Dələduzluqda ittiham olunan şirkət kimindir?
“Des Consulting”lə bağlı yeni məlumatlar
Iyulun 16-da barəsində cinayət işi açılan “Des Consulting” şirkətinin
gerçək sahibi Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir
Hacıyevdir. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda
deyilir ki, bankir tikinti biznesini böyütmək üçün evləri sökülən
“Sovetski” sakinləri üçün “sosial layihə” ideyasını irəli sürüb.
Bu layihəyə əsasən, “Sovetski” sakinlərinə bazar qiymətindən 2 dəfə
ucuz mənzillər təklif ediləcəkdi. Bundan qəzəblənən tikinti bazarının
əsas oyunçuları isə onun şirkəti barəsində cinayət işinin açılmasına
nail olublar.
Məlumata görə, Cahangir Hacıyev tikinti biznesinə 2002-ci ildə
başlayıb. Həmin il “Yeni Həyat” şirkətlər qrupunu təsis edib. Şirkətlər
qrupu Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə eyni adlı yaşayış
massivləri inşa edib. Mənzil tikintisi bazarında oyunçular azaldıqca,
şirkət bazarda mövqelərini gücləndirib. Indi artıq mənzil tikintisi
bazarının əsas oyunçularından birinə çevrilmək istəyib və buna görə də
“Sovetski” sakinləri üçün güzəştli şərtlərlə ev tikmək ideyasını
nəzarətində olan “Des Consulting” şirkəti vasitəsi ilə ictimailəşdirib.
Bunula da nəhəng dövlət sifarişlərini ələ keçirməyə çalışıb. Ancaq bu,
tikinti bazarının aparıcı oyunçularının xoşuna gəlməyib və şirkət haqda
cinayət işi açılmasına nail olmaqla onu zərərsizləşdiriblər.
Qeyd edək ki, “Des Consulting” MMC-nin vəzifəli şəxsləri barəsində
Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlandığı barədə
məlumat yayılıb. Bu şirkət iyulun 15-də “Sovetski” sakinlərinin mənzil
problemini həll etmək üçün 16 mərtəbəli, 810 mənzilli bina tikintisi
layihəsi hazırladığı barədə cəmiyyətə məlumat vermişdi. Təmirsiz
mənzilin bir kvadratmetri sakinlərə 380 manata təklif ediləcəkdi ki, bu
da bazar qiymətindən ən azı 2 dəfə ucuzdur.
Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı şəhər Baş Polis
Idarəsinin Istintaq və Təhqiqat Idarəsində başlanılıb. Prokurorluqla
polis idarəsinin birgə məlumatında deyilir ki, vəzifəli şəxslər
vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara
məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin bu
fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də
müəyyən edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9973