İlham Əliyevə qarşı 2,4 milyon dollar və ABŞ səfirliyində məxfi görüşlər

21.07.2014 - 23:03

Məni günahlandırmayın, amma ABŞ-ın ölkəmizdəki strateji məqsədinin mahiyyətini açan əsas suala cavab tapa bilmirəm.

Məni günahlandırmayın, amma ABŞ-ın ölkəmizdəki strateji məqsədinin mahiyyətini açan əsas suala cavab tapa bilmirəm.
 
 

Sual da budur: Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və ya İordaniya
kimi ölkələrdə siyasi mühitin dəyişdirilməsi və insan haqları
sahəsindəki vəziyyətin yaxşılaşdırılması məsələlərində tənbəllik və
ənənəvi biganəlik göstərən ABŞ Azərbaycan hökumətinə qarşı niyə bu qədər
aqressivdir?

Bəlkə Azərbaycan hökuməti Fars körfəzi ölkələrindən fərqli olaraq
daha az səmimidir və Vaşinqtonla əməkdaşlığa könülsüz gedib? Bəlkə
Azərbaycan təhlükəsizlik, energetika və hərbi əməkdaşlıq sahəsindəki
öhdəliklərinin hansınısa bu illər ərzində bircə dəfə də olsa pozub?

Görünən budur ki, nə İlham Əliyev, nə də ümumən Azərbaycan hökuməti
Vaşinqtona müttəfiqlik münasibətlərini nəzərdən keçirmək üçün heç bir
əsas və bəhanə verməyiblər. Onda sual doğur: bəs onda ABŞ anti-Əliyev
cəbhəsini gücləndirmək üçün niyə dayanmadan cəhdlər göstərir, öz siyasi
müttəfiqinin sabit və möhkəm mövqelərini laxlatmağa çalışır?

Buradan təbii olaraq belə bir obyektiv nəticə çıxır: Vaşinqton Əliyev
hakimiyyətinin möhkəmlənməsində əsla maraqlı deyil, ona görə də hazırkı
hökumətin mövqelərinin zəiflədilməsinə nail olmaq üçün hər yola əl
atır.

Anti-Əliyev cəbhəsinin gücləndirilməsi üçün böyük səylər göstərən ABŞ-ın motivi və marağı nədən ibarət ola bilər?

Vaşinqtonun bu addımları atmağa sövq edən motiv iki səbəblə izah oluna bilər:

1) ABŞ İlham Əliyevin müstəqil siyasət yürütməsindən
narazıdır. Əliyevin balanslı xarici siyasət doktrinası Ağ Evi qane
etmir deyə ABŞ vətəndaş cəmiyyətini və müxalifəti gücləndirmək yolu ilə
Azərbaycan hakimiyyətinə siyasi təzyiq rıçaqlarını gücləndirməyə
çalışır;

2) Azərbaycanda hakimiyyət başında İlham Əliyev kimi
güclü və xarizmatik siyasətçinin olması ABŞ-ı qane etmir. Ona görə də
Vaşinqton 2005-ci ilin oktyabrında olduğu kimi yenə də ölkədəki daxili
siyasi vəziyyəti gərginləşdirmək, idarəolunan xaos mühiti yaratmaq və
hakimiyyəti dəyişmək üçün şərait yaratmaq üçün imkanlar axtarır.

İlham Əliyevə qarşı radikal və barışmaz mübarizə platformasında
dayanan mülki cəmiyyət təsisatlarının gücləndirilməsi üçün on
milyonlarla dollar vəsait ayrılmasını izah edəcək üçüncü versiya yoxdur
və ola da bilməz. Özü də burada söhbət ABŞ hökumətinə yaxın mənbələrdən
verilən nəhəng məbləğlərdən gedir. 

Müxalifətçilərə axıdılan milyonlar 

Əgər ianə, maliyyə layihələri və qrantların böyük əksəriyyəti
əvvəllər Respublikaçılar İnstitutu və ya Milli Demokratiya İnstitutu
(MDİ) sayaq hökumətə yaxın fondlar vasitəsilə verilirdisə, Vaşinqton
indi bu nəcabət maskasını da çıxarıb ataraq Azərbaycan müxalifətini və
qeyri-hökumət təşkilatlarını ABŞ-ın əsas hökumət agentliyi olan USAİD
(ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyi) vasitəsilə
maliyyələşdirməyə başlayıb. Özü də açıq-aşkar…

Ötən araşdırmalarımızın birində də hesabladığımız kimi, Azərbaycanın
müxalifətçi QHT-ləri İlham Əliyevin hakimiyyət başında olduğu 10 il
ərzində –  2003-2013-cü illərdə USAİD-in xətti ilə 4 milyon 233 min 706
dollar vəsait alıblar. Qeyd etdiyimiz kimi, bu pulların çoxu məhz son
illərdə verilib.

