Bu gün Mətbuat Günüdür

22.07.2014 - 00:56

“Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı
 
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi
dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə
yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə
başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd
olunmağa başladı.

ANS PRESS-in məlumatına görə, Azərbaycan mətbuatının banisi Həsən bəy
Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi”
qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi
1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün
Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət
göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti
xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol
oynayıb.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və
iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi
“Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin
sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər)
qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M.
Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları
yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu
gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905),
“Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli
qayəli qəzetlər meydana çıxdı.

1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə
Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə
xanım Əlibəyova olan “İşıq” jurnalının bütün əməkdaşları qadınlardan
ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında
olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna
çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.
Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul
olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura
hökm sürürdü. Kommunist Partiyasının orqanı olan “Pravda” (bu qəzetin
dilimizə tərcüməsi “Həqiqət” olsa da, səhifələri qərb demokratiyasına
qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif
sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin
çapdan çıxdığı gün – 5 may Mətbuat Günü kimi qeyd olunurdu.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31