Artur Rasizadənin YAP-çı olmaması…

22.07.2014 - 13:17

Yaxud vəzifədə olanların kimliyi

Yaxud vəzifədə olanların kimliyi

YAP icra katibinin müavini Siyavuş Novruzovun “mediaforum”a
müsahibəsində xeyli məqamlar var ki, münasibət bildirməmək düzgün
olmazdı. Siyavuş Novruzov müsahibə zamanı sübut etməyə çalışıb ki, heç
kim zorla YAP-a üzv edilmir və vəzifəlilər arasında da YAP üzvü
olmayanlar var: 

“Bu gün insanlar kifayət qədər təcrübə toplayır, karyera yollarını
keçir, sonra vəzifəyə götürülürlər. Azərbaycanda başqa partiya
nümayəndələri, bitərəf olan vəzifəlilər də var. Baş nazir Artur
Rasizadə, onun müavinləri Elçin Əfəndiyev, Abid Şərifov YAP üzvü
deyillər. Azərbaycanda təkpartiyalı sistem deyil ki, hamı bir partiyanın
üzvü olsun. Ölkənin idarə edilməsində bütün insanlar iştirak edir.
Hazırda altı-yeddi nazir, bəzi komitələrin sədrləri YAP üzvü deyillər.
Eyni zamanda bəzi rayon və şəhər icra hakimiyyətlərinin başçıları,
müxtəlif dövlət vəzifəsi tutan şəxslər arasında YAP üzvü olmayanlar
var”- deyə Siyavuş Novruzov bildirib.

Hakimiyyət təmsilçilərinin “repertuar”ına nəzər salanda,  bir daha
təsdiq olunur ki, yalan danışmaq üçün də bacarıq lazımdır. Ancaq Siyavuş
Novruzov elə yalan danışır ki, nəinki 40 gün, heç 40 dəqiqə də ömrü
olmur. Əvvəla, YAP-a məcburi üzvlük həyata keçirilməsəydi, bu gün kağız
üzərində 620 min YAP-çı olmazdı. Ikincisi, YAP üzvü olan şəxslərin
əksəriyyəti bir qayda olaraq bu partiyanı seçmələrini belə izah edirlər.
“Vallah işimin xatirinə üzv olmuşam, heç qərargahlarının yerini də
bilmirəm”, “Müdiriyyət məcbur etdi ki, hamınız YAP-a üzv olmalısınız”,
“Üzvlükdən imtina etsəm, bir bəhanə ilə ixtisara salacaqlar”. Bu tipli
 əsaslandırmalar yüzlərlədir və YAP-ın hansı meyarlar üzrə  böyüdüyünü
sübut edir.

Yuxarıdakı sitatdan da görünür ki, Siyavuş Novruzov YAP üzvü olmayan
vəzifəlilərdən danışır və Abid Şərifovun, Artur Rasizadənin, Elçin
Əfəndiyevin adını çəkir. Görəsən canab Novruzov nə vaxt sağlam
arqumentlərlə bizi  təəccübləndirəcək?

Artur Rasizadənin, Abid Şərifovun, Elçin Əfəndiyevin YAP üzvü
olub-olmamasının nə fərqi var? Bu adamlar YAP-çılardan artıq YAP-çı
deyillərmi? Artur Rasizadənin bugünə qədər, hətta 40-cı dərəcəli
məsələyə tənqidi münasibət bildirdiyini görən olubmu? Bu adamların
cibində müxalifət partiyasının vəsiqəsi olsa, nəsə dəyişəcəkmi?

Digər nazirlərə gəlincə, qanuna görə hüquq mühafizə orqanları bitərəf
olmalıdır. Azərbaycanda bitərəfliyini qoruya bilən nazir varmı? DIN,
MTN və digər qurumlar YAP  hakimiyyətinin sifarişi ilə fəalları həbs
etmirmi, hakimlər  PA-dan gələn göstərişlə hökm oxumurmu?

O hansı icra başçısıdır ki, başının üstündə Heydər Əliyevin, Ilham
Əliyevin şəkilləri qoyulmayıb? O hansı icra başçısıdır ki, rəhbərlik
etdiyi rayonda Ilham Əliyevin, Heydər Əliyevin aforizmlərini plakata
çevirməyib?  

Siyavuş müəllim, özünüzü yormayın. Hamı gözəl bilir ki, YAP
hakimiyyəti həqiqi bitərəfliliyi inkar edir və cibində olmasa belə,
ürəyində YAP-ın vəsiqəsini daşımalısan. Əks halda, vəzifəni yalnız xəyal
etmək mümkündür. 

Siyavuş Novruzov onu da əlavə edib ki, bu gün insanlar kifayət qədər
karyera yollarını keçəndən sonra vəzifəyə götürülür. Bəli, bu ölkədə
YAP-a sədaqət ən uğurlu karyera yoludur.

Short URL: http://www.cumhuriyyet.net/?p=9965

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31