Lakin Azərbaycanın müxalif QHT-lərinə axıdılan yeni maliyyə
vəsaitləri ilə bağlı məlumatların təhlili göstərir ki, ABŞ hökuməti
Azərbaycanla bağlı konsepsiyasını nəzərdən keçirməyə nəinki hazırlaşmır,
hətta əksinə, müxalifətə göstərdiyi bu yardımları dəfələrlə artırmaq
niyyətindədir. Özü də yeni maliyyə vəsaiti USAİD-in xətti ilə
ayrılacaq. 

ABŞ-ın yeni layihəsi 

Yeni qrantlar məsələsinə keçməzdən əvvəl ABŞ-ın Azərbaycandakı yeni
layihəsinə diqqət yetirək. Söhbət “Azərbaycan vətəndaşlarının siyasi
proseslərə cəlb olunma səviyyəsinin artırılması” adlı layihənin həyata
keçirilməsindən gedir.

Bu layihəni ABŞ Milli Demokratiya İnstitutu (MDİ) həyata keçirəcək.
Bəli, yanlış eşitmədiniz. Azərbaycan hökumətinin MDİ-nin ölkəmizdəki
nümayəndəliyinin açıq-aşkar pozucu fəaliyyətinin qarşısını vaxtında və
qətiyyətlə almasına baxmayaraq ABŞ “rəngli inqilablar”ın bayraqdarı olan
bu təşkilatın Bakıda dirçəldilməsinə görünür, hələ də möhkəm ümid
bəsləyir. ABŞ gerçəkləşdirilməsi 2013-2015-ci illəri əhatə edəcək bu
layihəyə 3,5 milyon dollar ayırıb.

ABŞ “azərbaycanlıların siyasi proseslərə cəlb olunması” deyəndə nəyi
nəzərdə tutur? Söhbət doğrudanmı tənqidçilərin çoxdan “kabinet
partiyası”siyahısına daxil etdiyi hakim Yeni Azərbaycan Partiyasının
fəallaşdırılmasından gedir? Bəlkə amerikalılar məsuliyyət və mübarizənin
bütün yükünü dövlət aparatının üzərinə qoymuş prezident tərəfdarlarının
sıralarında passionarlıq və kreativliyin yetərincə olmamasından məyus
olublar deyə YAP-ın özünü canlandırmaq və Əliyev tərəfdarlarını 2015-ci
il parlament seçkiləri ərəfəsində fəallaşdırıb hərəkətə gətirmək qərarı
veriblər?

Əlbəttə, biz bu qədər yersiz və mənasız suallar verəcək qədər
sadəlövh deyilik. Amma məsələnin “vətəndaşların siyasi proseslərə cəlb
olunması səviyyəsinin artırılması” şəklində qoyuluşunun özü bu haqda
mühakimə yürüdərkən hər halda ədalətli və qərəzsiz olmağı tələb edir.

Amerikalılar Azərbaycanın bipolyar siyasi sistemindəki balans barədə
çətin düşünələr. Çünki Vaşinqton “vətəndaşların siyasi proseslərə cəlb
olunması”ndan danışırsa, deməli, “vətəndaşların hakimiyyətə qarşı
çıxması”nı nəzərdə tutur.

Nümunə üçün uzağa getmək lazım deyil. 2012-ci ildə ABŞ Azərbaycan
hakimiyyətinin “mövqeyinizi dəqiqləşdirin” (bu mövqe isə özünü müxalif
qurumların davamlı şəkildə maliyyələşdirilməsində göstərirdi) məzmunlu
tənqidlərinə cavab olaraq Azərbaycan Hüquqşünaslar Konfederasiyasına elə
həmin bu USAİD-in xətti ilə 1,5 milyon dollar qrant ayırmışdı. Bu pul
“Azərbaycan hüquq konsorsiumu” layihəsinin həyata keçirilməsinə
verilmişdi.

Vaşinqtonun bu seçimi o zaman bizim siyasi bomondu silkələyib oyatdı.
Çünki amerikalılar Azərbaycan Hüquqşünaslar Konfederasiyasına rəhbərlik
edən iqtidaryönlü deputat Əli Hüseynli ilə müxalifətçi hüquqşünaslar
İntiqam Əliyev, Rəşid Hacılı və digərləri arasındakı qrant uğrunda
mübarizə ənənələrinə zidd olaraq üstünlüyü sonda hakimiyyətin
nümayəndəsinə vermişdi.

