Dini Komitə sədri postuna şok təyinatın sadə sirri

22.07.2014 - 11:10

Hakimiyyət məmur vitrinini YAP
rəhbərliyi ilə təzələyir

 

 

Uzun müddətdir boş qalan Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin rəhbərliyi Mübariz Qurbanlıya tapşırıldı;
iqtidar partiyasının funksionerləri dövlət işlərinə aparılır; bir sıra
məmurlarla bağlı yaşanan problemlər iqtidarı bu sahədə yeni addımlar
atmağa vadar edir

Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib. İyulun
21-də prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Mübariz
Qurbanlı təyin olunub. Sabiq sədr Elşad İskəndərovun bu postdan
uzaqlaşdırılmasından sonra onu əvəzləyəcək şəxslər arasında bir neçə
nəfərin adı hallandırılsa da, M.Qurbanlının təyinatı gözlənilməz oldu.

Dini
ekspertlər Kənan Rövşənoğlu və Ceyhun Məmmədov M.Qurbanlının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasını “Media forum”
saytına şərh ediblər. K.Rövşənoğlu bildirib ki, M.Qurbanlı indiyədək
daha çox siyasi fəaliyyətdə və partiya işində olub: “Onun dinlə və
ümumiyyətlə, ölkədəki dini situasiya ilə hər hansı bağlılığı olduğu
haqda şəxsən məndə məlumat yoxdur. Bu mənada təyinat mənim üçün çox
gözlənilməz oldu. Ancaq bu təyinat bir sıra məqamına görə maraq doğurur.
 Dini
sahədə ciddi problemlərin olduğu, ölkədə radikal İslam
fəaliyyətlərinin, çağırışlarının gücləndiyi bir zamanda, belə demək
mümkünsə, “kənar” adamın dini komitəyə sədr təyin edilməsi onu göstərir
ki, hökumət daha çox basqı xəttini götürəcək. Yəni Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin keçmiş sədrlərindən Elşad İskəndərovun dövründə
olduğu kimi deyil, Hidayət Orucovun vaxtında olduğu kimi sərt xətt
olacaq. Yeni təyinatın “kənardan” olması bunu deməyə əsas verir”.
Ceyhun
Məmmədov da qeyd edib ki, bu təyinat ölkədə, eləcə də Şərqdə kifayət
qədər ciddi proseslərin getdiyi bir dövrə təsadüf edir: “Hazırda bir
sıra müsəlman ölkəsində dini müstəvidə baş verən hadisələr Azərbaycan
hökumətindən olduqca ciddi düşünülmüş siyasətin həyata keçirilməsini
tələb edir. İraqda və Suriyada baş verənlərin fonunda Azərbaycanda da
radikallığa meylli qüvvələrin aktivləşəcəyi ehtimalı güclüdür. Bu
baxımdan hazırkı dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə kimin
rəhbərlik edəcəyi xüsusi əhəmiyyət daşıyır. Mübariz Qurbanlı dövlətçilik
təcrübəsinə malik, ictimaiyyət tərəfindən kifayət qədər tanınmış, dini
durumdan məlumatlı şəxslərdən biridir. Onun bu vəzifənin öhdəsindən necə
gələcəyini zaman göstərəcək. Kimliyindən asılı olmayaraq bu vəzifədə
çalışacaq insanın üzərinə çox böyük məsuliyyət düşür. Uzun müddət bu
vəzifənin boş qalması dini durumda gərginliyi daha da artıra bilər. Dini
durumda mövcud xoşagəlməz halların qarşısı indidən alınmasa, gələcəkdə
Azərbaycan xalqı çox ciddi problemlərlə üz-üzə qala bilər”.
M.Qurbanlının
komitə sədri təyin olunması ilə əlaqədar  Milli Məclisdə boş deputat
yerlərinin sayı dördə çatır. “Media forum” bildirir ki, iyulun 21-dək
parlamentdə üç deputat yeri boş olub. Prezident İlham Əliyevin deputat
Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
təyin etməsi parlament üzvlərinin sayını bir nəfər də azaldır, Mərkəzi
Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verməlidir.
Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində
qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Beləliklə, 100
