Putin "Boeing-777" faciəsinə görə gecəyarısı xalqa müraciət etdi
Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində
rusiyameylli separatçılar tərəfindən vurulan Malayziya təyyarəsinə görə
gecə yarısı xalqa müraciət edib.
Virtualaz.org Kremlin rəsmi saytına istinadən
xəbər verir ki, Putin videomüraciətində “Donetsk səmasından baş vermiş
dəhşətli faciəli hadisələr barədə” şərh vermək zərurətinin yarandığını
bildirir. Sitat: “Bir daha bildirmək istəyirəm ki, Rusiya bu gün
Ukraynada baş vermiş hadisələrə necə yanaşır. Biz dəfələrlə qarşıduran
tərəfləri dərhal qan axadılmasını dayandırmağa və danışıqlar masası
arxasına keçməyə çağırdıq. Tam əminliklə demək olar ki, əgər iyunun
28-də Ukraynanın şərqində döyüş əməliyyatları bərpa edilməsəydi yəqin
ki, bu faciə də baş verməzdi”.
Rusiya prezidenti daha sonra bildirib ki, heç kimin bu hadisəni
məkrli siyasi məqsədlər üçün istifadə etmək haqqı yoxdur. “Belə
hadisələr insanları ayırmalı deyil, birləşdirməlidir. Vacibdir ki,
regiondakı situasiyaya cavabdeh olan bütün insanlar öz xalqları və bu
faciədə nümayəndələrini itirmiş xalqlar qarşısında məsuliyyətlərini
artırsınlar.Beynəlxalq ekspertlərin hadisə yerində işləməsi üçün
təhlükəsizlik tam təmin edilməlidir. Zəruridir ki, fəlakət yerində
İCAO-nun ekspert komissiyası hərtərəfli araşdırma apara bilsin.
Komissiyanın təhlükəsiz şəraitdə işləməsi üçün bütün zəruri addımlar
atılmalı və humanitar dəhlizlər yaradılmalıdır” deyə Putin bildirib.
Putinin gecəyarısı xalqa müraciət etmək zərurətini hiss etməsi
fövqəladə situasiyadır və indiyədək Rusiya prezidenti ancaq bir
dəfə-Yeni İl gecəsi xalqa videomüraciətlə çıxış edirdi.
Müraciətlə çıxış etməzdən əvvəl Putin Qərb liderləri ilə telefon
danışıqları aparıb. Kremlin məlumatına görə Rusiya prezidenti Almaniya
kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Avstraliyanın
baş naziri Toni Ebbot və Niderland baş naziri Mark Ryutte ilə telefonla
danışıb. Telefon danışıqlarında söhbət Ukraynanın şərqində hərbi
əməliyyatların dayandırılması, Rusiyanın separatçılara dəstəyi
dayandırması və “Boeing-777” fəlakətinin araşdırılmasına separatçıların
yaratdığı əngəllər müzakirə olunub. Putin Malayziya sərnişin təyyarəsini
separatçıların vurduğunu inkar etməyib, ancaq bildirib ki, Ukraynanın
şərqində hərbi əməliyyatlar getməsəydi bu hadisə də baş verməzdi.
Ekspertlərə görə Putinin gecə yarısı xalqa müraciətlə çıxış etməyə
300-ə yaxın insanın həlak olduğu bu faciəyə görə Rusiyanın məsuliyyət
daşıdığını göstərən dəlillərin çoxalmasına görə məcbur olub. İyulun
20-də axşam Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, təyyarəyə
raket atan zenit-raket kompleksinin peykdən çəkilmiş görüntüləri əldə
edilib. Ukrayna prezidentinin sözlərinə görə, peyk görüntüləri raketin
haradan atıldığını və onun uçuş trayektoriyasını, habelə təyyarənin
vurulmasından sonra zenit-raket kompleksinin Rusiyaya aparılmasını sübut
edir. Həmçinin separatçılar arasında təyyarənin vurulması zamanı
aparılan radio danışıqları da qeydə alınıb. Ardınca ABŞ dövlət katibi
Con Kerri də Birləşmiş Ştatlar kəşfiyyatının təyyarənin rusiyameylli
separatçılar tərəfindən vurulduğuna dair bütün sübutları əldə etdiyini,
həmçinin təyyarənin vurulmasında istifadə edilən zenit-raket
kompleksinin iki həftə əvvəl Rusiyadan Donetskə daxil olduğunu sübut
edən görüntülərin olduğunu deyib. Kerri bildirib ki, təyyarənin
vurulmasından sonra zenit-raket kompleksinin azı bir raketi əksik
olmaqla Rusiyaya geri qaytarıldığını nümayiş etdirən videokadrları da
görüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9915