Vaşinqtonun bu misilsiz qərarı qeyri-hökumət çevrələri tərəfindən
sərt tənqidlərlə qarşılandı. Onlar ABŞ-ı tənqid atəşinə tutaraq
demokratiyanı neftə qurban verməkdə ittiham edirdilər. Bu qərar eyni
zamanda ABŞ-ı mütəmadi olaraq yalnız “rəngli qüvvələr”i
maliyyələşdirməkdə ittiham edən əksər analitikləri, ekspertləri, hətta
hakimiyyət nümayəndələrinin özlərini belə sual qarşısında qoydu.

Lakin USAİD bu il mayın 19-da bu layihənin maliyyələşdirilməsinin
dayandırıldığını qəflətən bəyan etdi. Əli Hüseynli və onun
konfederasiyası bunu belə izah etdilər ki, amerikalılar onlardan
hakimiyyəti tənqid etməyi davamlı şəkildə tələb edirmişlər. Ə.Hüseynli
isə bundan imtina edib. Nəticədə layihəni dayandırıb əməkdaşlığı
kəsdilər.

Amerikalılar doğrudanmı elə düşünürlərmiş ki, Ə.Hüseynlini və
onun təşkilatını milyon yarıma satın ala bilərlər? Bəlkə amerikalılar
bu əməkdaşlığı deputatın Rusiya TV-sinə verdiyi müsahibədən sonra
dayandırdılar?

Yada salaq ki, Ə.Hüseynli həmin müsahibəsində Rusiyanı açıq şəkildə
müdafiə edərək ABŞ-ı, o cümlədən səfir Riçard Morninqstarı Azərbaycanda
permanent “rəngli inqilab”ların təşkili cəhdlərində ittiham etmişdi.

Şübhəsiz ki, bunlar bizim versiyalardır. Sadəcə versiyalar… Yaxşı,
bəs amerikalılar durub durduqları yerdə əməkdaşlığı niyə kəsdilər? Onlar
MDİ-nin bağlanmasına baxmayaraq “vətəndaşları siyasi proseslərə cəlb
etmək” layihəsini niyə davam etdirirlər? Söhbət “bu vətəndaşlar”dan
getmirsə, onda ABŞ hansı “vətəndaşlar”ı nəzərdə tutur?

Bu suala sonra cavab verərik. İndiliksə bu suala aydınlıq gətirək: “Facebook
inqilabı”nın müjdəçisi olan MDİ Azərbaycanda rəsmi qeydiyyatı
olmaya-olmaya “etibarlı vətəndaşlar”ın (Əli Hüseynli və onun kimilərinin
yox!) siyasi proseslərə cəlb olunması layihəsini maliyyələşdirməyi
necə, hansı şəraitdə davam etdirmək niyyətindədir?

ABŞ rezidenti Aleks Qriqoryevs bu suala özünün son qalmaqallı müsahibəsində cavab verib.

Yadınıza salın, jurnalist A.Qriqoryevsdən soruşdu ki, MDİ-nin bank
hesabları olmaya-olmaya siz azərbaycanlı tərəfdaşlarınıza pulu hansı
hesabdan ödəyirsiniz. Qriqoryevs söz altda qalmadı və dərhal cavab
verdi: “Mənim şəxsi bank hesabımdan”.

Yəni rezident pulu öz hesabından çıxararaq onu “facebook inqilabı
işi”nə nağd şəkildə ödəyirmiş. Görünən budur ki, amerikalılar “soyuq
müharibə” taktikasına qayıdırlar. O taktika da budur: qeyri-hökumət
qurumlarını və müxalifəti toxunulmazlıq hüququ olan diplomatlar
vasitəsilə nağd pulla maliyyələşdirmək.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın bir neçə il qabaq
mənə dediklərini yaxşı xatırlayıram. Brayza deyirdi ki, amerikalılar
Voytsex Yaruzelskinin hakimiyyəti dövründə Polşada da yalnız nağd pulla
işləyirdilər.

“Şəxsən mən özüm Müqavimət Hərəkatı fəallarına xüsusi çamadanlarda dəfələrlə nağd pul vermişəm” – deyə 80-ci illərdə ABŞ-ın Varşavadakı səfirliyində işləmiş Brayza etiraf edirdi.

