Yeni idarəçilik Türkiyəyə nə vəd edir?
Elxan Şahinoğlu: “Ərdoğan prezident seçiləndən sonra Türkiyənin siyasi və iqtisadi həyatına hakim olmağa çalışacaq”
Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca həyacan və ehtimallar da
artır. Bu seçki həm də onunla əlamətdardır ki, prezident seçkiləri
ölkədə idarəçilik formasında dəyişikliyə səbəb olacaq. Əgər bu vaxta
qədər prezidenti parlament seçirdisə, bundan sonra xalq seçəcək. Eyni
zamanda prezidentin səlahiyyətləri də müəyyən qədər artırılacaq.
Bəs yeni idarəçilik Türkiyəyə nə vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyədə
keçiriləcək prezident seçkilərinin 3 xüsusiyyətlə əlamətdar olduğunu
deyir. Birinci, Konstitusiyaya dəyişiklik edilib və prezident 7 il
deyil, 5 il müddətinə seçiləcək. İkincisi, Konstitusiyaya görə,
prezidentin səlahiyyətləri artırılıb. Bu da Türkiyə tarixi üçün
yenilikdir. Üçüncü, ən təsirli xüsusiyyət ondan ibarətdir ki,
prezidentliyə real namizəd məhz Rəcəb Tayyib Ərdoğandır: “Nəzərə
almalıyıq ki, Ərdoğan xarizmatik fiqurdur, xalq arasında çox ciddi
dəstəyi var. Baxmayaraq ki, bu illər çox qalmaqallarla üz-üzə qaldı.
Gəzi olayları, rüşvət qalmaqalı baş verdi, Fətullah Gülən camaatı ilə
üz-üzə gəldi. Bütün bu qalmaqallardan uğurla çıxdı, hətta reytinqini
yüksəldi. Bələdiyyə seçkilərində partiyası daha çox səs topladı. Başqa
bir siyasətçi olsaydı bəlkə də siyasət səhnəsindən silinə bilərdi.
Ərdoğan böyük ehtimalla prezident seçiləcək. Çünki rəqibləri zəifdir”.
Ekspertin sözlərinə görə, Ərdoğan prezident seçiləndən sonra
səlahiyyətlərindən istifadə edərək xarizmasını saxlamağa, Türkiyə
üzərində nəzarətini gücləndirməyə çalışacaq. Necə ki, baş nazir kimi
Türkiyədə baş verənlərə özü məsuldur, özü nəzarət edir, partiyasında da
əsas fiqur özüdür, parçalanmaya imkan vermir.
Ekspert Ərdoğandan sonra kimin baş nazir seçiləcəyinin də əhəmiyyətli
məsələ olduğunu deyir: “Əsas olan məsələ Türkiyədə prezidentin kimliyi
və necə işləyəcəyi deyil, baş nazirin kim olacağıdır. Çünki Ərdoğan
prezident olacaqsa, öz partiyasından elə bir namizədi irəli çəkməlidir
ki, həm insanlar arasında böyük rəğbəti olsun, həm də o partiyasının
xarizmasını saxlaya bilsin. Bu çox çətin olacaq. Çünki AKP-də Ərdoğan
kimi ikinci fiquru tanımıram. Amma yenə də belə bir fiqur tapılmalıdır
ki, partiyanı parçalamasın, irəliyə doğu aparsın, problem yaşatmasın.
Ərdoğana həm də namizəd lazımdır ki, gələcəkdə onunla nifaq yaşamasın.
İstənilən halda Ərdoğan prezident seçiləndən sonra Türkiyənin siyasi və
iqtisadi həyatına hakim olmağa çalışacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9944