Ərdoğanı Qəzzada Azərbaycan nefti ilə vurdular
“Tərəf”: “SOCAR və Ərdoğanın oğlu BTC neftini İsrailə satır”
Türkiyənin “Tərəf” qəzeti İsrailin Qəzzada
apardığı hərbi əməliyyatların bu ölkədə doğurduğu müzakirələr fonunda
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsrailə neft satmasına diqqət
çəkib. Qəzet bunu Ərdoğan hökumətinə ittiham olaraq vurğulayıb.
Məsələ
burasındadır ki, İsrailin Qəzzanı bombalaması Türkiyənin daxili
siyasətində də istifadə mövzusuna çevrilib. Ərdoğan və ona yaxın olan
media bu mövzuda İsraili kəskin şəkildə pisləməklə yanaşı, müxalif
düşərgəni Qəzza faciəsinə səssiz qalmaqda, İsraili müdafiə etməkdə
suçlayır. Belə ittihamlardan birini də “Star” qəzeti irəli sürüb və bu
zaman Ərdoğana müxalif mövqeyi ilə seçilən “Tərəf” qəzetinin adını
hallandırıb.
“Tərəf” buna cavabında yazır ki, “Star” öz
ittihamlarında haqsızdır və diqqəti İsraillə işbirliklərindən
yayındırmaq istəyir. Belə olmasaydı, hazırkı sahibi SOCAR-ın İsrailə
neft satdığını nəzərə alardı.
“Tərəf” yazır ki, SOCAR-ın törəmə
şirkəti olan Caspian Drilling Company hazırda Aralıq dənizində İsrail
üçün neft axtarır. Bundan başqa SOCAR BTC vasitəsilə İsrailə neft satır.
Qəzetə görə, “Star”ın başqalarını “İsrail yanlısı” deyə ittiham etməsi
öz sahibi SOCAR-ın adının Qəzzadakı vəhşətlə yanaşı çəkilə biləcəyi
qorxusundan doğur.
“Tərəf”in
yazdığına görə, Ərdoğanın oğlu da BTC neftinin İsrailə satılması ilə
məşğuldur. Qəzet bu məsələ ilə bağlı CHP lideri Kılıçdaroğlunun baş
nazir Ərdoğana müraciətlə dediklərini də sitat verib: “Əgər sən doğrudan
da İsrailə dərs vermək istəyirsənsə, Malatyadakı radar stansiyasını
bağlayarsan. Sənin oğlun İsrailə neft daşıyır. Orada havaya qalxan
qırıcıların, hərbi gəmilərin, tankların yanacağını sənin oğlun verir”.
Yazıda
Enerji və Enerji Təhlükəsizliyi Mərkəzinin eksperti Tuğce Varola
istinadən bildirilir ki, BTC ilə nəql edilən Azərbaycan nefti hesabına
İsrail neftə olan tələbatının 30 faizini ödəyir.
Enerji və təbii
ehtiyatlar naziri Taner Yıldız isə bu ittihamlara cavab olaraq deyib
ki, Türkiyə hökuməti İsrailə hər hansı neft və ya neft məhsulları
satmır: “Tamamilə yalan iddia ilə qarşı-qarşıyayıq. Əgər İsrailə dair
siyasət qurmaq fikriniz varsa, bunu yalan üzərində quraşdırmayın.
Türkiyə hökuməti İsrailə hər hansı neft satmır. Tranzit satışlar var.
Yəni bu, Türkiyədəki başqa firmaların, ölkələrin gördüyü işdir. BTC-dən
nəql edilən neftin getdiyi onlarla ölkə var. Bunu BP sata bilər, hər
hansı başqa şirkət sata bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9968