Əminliklə belə güman etmək olar ki, “vətəndaşların 3,5 milyon dollar
müqabilində siyasətə fəal cəlb olunması” layihəsinin həyata keçirilməsi
pulların konspirativ qaydada bölüşdürülməsinin “soyuq müharibə” dövründə
sınaqdan keçirilmiş sxemi əsasında davam etdiriləcək.

Əli Hüseynlinin təşkilatının maliyyələşdirilməsi tarixçəsi isə
istisna hal idi. Əslində amerikalıların səhlənkarlığının nəticəsi idi.
Sonradan bu səhvlərini tələm-tələsik düzəltdilər.

Buna bir daha əmin olmaq üçün ABŞ-ın hökumət agentliyi olan USAİD-dən
20 milyon dollar vəsait almış təşkilat və şəxslərin siyahısına baxmaq
kifayətdir. USAİD İlham Əliyevin hakimiyyətdə olduğu müddət ərzində
Azərbaycanda müxalif KİV-lərin yaradılmasına və söz azadlığının
inkişafına 20 milyon dollara yaxın pul ayırıb. Buyurub baxa
bilərsiniz… 

Bu siyahı, bu da hədəf… 

“İnternews Network” təşkilatı “müstəqil KİV-in inkişafı” üzrə xüsusi
layihə adı ilə 2000-2004-cü illər ərzində 2,5 milyon dollar alıb.
Hərçənd ki, burada söhbət mətbuatın müstəqilliyindən yox, hökumət
əleyhinə tənqidi platformanın genişləndirilməsindən gedirdi.

İREX təşkilatı isə 2004-2010-cu illərdə 5,7 milyon dollar almışdı. O,
bu pulların çoxunu Azərbaycanda müxalif fikrin formalaşdırılmasına
yönəltmişdi.

İREX 2007-2009-cu illərdə USAİD-dən əlavə olaraq daha 250 min dollar
alıb. 2010-2014-cü illərdə isə İREX “yeni mətbuat orqanları”nın
yaradılması adı ilə 6 milyon dollar alıb. Bu layihə 2014-cü ildə başa
çatır. Onun nəticələri çox maraqlıdır: xaricdən maliyyələşən bu yeni
mətbuat orqanlarının mütləq əksəriyyəti ya müxalifətçi, ya da müxalif
əhval-ruhiyyəlidir. Unutmaq olmaz ki, burada söhbət hədəfi yalnız
prezident İlham Əliyev olan xüsusi layihələrdən gedir!

Yeri gəlmişkən, İREX öz antiazərbaycan mövqeyini heç vaxt gizlətmir.
Yeni mətbuat layihəsinin icrasını rumıniyalı Anjela Nikoaraya
tapşırıblar. Azərbaycan hökumətinin qatı tənqidçisi olan xanım Nikoara
həm İ.Əliyevi, həm də hökumətin daxili siyasətini tənqid atəşinə tutan
çoxsaylı hesabatların müəllifidir.

Həmin hesabatlar ölkəmizə dərin nifrət hissi ilə yoğrulub. Bu da
təsadüfi deyil. A.Nikoara ermənipərəst mövqeyini də dəfələrlə ortaya
qoyaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsini tez-tez
qaldıran biridir.

Bundan başqa, o, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda
suçlanan Rauf Mirqədirova hərtərəfli dəstək verməyi Vaşinqtondan şəxsən
xahiş edib. Mirqədirov problemini beynəlxalq aləmdə və ABŞ-da
Azərbaycana təzyiq aləti kimi “cücərdib böyütmək” ideyasının müəllifi də
A.Nikoaradır. İREX Mirqədirovun müdafiəsi ilə bağlı beynəlxalq
kampaniya aparmaq üçün xüsusi proqram işləyib hazırlayıb.

USAİD-in yeni xüsusi layihəsi 

USAİD bu il mayın 21-də heç bir elan və anons vermədən, demək olar
ki, gizli şəkildə “Azərbaycanda KİV-in dəstəklənməsinə dair fəaliyyət”
adlı layihə ilə bağlı müsabiqə elan etdi.

Amerikalılar “KİV” deyəndə İlham Əliyevin ünvanına sərt tənqidləri
nəzərdə tuturlar. Biz bunu Xədicə İsmayılova, Nüşabə Fətullayeva və
“Regional təhqiqatçı jurnalistlər şəbəkəsi” vasitəsilə maliyyələşdirilən
və həyata keçirilən kompromat dövriyyəsi üzrə digər “mütəxəssis”lərin
fəaliyyətinin nümunəsində əyani şəkildə görmüşük.

