Generalların nüfuz savaşı

21.07.2014 - 16:39

Düşmənin cəbhə xəttində demək olar ki, hər gün təxribat törətdiyi və 20 faiz torpağımızın hələ də işğal altında qaldığı bir dönəmdə orduda baş verənlər, doğrudan da, cəmiyyətdə ciddi narahatlıq doğurur.
Belə bir vaxtda generallar arasında gedən nüfuz savaşı isə sanki ordunu zəiflətməyə hesablanıb. Müdafiə Nazirliyində son dövrlər aparılan yartmaz kadr siyasəti isə durumun nə qədər ağır və acınacaqlı olduğundan xəbər verir. 
Ölkənın güvənc yeri və müstəqilliyimizi qarantı olan orduda baş verənlər sözün həqiqi mənasında, anlaşılan deyil. Ona görə də islahatların total şəkildə və şəxsi qərəzdən irəli gələrək həyata keçirilməsi, peşəkar zabitlərin “qohum-qardaş” prinsipi ilə sıradan çıxarılması gec-tez acı nəticəsini verəcək. Sanki kimlərsə, ordunun sıradan çıxarılmasında maraqlı qüvvələrin diktəsi ilə hərəkət edir. Yeni müdafiə naziri Zakir Həsənova olan inam isə artıq fiaskoya uğrayır. Nazirin kadr siyasəti məhz “dostluq, qohumbazlıq” prinsipəri əsasında reallaşır. 
Gəlin bir iki fakta diqqət edək:  
– İlk günlərdə hər kəsin ümidilə yanaşdığı nazir ümidləri ictimai rəydə demək olar ki, doğrultmadı. Hətta onun düzgün hərbi salam belə verə bilmədiyi ekspertlər tərəfindən kəskin tənqid olundu. Amma məsələ bununla bitmir. Belə ki, Zakir Həsənov orduda əsgər ölümləri dalğasının qarşısını ala bilmir. Əsgər ölümlərinin günü-gündən çoxalması isə bəzi sirli məqamlardan xəbər verir. Doğrudan da, bunun qarşısını almaq mümkün deyilmi? 2014-cü ilin rəqəmlərində əsgər ölümləri faktının 50-dən çox olması isə yeni suallar ortaya çıxarır. Elə sonuncu ölüm faktıda da məhz probelim nə qədər ciddi olduğunu göstərir. 
Bir müddət öncə, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində insident yaşandı. Belə ki, hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaraladı və əsgər Abdullayev Neyman Elman oğlunu isə qətlə yetirdi. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar etdi. Faciə bundadır ki, bu problemlərin qarşısının alınması üçün addımlar atmaq əvəzinə nazirlik “ehtiyatsızlıqdan baş verib” ifadəsi ilə hadisələrin üstündən keçir. Amma reallıq ondan ibarətdir ki, bu problemlər generalların səhlənkarlığı üzündən baş verir. Bunu bir az da dəqiq ifadə etsək, fiaskoya uğrayan kadr islahatları orduda acı nəticələr verməklə gündəmə gəlir. 
Nazirin kadr islahatlarının uğursuzluğu Elbrus Orucovun vəzifəyə gətirilməsi ilə də özünü əyani şəkildə sübut etdi. Baş Qərargahın beyni adlandırılan Əməliyyat Baş İdarəsinə Azərbaycanda “məğlub general” kimi tanınan E.Orucovun Laçının işğalının 22-ci ildönümü ərəfəsində təyinatı böyük ajiotaj yaratdı. Çünki Elbrus Orucovun Şuşa uğrunda döyüşlər zamanı göstərdiyi qətiyyətsizlik, eyni zamanda onun rusiyayönümlü bir şəxs olması sirr deyildi. Ordunun belə bir zabitə yenidən etibar edilməsi sadəcə, uğursuzluq deyil, həm də biabırçılıq idi… 
Bundan başqa, bir neçə gün öncə Azərbaycanın Hərbi Hava Qüvvələrinin bir qrup zabitinin mediaya müraciət edərək bu qoşun növünün komandanı general-mayor Ramiz Tahirovun təyinatını ciddi narazılıqla qarşıladıları da ciddi nüans idi. Zabitlər bildirirlər ki, müdafiə naziri Zakir Həsənovun HHQ komandanı vəzifəsinə 2011-ci ildə general-mayor rütbəsi almış Ramiz Tahirovu təyin etməsi bütün şəxsi heyəti təəccübləndirib. Çünki R.Tahirov döyüş zabiti olmayıb, uzun müddət, az qala 10 il döyüş təlimlərində iştirak etməyib və Prezident Administrasiyasında köməkçi statusunda kabinet işi görüb. Belə bir zabitin ciddi bir posta irəli çəkilməsi başadüşülən deyil. 
Zabitlərin müraciətində bildirilirdi ki, R. Tahirov vəzifəyə təyin olunan kimi iki xalası oğlunu HHQ-də yüksək vəzifələrə təyin edib. Onun əmrinə əsasən Müşfiq Şabanov HHQ Qərargah rəisinin müavini, Emin Şabanov isə arxa cəbhə təminatı idarəsinin rəisi postlarına təyin edilib. Artıq orduda “qohum-qardaş” prinsipi oturuşmağa başlayır. Nə deyə bilərik, sonu xeyirli olsun…
Ən maraqlısı bu deyil, ciddi nüans odur ki, bu “islahat”ların arxasında daha maraqlı və pərdəraxası oyunlar dayanır. Zabitlər iddia edirdilər ki, HHQ-də aparılan bu kadr dəyişikliklərinin arxasında baş qərargah rəisi Nəcməddin Sadıkov dayanır. Bu məsələ sıradan bir hal sayılmamalıdır. Çünki son günlərdə orduda gərginliyin yaranmasının başlıca səbəblərindən biri kimi də Zakir Həsənovla Nəcməddin Sadıkovun arasındakı ziddiyyət önə çəkilir. 
Görünən odur ki, Baş Qərargah rəisi yeni iddialar peşindədir və onun bu iddiaları isə ordunun nəinki güclənməsi, əksinə, problemlərin və ziddiyyətlərin dərinləşməsinə yol açır. Demək, məsələ düşündüyümüz qədər sadə deyil. Generalların nüfuz savaşı bu şəkildə davam edərsə, hələ çox qapıları “qara xəbər” döyəcək…

Short URL: http://www.cumhuriyyet.net/?p=9925

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31