saylı Şəmkir-Daşkəsən seçki dairəsi deputatsız qalacaq. Hazırda 19 saylı
Nərimanov, 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən
deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin
oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət
Atayev 2013-cü ilin martında avtomobil qəzasında həlak olub. 19 saylı
dairədən deputat Əli Əhmədov isə ötən il oktyabrın 22-də baş nazirin
müavini təyin edilib və mandatını təhvil verib.
Yeri
gəlmişkən, M.Qurbanlı bu ilin ilk ayında 60 yaşının tamamı münasibətilə
qəzetimizə müsahibəsində “YAP sədrinin birinci müavini Əli Əhmədov kimi
hökumətdə təmsilçiliklə bağlı irəli çəkiləcəyinizi gözləyirsinizmi?
Hesab edirsinizmi ki, artıq parlament mərhələsi sizin üçün bitib və
komandada yer almağınızın vaxtıdır” sualına maraqlı cavab vermişdi. O,
“Şəxsən mən indiki fəaliyyətimdən, işimdən çox razıyam. 60 yaşın özü də
ambisiyaların bitdiyi yaş olduğuna görə heç bir ambisiyam yoxdur”
demişdi. Ancaq üstündən 6 ay keçəndən sonra M.Qurbanlının vəzifəyə təyin
olunması maraqlı haldır. Görəsən, YAP funksioneri özü bu təyinatı
gözləyib, yoxsa onunçün də gözlənilməz olub. M.Qurbanlı publika.az-a
açıqlamasında bildirib ki, prezidentin etimadını doğruldacaq.
“Cənab
Prezident mənə etimad göstərdi, biz də bu etimadı doğrultmağa
çalışacağıq. Amma indi ətraflı danışa bilmirəm, məşğulam. Bu barədə
ətraflı sonra danışacam”,- deyə yeni komitə sədri bildirib. 
Bir
məqamı da qeyd edək ki, bu posta ən şanslı namizəd kimi YAP üzvü, sabiq
deputat Səyyad Aranın adı çəkilirdi. Ən azı ona görə ki, E.İskəndərov
bu il mayın 2-də komitə sədrliyindən azad ediləndən sonra komitə
sədrinin səlahiyyətlərini sədrin birinci müavini S.Aran həyata keçirib
və o, hakim partiyanın sadiq üzvlərindən idi.  “Media forum” saytına
açıqlamasında S.Aran M.Qurbanlını komitənin sədri vəzifəsinə ən layiqli
namizəd kimi dəyərləndirib: “Bu, çox gözəl təyinatdır. Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə ən layiqli
namizəddir. Mübariz Qurbanlının dövlətçilikdə böyük xidməti var,
Azərbaycan parlamentarizminin tanınmış nümayəndələrindən biridir. Eyni
zamanda keçdiyi həyat təcrübəsi, elmi səviyyəsi və digər xüsusiyyətləri
onu bu vəzifəyə yüzdə-yüz layiq edir”.
Qeyd
edək ki, bu, son prezident seçkilərindən sonra YAP rəhbərliyindən
ikinci şəxsin yüksək vəzifəyə aparılmasıdır. Bundan əvvəl isə YAP icra
katibi Əli Əhmədov baş nazirin müavini təyin olunmuşdu. Uzun illər YAP
rəhbərliyində təmsil olunan bir sıra şəxslərin yüksək vəzifələrə
aparılmamaları hakim partiyanın idarəolunmasında iştirak edən bir sıra
şəxslər arasında narazılığa səbəb olmuşdu. İndi isə onlara vəzifə qapısı
açılır, dövlət idarəçiliyində irəli çəkilirlər. Bu, həm də son
vaxtlarda baş verən bir sıra hadisələrin nəticəsidir. Hakimiyyətin bəzi
kadrları ilə bağlı müəyyən şübhələrin olması yüksək vəzifələrin daha
inanılmış şəxslərə tapşırılmasını zəruri edir. Hakimiyyət daxilindən
gələn məlumatlara görə, bu proses davam edə bilər. Buna görə də
qarşıdakı aylarda bir sıra vəzifəli şəxsləri postlarında YAP
rəhbərliyində təmsil olunan digər şəxslər əvəzləyə bilər.
M.Qurbanlının
Dini Komitəyə sədr təyin edilməsi isə cəmiyyətdə şok effekti doğurub.
Azərbaycanda dini sahədə vəziyyətin o qədər də yaxşı olmadığı indiki
vaxtda bu sahəyə yad bir şəxsin təyin edilməsi birmənalı qarşılanmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31