YAP-çı deputat AYB-ni tənqid etdi
“Bunlar öz nəvə-nəticələri üçün yox, digər şairlər, yazıçılar üçün də çalışmalıdır”

Azərbaycan Yazıçılar Birliyi (AYB) haqqında uzun illərdi tənqidi
yazılar yazılır və bu birliyin bir qrup adam tərəfindən zəbt edildiyi
bildirilir. Əslində, səslənən fikirlər həqiqəti əks etdirir. Diqqət
etsək görərik ki, bu qurumda sovetin “ətri” hələ də qalmaqdadır. 27
ildir eyni şəxs sədrdi, eyni adamlar dövlətdən mükafat alır və ciddi
ədəbiyyat nümunələri də barmaqla sayılacaq qədərdi. Müstəqillik
illərində ortaya çıxan ciddi əsərlərin əksəriyyəti AYB-dan kənarda olan
yazıçılara məxsusdur. Ancaq bir qayda olaraq başda Anar Rzayev olmaqla
qocaman yazıçılar bu tənqidləri qərəzli hesab edirlər və sancmaq kimi
qiymətləndirirlər.
Bu dəfə AYB ilə bağlı tənqidi fikirləri hansısa yazıçı, müxalif
fikrin daşıyıcısı deyil, YAP icra katibinin müavini Siyavuş Novruzov
səsləndirib, Novruzov “1937.az2 saytına müsahibəsində deyib: “Azərbaycan
ədəbiyyatı eyni adamlarla bitə bilməz. Bu baxımdan müxtəlif proqramlar
çərçivəsində, mənə elə gəlir ki, gənc yazarlara xüsusi kömək
olunmalıdır, dəstək göstərilməlidir. Mövcud yaradıcı birliklər Sovet
sistemindən çıxıb, yenidən təkmilləşməlidir. Amma hesab edirəm ki, bu
gün o tərkibdə də müvafiq dəyişikliklər getməlidir. Məsələn, hər dəfə,
heç olmasa, 10 faiz, 20 faiz, 30 faiz dəyişikliklər olanda ədəbiyyatın
inkişafına da kömək olur. Azərbaycan Yazıçılar Birliyi dövlət
büdcəsindən maliyyələşir və hesab edirəm ki, qurumda hər şey
sistemləşməlidir. Mənə elə gəlir ki, bunlar öz nəvə-nəticələri üçün yox,
digər şairlər yazıçılar üçün də çalışmalıdır. Yazıçılar birliyində
gənclərə üstünlük verilməlidir”.
Yaxşı olardı ki, AYB-nin rəhbərliyində olanlar Siyavuş Novruzovun fikirlərinə də münasibət bildirsinlər.
Yazıçılar Birliyinin katibi Fikrət Qoca “Azadlıq”a açıqlamasında bu
məsləyə geniş münasibət bildirməyəcəyini söylədi: “Görünür, deputatların
işi azalıb, indi də yazıçılardan danışırlar. Yəqin yay fəslinə
görədir”.
Yazıçı Seyran Səxavət isə, belə məsələlərin vaxtının keçdiyini
bildirdi: “Mənim üçün bu məsələlər artıq kiflənib, köhnəlib və
mənasızlaşıb”.
AYB-nin katibi Çingiz Abdullayev isə hazırda xaricdə olduğunu və cavab verə bilməyəcəyini söylədi.
Istənilən halda YAP-çı deputatın bu məqamları dilə gətirməsi onu
deməyə əsas verir ki, bugünə qədər olan tənqidlər qərəz deyil, hamının
bildiyi həqiqətdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9901