Yeri gəlmişkən, bu layihənin Cənubi Qafqaz üzrə əlaqələndiricisi
sosial şəbəkələrdə, ümumən virtual məkanda prezidentin və onun ailə
üzvlərinin ünvanına hər gün təhqiramiz status və şərhlər yazan Xədicə
İsmayılovadır. Amerikalılar da bunu bilir, dəstəkləyir və
maliyyələşdirir…

Beləliklə, USAİD Əliyev əleyhinə yeni layihənin həyata keçirilməsinə
nə az, nə çox – düz 2,4 milyon dollar ayırıb. Fikir verin, USAİD bu pulu
məhz İREX-in oxşar layihəsi başa çatan gün ayırıb. Böyük ehtimalla bu
pulu yenə İREX alacaq. Müsabiqə, elan və tenderlər isə gözə kül üfürmək,
“şəffaf və təmiz fəaliyyət” görüntüsü yaratmaq üçündür.

Beləliklə, bu pullar İREX-ə çatacaq. Bəs İREX-də media layihələri ilə kim məşğuldur? Hüquqşünas Ələsgər Məmmədli.

Bu adam müxalif fikirlidir, hökuməti tez-tez tənqid edir. Onun nurçularla əlaqələrinə dair təkzibolunmaz dəlillər də var.

İndi də gəlin ABŞ-ın bu təşkilatının Azərbaycandakı ənənəvi fəaliyyətinə, onun himayə etdiyi çevrələrə nəzər salaq.

İREX-in tərəfdaşlarının siyahısı dəyişməz olaraq qalır. Söhbət
İ.Əliyevin qatı əleyhdarlarından və tənqidçilərindən gedir. Onlar
aşağıdakılardır: Rəşid Hacılı (Media Hüquqları İnstitutu), Mehman Əliyev
(“Turan” agentliyi), Emin Hüseynov (Reportyorların Azadlığı və
Təhlükəsizliyi İnstitutu), Anar və Əziz Orucovlar (“Media Qafqaz”
Tədqiqat Mərkəzi), Rəsul Cəfərov (İnsan Haqları Klubu) və s.

Şübhə yoxdur ki, 2,4 milyon dollarlıq yeni tranş bu dəfə də hökumətin əleyhdarları və tənqidçiləri arasında bölüşdürüləcək.

Bu təşkilatların həyat qabiliyyətini qoruyub saxlamaq amerikalılardan
ötrü çox vacib məsələdir. Bunu anlamaq o qədərmi çətindir? 

ABŞ səfirliyində məxfi görüş 

ABŞ-ın anti-Əliyev KİV-lərin ömrünü daha bir neçə il uzatmalı olan
yeni layihəsinə fərqli yanaşmalar meydana çıxandan dərhal sonra ABŞ
səfirliyi bərk əl-ayağa düşdü. Səfirliyin məsul şəxsləri
müxalifətçilərlə təcili qapalı görüşlər keçirməyə başladılar. Həmin
görüşlərdə müxalifətçilərə hökumətə yaxın şəxslərlə və jurnalistlərlə
hər cür təmaslardan qaçmaq, eləcə də ağızlarından yeni xüsusi layihədə
iştiraklarına dair heç bir söz qaçırmamaq məsləhət görülürdü.

Amerikalılar Əli Hüseynli ilə bağlı qalmaqaldan sonra USAİD-in
Azərbaycandakı yeni fəaliyyət strategiyası üzərində işləyirlər. Bu
strategiya Vaşinqton üçün xüsusi hesabatlar hazırlayan və rəsmi
qeydiyyatdan keçmiş amerikapərəst QHT-lərin mobil ofislərinin qorunub
saxlanmasına nail olmaq üçün sistemli iş aparmağı nəzərdə tutur.
Amerikalılar iqtidaryönlü QHT-lərlə işləməyin mənasız və səmərəsiz
olmasına artıq əmin olublar. USAİD-ə hakimiyyətin xüsusi diqqətini cəlb
etməmək təlimatı verilib. Çünki amerikalılar da başa düşürlər ki,
2013-cü ilin martından – A.Qriqoryevsin və MDİ-nin “facebook inqilabı”
hazırlığı ifşa olunandan, NİDA əhvalatından, İlqar Məmmədovun REAL
işindən, Qriqoryevsin “əlaqələndiricisi” Anar Məmmədlinin həbsindən
sonra onların yeni QHT-ləri qeydiyyatdan keçirməsi elə də asan
olmayacaq. Buna görə də onlar köhnə QHT-ləri qoruyub əldə saxlamaq xətti
götürüblər.

