Pirşağı çimərliyi hasarlanıb
Sahildəki villaların hər birinin qarşısında dənizin içərisinə doğru dəmir borular basdırılır
Bakının Pirşağı çimərliyi qədimdən narın qumu ilə məşhurdur.
Müstəqillik illərində çimərlik ərazisindən min tonlarla qum tikinti
meydanlarına daşınsa da, son dövrlərdə buna son qoyulub. Amma çimərlik
ərazisində çoxsaylı problemlər qalmaqdadır. “Amerikanın səsi” xəbər
verir ki, çimərlik “çəpərləmə dövrü”nü yaşayır. Dəniz sahili
kilometrlərlə hasarlanıb. Hasarlanma bir yana, sahil ərazisi Azərbaycan
qanunvericiliyinin əksinə olaraq bölünüb.
Son günlərdə kimlərsə çimərlik ərazisinə qalın polad borular töküb.
Ekskovatorlar həmin 4 metrlik boruları dənizin içərisinə doğru
basdırmaqda davam edir. Yəni, hər bir villanın qənşərində dənizin
içərisinə doğru dəmir borular basdırılır.
Xatırladaq ki, 2003-cü il yanvarın 13-də prezident Heydər Əliyev
“Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi
tədbirlər haqqında” sərəncam imzalayıb.
“Son vaxtlar vətəndaşların Azərbaycan Prezidentinin Icra Aparatına
daxil olan çoxsaylı müraciətlərindən aydın olur ki, bir sıra yerlərdə
Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli
əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin
dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki
və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. Həmin torpaq
sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək
hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi
xeyli dərəcədə məhdudlaşdırılıb”, – deyə sərəncamda qeyd olunurdu.
H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və
istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədilə
Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz,
Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və
Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırmışdı ki, Xəzər
dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və
ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və
icarəsindən geri alınmasını təmin etsinlər.
Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək əvəzində 5 il
sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağın “20-50”
metrlik zolaqla əvəzlənməsinə nail oldu. Dövlət başçısı Ilham Əliyev
2008-ci il dekabrın 2-də “Torpaq islahatı haqqında” qanuna, Torpaq
Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr
edilməsi barədə qanunu imzaladı.
Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.
Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri
çıxarılsın: “Istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul
edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu
20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra
hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi
məhdudlaşdırmamaq şərtilə hasara alınma yolu ilə və ya digər üsullarla
bağlana bilər”.
Bir sözlə, hökumət 2008-ci ildən yenidən çəpərlənməyə yol açıb. Amma çəpərlər artıq dənizin içərisinə hücum etməkdədir…
Short URL: http://www.cumhuriyyet.net/?p=9970