10 may 1937-ci il tarixli qərarı ilə “xüsusi
məskunlaşdırma” adı altında Qazaxıstanın qızmar çöllərinə sürgün
edilmişlər. Təxminən 52 ildən sonra keçmiş Azərbaycan SSR Daxili Işlər
Nazirliyi Istintaq Komissiyası tərəfindən təqdim edilən 29 iyun 1989-cu
il tarixli 16/29-859 saylı arayışa əsasən həmin qərarın ləğv edildiyi
bəyan edilmişdir.

Onlara qarşı repressiyada həmin zamanlar fəaliyyət göstərmiş “Mübariz
Allahsızlar Ittifaqı” adlanan qurumun da rolu olub, “Allahsızlar
kitabçası” paylayan bolşevik rejiminin yetirmələrinin qazandıqları
“uğurların” ən dəhşətli nümunəsini mən hələ 5 yaşımda olarkən şahidi
oldum. 

5 yaşlı uşağın gördükləri

O dəhşətli hadisə indi artıq 21 ildir erməni işğalı altında olan o
zamankı Cəbrayıl rayonunun Mahmudlu kəndində baş verib. 1955-ci ilin
iyun ayı idi. Mən nənəmin yanında qalırdım. Bir axşam inəyimiz naxırdan
qayıtmadığı üçün buzovu mələyə-mələyə qalmışdı. Elə bu zaman kəndimizin
çobanı xəbər verdi ki, bəs briqadir Usub yoldaş (o zaman insanlara
müraciət forması, belə idi) inəyimizin ayaqlarını baltalayıb. Nənəmlə
mən hadisə yerinə çatanda artıq inəyimizin murdar olacağından ehtiyat
edən kənd adamları heyvanın başını kəsib, dərisini soyurdular. Kolxozun
briqadiri də bir qədər kənardan bu hadisəni seyr edirdi. Nənəm bunun
səbəbini briqadirdən soruşanda o qalib tərzdə, heç bir peşmançılıq hissi
keçirmədən: “Yaxşı eləmişəm, xalq düşməninin inəyi kolxozun pambıq
sahəsinə girə bilməz!”,- deyə cavab verdi…

Turabxan babam, rayonda məqam və söz sahibi olan bir ziyalı kimi o
qanlı-qadalı illərdə günahsız insanların uşaqlarını ağlar qoymamaq üçün
öz vəzifəsindən imtina etdi, amma bu ona baha başa gəldi, əvvəlcə 7 il
uzaq Sibirin şaxtalı həbs düşərgələrində məşəqqətli məhbus həyatı
yaşadı, sonra da ailəsilə birlikdə Qazaxıstanın qızmar çöllərinə sürgün
edildi. Mal-qarası və dədə-baba torpaqları zəbt edildi, yerində kolxoz
quruldu. Həşim kişi istisna olmaqla Nurməmməd tayfasından olan bütün
qohumlarım familiyalarını dəyişib Məmmədov oldular. Allah Həşim kişidən
razı olsun, xəbərsiz-ətərsiz Sibirin həbs düşərgəsində məhbus olan
zamanlar elə hey sürgün olunmamış nankor qohumlarımı tənbeh edərək
deyirmiş: “A balam, kişi də familiyasını dəyişər, bəs familiya sahibi
qayıdanda nə cavab verəcəksiniz?”. Və ardından da heç kimdən və heç
nədən qorxmadan uca səslə deyərmiş: “Nuriyevlər familiyasını tək
daşıyıram”. 

Bolşevik rejimi Həşim kişiyə bu mərdi-mərdanə hərəkəti bağışlamadı,
sonralar onu da ailəsi ilə birlikdə Qazaxıstana sürgün etdilər. 

Babam vəfat edəndə mənim cəmi 4 yaşım var idi. Amma əlimdən tutub
gəzməyə çıxdığımızda qəfildən düz çöküb bir əlini yerə dayayaraq o biri
əlilə də bərk-bərk məndən yapışıb yerə yıxılıb özündən getdiyi anı heç
vaxt unutmayacağam. Bu zaman kiçik bir nəvənin babasına edə biləcəyi
yeganə köməyi göstərdim: “Nənə, babam yıxıldı!” deyə fəryad etdim.
Babamı yerə yıxan nə xəstəlik, nə də qocalıq deyildi, Sibirin şaxtalı
həbs düşərgəsi, Qazaxıstanın qızmar çölləri öz yerində, bir də bəzi
soydaşlarının nankor əməlləri idi. Babam qəribə tərzdə rəhmətə getdi.
1954-cü ilin ilaxır çərşənbəsi axşamı idi. Babam əvvəlcə paklanıb qüsul
aldı və özü üçün “Fatihə”, “Yasin” oxudu. Sonra da həyat yoldaşına və 14
yaşlı qızına dedi: “Mən dünyamı dəyişirəm, bayram axşamı olduğundan
haray-həşir salmayın, səhərə qədər heç kimə xəbər verməyin” vəsiyyətini
edib canını tapşırdı. Qiymat nənəm kişinin bu son tapşırığını da yerinə
yetirdi. Bütün çətinliklərə rəğmən tək-tük ən yaxın qohumlardan savayı
kənd əhlinin səhərə kimi həmin ölüm hadisəsindən xəbər tutmasına imkan
vermədi. Əslində, qadının ərinə itaət etməsi o dövr ailə həyatının
“olmasa-olmaz” şərtlərindən biri olduğu üçün bu davranış sadəcə yüksək
dini-mənəvi dəyərlər əsasında təlim-tərbiyə görmüş kişi qızı-qadının
həyat yoldaşı ilə münasibətinin nümunəsi kimi qəbul edilməlidir. Yəqin
ki, Qarabağın son hərbiçi xanı Əhmədxanın qızı rəhmətlik Nisə qocam da
məhz bu amili nəzərə alaraq onu babama ömür-gün yoldaşı seçibmiş.

Qaçaq Nəbinin Həcəri nənəmgildə qonaq olubmuş

Nənəmin atası Həsənalı kişi haqqında bir o qədər də məlumatım yoxdur.
Onun özünün bir zamanlar danışdığı hadisəni belə xatırlayıram: “Arandan
dağa köçmüşdük. Onda mən balaca bir uşaq idim. Bir axşam bizə iki kişi
və bir qadın qonaq gəldi. Atam onlara diqqət göstərib yaxşı qonaqlıq
verdi. Sonra öz atlılarını da onlara qoşub harasa yola saldı. Bir müddət
keçəndən sonra anam dedi ki, o qadın qonaq Qaçaq Nəbinin arvadı Həcər
xanım, kişilər isə Nəbinin yaxın dostları imişlər. Atam onların Irana
keçmələrinə kömək edib”.

Bu hadisə nənəmin atasının el-oba içində sayılıb-seçilən,
qonaqlı-qaralı bir insan olduğundan xəbər verirdi. Çünki Nəbi kimi bir
el qəhrəmanının arvadı çətin günündə köməklik üçün yalnız etibarlı dost
və kişi qapısına müraciət edə bilərdi. 

Nənəmin həyatı heç də həmişə firavan keçməyib. Onun çətin günləri
“xalq düşməninin” həyat yoldaşı olduğu vaxtlara təsadüf edir ki, həmin
vaxtlar o, bəzi nankor qohumların xəyanətləri ilə də qarşılaşmalı olub.(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9895

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31