Vaşinqton bu layihəyə böyük ümidlər bəsləyir. Çünki həmin layihə
gələn ilin yayında Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları,
habelə 2015-ci il parlament seçkiləri ilə birbaşa bağlıdır. Amerikalılar
həmin qızmar siyasi mövsümdə etirazçıların mövqeyini gücləndirməyə ümid
edirlər.

ABŞ səfirliyi Azərbaycan hökumətinin bu layihəni qeydə almaqdan
sadəcə imtina etməsindən ehtiyatlanır, ona görə də qeydiyyat prosesinə
qədər açıq qarşıdurmaya girməkdən çəkinir.

Bundan əlavə, plana görə, qeydiyyat proseduru ərəfəsində Vaşinqtondan
Bakıya xüsusi ekspert qrupu gəlməli, hökumət nümayəndələrini bu qrant
layihəsini qeydə almağın vacibliyinə inandırmalıdır.

Olimpiada və parlament seçkiləri ərəfəsində (“Eurovision”
ərəfəsində olduğu kimi) Əliyev hökumətini maksimum tənqid etmək kimi
aydın bir məqsədi olan bu nəhəng layihənin koordinatoru müxalifətçi Ülvi
İsmayıldır. Fəal sosial şəbəkə istifadəçisi olan Ü.İsmayıl
hakimiyyətin ünvanına hər gün küfr və nifrin yağdırır. Lakin bu,
USAİD-in keçmiş əməkdaşına ABŞ-ın xüsusi təşkilatlarında yüksək
vəzifələrə dırmanmaqda əsla mane olmadı. Ülvi İsmayıl İREX-in Vaşinqton
ofisi rəhbərinin müavini postunu tutdu. Yeni xüsusi layihəyə birbaşa o,
kuratorluq edəcək.

Krallar hər şeyi bacarır 

Amerikalıların heç vaxt üst-üstə düşməyən sözləri ilə əməllərində
narahatlıq doğuran məqam budur ki, onlar bütün olub-bitənləri çox lovğa
şəkildə və yekəxanalıqla izah etməyə çalışırlar. Hər şeyi öz adı ilə
çağırası olsaq, bu, müttəfiqlik öhdəliklərinə xəbis və mənfur
münasibətdən başqa bir şey deyil.

Onlar ümumbəşəri dəyərləri, insan haqları fəlsəfəsini və demokratiya
ideallarını əldə bayraq edirlər. Məsələni elə təqdim edirlər ki, bu
dəyərlər ABŞ xarici siyasətinin guya ayrılmaz tərkib hissəsi imiş. Bu
fəlsəfə nəyə görəsə məhz xüsusi seçilmiş ölkələrə tətbiq olunur.
Azərbaycan da ya anlaşılmazlıqdan, ya da Vaşinqton isteblişmentinin bir
hissəsinin məsələyə qeyri-şüuri yanaşması üzündən bu siyahıya düşüb.

Sual yaranır: ABŞ-ın maraqlarından ötrü strateji əhəmiyyət
daşıyan sahələrdə, daha dəqiq desək, energetika və təhlükəsizlik
məsələləri sahələrində İlham Əliyevlə tərəfdaşlığı gücləndirib
dərinləşdirməyin vacibliyi və müttəfiqlik öhdəliklərinin əhəmiyyəti
barədə bəlağətlə danışa-danışa indiki hakimiyyəti devirməyi qarşısına
maksimum vəzifə kimi (minimum vəzifə indiki iqtidarı gözdən salmaqdır)
qoymuş şəxs və təşkilatları maliyyələşdirib gücləndirməyə nə ad vermək
olar?

Vaşinqtonun buna özünəməxsus izahı var: Azərbaycanda güclü vətəndaş
cəmiyyəti olmasa, bu ölkənin hökuməti ABŞ-la müttəfiqlik
münasibətlərinin gələcəyi barədə guya dərindən və hərtərəfli düşünə
bilməz.

Məsələyə ABŞ tərəfindən bu cür çox qəribə, deyərdim hətta saxtakar,
satqıncasına bir yanaşma var. Bunun belə olduğunu ABŞ-ın Fars körfəsi
ölkələrində az qala yarım əsrdir yeritdiyi siyasət də sübut edir.

Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb
Əmirlikləri, İordaniya və s. ölkələrdə bəyəm “vətəndaş cəmiyyəti”
anlayışı var?

Digər tərəfdən, əgər həmin bu demokratik təsisatların dəstəklənməsi
və müdafiəsi Vaşinqtonun xarici siyasətinin dorğudan da məhək daşıdırsa,
onda niyə nə Ağ Ev, nə Dövlət Departamenti, nə USAİD, nə də İREX bu
ərəb ölkələrindəki müxalifətçi QHT-ləri dəstəkləmək üçün əllərini ağdan
qaraya vurmayıblar?

Prezident Barak Obama Səudiyyə Ərəbistanının despotik kralının əlini
öpür. Bu, nəhəng dövlətin partlamağa hər an hazır olan həssas regiondakı
maraqları ilə izah olunur.

Tutaq ki, belədir. Bəs onda ABŞ-ın digər təşkilatları, məsələn, elə
həmin bu MDİ, yaxud NED Fondu Səudiyyə Ərəbistanı cəmiyyətinin
liberallaşdırılması çağırışları ilə çıxış edən səudiyyəli liberal Raif
Bədvinin müdafiəsi haqda niyə heç olmasa düşünmür, bu fikri nədən
özlərinə yaxın belə buraxmırlar? Axı kral Abdulla R.Bədvinin
elektron qəzetini elə demokratiyanın beşiyi olan ABŞ-ın prezidenti
tərəfindən öpülmüş əlləri ilə bağlayıb, elə deyilmi?!

USAİD bu cəsur ərəb jurnalistini dəstəkləmək və ona fəxri mükafat
vermək üçün doğrudanmı pul tapmadı?! Yoxsa ABŞ hökuməti öz ölkəsində
internetə girişi tamamilə məhdudlaşdıran bu ərköyün kralın qəzəbli və
köntöy reaksiyasından ehtiyatlanıb qorxdu? Bəs onda dəyərlər,
demokratiya söhbətləri necə olsun? Bəs onda prinsiplər hara yoxa çıxdı?
Bəlkə yerini deyəsiniz?

Kral Abdullanın hakimiyyəti dövrü “despotiya” termininin tam
tətbiqinə imkan verir. Bu rejim Oksford və Kembric universitetlərinin
divarları arasında yetişib çıxan “milli ziyalı sinfi”nin yaratmaq
istədiyi vətəndaş cəmiyyəti ideyasını beşiyindəcə boğub.

Cəmi bir ilini həbsxanada keçirmiş Emin Milli sayaq hansısa
əldəqayırma bloggerin şikayətinə o dəqiqə reaksiya verən Hillari Klinton
ondan hüquqlarının müdafiəsini tələb edən yüz minlərlə ərəb qadının
kütləvi müraciətlərinə nədənsə cavab vermir. Səudiyyəli qadınlara maşın
sürmək də qadağan edilib. Əhalinin əksəriyyəti H.Klintona müraciət
edərək ondan xahiş etdilər ki, kralın bu elementar hüququ onların
əlindən almasına heç olmasa etirazını bildirsin, bu yasağı aradan
qaldırmaqda yardımçı olsun.

Amma xanım Klinton zavallı səudiyyəli qadınlara heç quru
cavab verməyi də özünə rəva bilmədi. Niyə? Kral Abdulla bin Əbdül Əzizi
qəzəbləndirməkdən qorxdu.

Elə həmin bu Səudiyyə Ərəbistanında günahı yalnız və yalnız kralı
Vaşinqtonla ittifaqa girdiyi üçün tənqid etməkdən ibarət olan şiə lideri
Nimr əl-Nimri istintaqsız-məhkəməsiz güllələyəndə də çoxsaylı
beynəlxalq hüquq müdafiə təşkilatlarının tükü də tərpənmədi. Onlar
görkəmli alimin alçaqsacına qətlə yetirilməsini görsələr də susdular.

Daha pisi odur ki, “The Foreign Policy” nəşrinin yazdığına görə,
ər-Riyadda işləyən amerikalı diplomatlar hələ uzun müddət ona mat
qalıblarmış ki, hakimiyyət Nimr əl-Nimri niyə daha əvvəl – bu alim 
monarxiyanın ünvanına tənqidlər səsləndirib şiələrin yaşadığı şərq
vilayətlərinin ayrılmasına çağırış edəndən niyə dərhal sonra həbs
etməmişdi…

Yaxud ABŞ-ın digər müttəfiqini – Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ)
götürək. BƏƏ-nin BMT Baş Assambleyasının insan haqlarına dair
tövsiyələrinin heç birinə əməl etməməsi faktı ABŞ-a məlumdurmu? Axı
“Freedom House” təşkilatının özü də BƏƏ-ni demokratiya əlamətlərinin
yerli-dibli olmadığı ölkələr siyahısına daxil edib. Bəs onda
USAİD BƏƏ Hüquq Müdafiə Təşkilatları Assosiasiyasına niyə yardım
göstərmir? Orada yeni media layihələrinə niyə milyonlar ayırmır?

Amerikalı kahinlərin bundan xəbəri varmı ki, Yəməndə prezidentin
tənqid edilməsi hətta “ərəb baharı”ndan sonra da qanunla qadağandır və
rəsmən cinayət sayılır?

Amerikalılar bəs İordaniyada niyə belə passivdirlər?
İordaniyanın yerli Xədicə İsmayılovasına – əfsanəvi təhqiqatçı-jurnalist
Renaya niyə heç bir yardım göstərmirlər?

İordaniyanın Ümumölkə Həmkarlar Federasiyasına və Mazena Maayta niyə kömək etmirlər?

Bəs bəhreynli müxalifətçi Nabil Rəcəbə işgəncə veriləndə niyə
susdular? Axı hətta “Amnesty İnternational” da bu ölkədə insan haqları
ilə bağlı məsələyə görə həyəcan təbili çalır. Bəs ABŞ niyə susur?

Dövlət Departamentində oturan məmurların öz şerində “ərəb baharı”na
sadəcə rəğbətlə yanaşan istedadlı qətərli şair Əcəminin bircə bu şerə
görə 15 il həbs cəzasına məhkum edilməsindən xəbəri varmı? Amerikalı
hüquq müdafiəçiləri Əcəminin həbsinə bilirsinizmi necə münasibət
bildirmişdi?! Demişdilər ki, “görünür, bu işin siyasi çaları var”.

Siz hələ ifadələrə, yanaşmaya baxın: “görünür…”, “siyasi çalar…”

Cənablar, bəs sizin o odlu-alovlu, qəzəbli və ifşaedici nitq
və çıxışlarınız hanı? Dinləmələriniz, Helsinki komissiyalarınız hanı?

Bu suallara mənim əvəzimə “Human Rights Watch” təşkilatının əməkdaşı, hüquq müdafiəçisi Nikolas MakGian cavab
verir: “Beynəlxalq birlik, daha dəqiq desək, Qərb özünü Fars körfəzi
ölkələrindəki vəziyyətlə bağlı çox laqeyd və tədbirli aparır. Ona görə
də bu ölkələr insan haqları sahəsindəki kobud qanun pozuntularına görə
cəzadan yayına bilirlər”.

Bu suallara mənim əvəzimə bəhreynli müxalifətçi Nabil Rəcəb cavab
verir: “Beynəlxalq birlik, əsasən də amerikalılar bizim ölkəmizdə baş
verənlərə göz yumublar. Çünki Bəhreyn, Fars körfəzi və Səudiyyə
Ərəbistanı dünyanın Qərbə böyük təsir gücünə malik varlı bölgəsinə
aiddir. Qərb müxtəlif ölkələrə müxtəlif cür yanaşır. Bu zaman həmin
ölkələrin maliyyə vəziyyəti, neftinin olub-olmaması və ya onunla silah
alveri edib-etməməsi kimi amillərə əsaslanır. Bu da Qərbə olan etimadı
artırmır”.

Yaxşı, Vaşinqton Azərbaycan müxalifətinə ayırdığı çoxmilyonluq tranşlara indi necə izah verəcək? Bunu
demokratik dəyərlər amili ilə izah edəcəkmi? Bunu ədalətli seçki ilə
izah edəcəkmi? Bunu dəyişilməz prinsiplər amili ilə izah edəcəkmi?

Cənablar, siz axı şərqli despotların əlini öpürsünüz!

Özünü Obamanın bu gün bərk-bərk yapışıb lovğalandığı dəyərlərə qurban
vermiş ABŞ prezidenti Avraam Linkolnun dedikləri öncəgörmə kimi düz
çıxdı.

A.Linkoln deyirdi: “Yaxın gələcəkdə çox qorxulu bir dönüş baş
verəcək. Korporasiyaların hakimiyyətə gəlməsinin ardınca satqınlıq
dövrü başlayacaq və kapital demokratiya üzərində hökmranlıq edəcək.
Kapital bütün milli sərvətlər bir qrup adamın əlində cəmləşənə qədər
kütlənin ən incə instinktləri ilə oynayacaq. Ondan sonra demokratiya və
bərabərliyə son qoyulacaq…”

Prezident öz ölkəsinin taleyini öncədən belə görürdü. Onu bu tarixi
çıxışından bir neçə il sonra öldürdülər. Həmin dövrdən etibarən ABŞ-da
prezidentləri çox tez-tez öldürməyə başladılar. Onları demokratiya
naminə öldürürlər!!!

 

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=9947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31