Atom bombasının satıla biləcəyi yeganə bazar
– Atom bombası çıxıb.
– İnanmıram.
– Niyə?
– O bomba Ağdam bazarında satılmayıbsa, çıxmasına heç vaxt inanmaram.
Bu sözlər bir vaxtlar bütün SSRİ-də məşhur olan Ağdam bazarı haqqında
deyilərdi. Ağdam bazarına gəlib, istədiyini tapmamaq mümkün deyildi.
Ağdamlıların sözlərinə görə, bazarı dörd tərəfdən – “Abu”nun univermağı
istiqamətində İslam Hacıyev küçəsi, yuxarıdan, keçmiş 6 nömrəli məktəb
tərəfdən Süleyman Sani Axundov, Ticarət passajı istiqamətində, Lenin
küçəsi, 1 nömrəli məktəbin yan tərəfindən isə Əzizbəyov küçəsi kəsirdi.
Ümumiyyətlə, bazarın ərazisinin böyük bir hissəsi məhz bazara və
dəmirçilərə aid idi. Bazarda elə bir sistem qurulmuşdu ki, orda hamı
hərəkət etməli və pul qazanmağa məcbur idi.
Ağdamı Ağdam edən təkcə bazarı deyildi. Kəlbəcər torpağının hər
qarışında qızıl yatağı tapmaq mümkün idisə, Ağdam torpağı ən azı onun
qədər zəngin idi. Bu torpağın altında qızıl yatağı olmasa da, hər qarışı
qızıl qədər dəyərli idi.
Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Ağdam kəsirini araşdırıb.
Təbiəti
Ağdamın dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik
1365 metrdir. İqlimi, əsasən, mülayim isti, quraq subtropikdir. Dağətəyi
yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi
sahələrə düşür.
Şahbulaq silsiləsini təşkil edən əhəng daşları çox keyfiyyətlidir,
tikinti materialı və sement istehsalında xammal kimi istifadə edilir.
Ağdam-Ağdərə şose yolu silsilənin Şimal-Şərq dabanı boyunca uzanır.
Yolun ustündə karxanalar yerləşir. Şahbulaq silsiləsinin uçub dağılmış
hissəsindən Cənub-Qərbdə inturiziv (maqmatik) kütlənin yaratdığı
yüksəklik 913 metrdir, yamacları çox meyilli və kəskin parçalanıb. Dağın
faydalı qazıntı (mis, polumetal) saxlaması ehtimal olunur. O, Ağdərə
rayonunda yerləşən və mis, polmetal yataqları olan Mehmanə, Qazançı
dağları ilə eyni zonada yerləşib. Yeddixirmandağı ilə Şahbulaq silsiləsinin Cobandağ zirvəsi arasında Bozdağ yerləşib.
Onunda əsasını inturuziv kütlə təşkil edir və xeyli hissəsində aşınma
qabığı ilə örtülmüşdür. Ağdam rayonu ərazisi hər kv. km. sahədə 5-1 lit.
san axımı olan az axımlı zonada yerləşir. Burada çay şəbəkəsinin
sıxlığı 0.1-0.4 am/km. arasında dəyişir. İllik axım hər bir kv. km.-dən
2-5 lit/san, maksimum axım 25-50 lit/san, minimal axım isə 0.5-1
lit/san. bərabərdir. Rayon ərazisində çaylar tranzit xarakter daşıyır.
Rayonun nisbətən iri çayları Qarqar, Xaçın və Qabartı çaylarıdır.
Qarqar çayının orta illik su sərfi 3.31m kub/san, orta illik axımı isə
104.4 mln. kub metrdir. Xaçın və Qabartı çaylarında isə bu axım
kəmiyyətləri müvafiq olaraq 1.4 kub met/san və 44.1 mln. kub metr, 0.2
kub met/san və 6.3 mln. kub metrdir.
Rayonun Ağcabədi və Bərdə rayonları ilə sərhəddə yaxın sahələrin
torpağı bozdur. Burda taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər,
meyvə bağları, yem bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə
tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı otlu quru çöllərdən,
çəmənliklərdən, ağotlu çöllərdən, kollardan, və seyrək meşələrdən ibarət
olub. Hazırda meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə
yerləşib, 1.7 min hektar sahə tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri salınıb.
Heyvanat aləmi əhalinin sıxlığı və insanın əmək fəaliyyəti ilə
əlaqədar olaraq çox kasaddır. Rayon ərazisində faydalı qazıntılardan
əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.
Rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıdır. İşğaldan əvvəlki
dövrdə Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq
və baramaçılıq inkişaf etmişdi.
Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd
təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının
istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.
Sənayesi
Sovet dövründə işğal altında olan rayonların bütün sənaye
məhsullarının 40%-ə qədəri və yaradılmış əsas fondların 18,7%-i bu
vilayətin və sənaye məhsulunun 5%-i, əsas fondların isə 41%-i Füzuli və
Ağdam rayonlarının payına düşürdü.
Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati
rayonları (sənaye məhsulunun 51%-i, əsaslı fondların 41%-i), Dağlıq
Qarabağ və Ağdamdakı mərmər, mişar daşı zavodları, çoxlu keyfiyyətli və
hətta keçmiş SSRİ-də məşhur olan “Ağdam” tipli şərablar və digərlərini
istehsal edən şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və
ayaqqabı fabrikləri var idi.
İşğaldan əvvəl
Ağdam rayonunun işğaldan əvvəl 1736 hektar dövlət meşəsi, 710 hektar
kolxoz meşəsi, 560 hektar isə yol, su və kanal kənarı, şəhərətrafı meşə
sahəsi mövcud idi.
Rayonun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min
ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton
Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb. Rayon ərazisindən
keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 kilometr, su toplayıcı
sahəsi isə 657 km2-dir.
Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi
ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi
qorunurdu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan
ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri
müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə
rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına
dair müəyyən faktları aşkar edib.
İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan
ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli
ağacların qırılaraq yığıldığı müşahidə edilib.
Rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik,
Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq
sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı “Qırmızı
kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına”
düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.
İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi
məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil
qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69
səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.
Dünyada ikinci muzey
İşgaldan əvvəl rayon Partiya Komitəsinin təbliğat və təşviqat
komitəsində müdiri, 1995-2000-ci illərdə millət vəkili olmuş Çimnaz
Əliyeva rayonun turizm və mədəniyyət potensialından danışır. Onun
sözlərinə görə, Ağdamın digər kəndləri işğal edilməsəydi, turizm
baxımdan ən güclü bölgə olardı:
“Həmin dövrdə Abdal-Gülablı və Şelli kəndlərində sanatoriyalar
fəaliyyət göstərirdi. Şahbulaqdakı sanatoriyaya SSRİ-nin bütün
ölkələrindən istirahət üçün gəlirdilər. Məktəblilərin istirahəti üçün
Abdal-Gülablı kəndində meşədə çadırlardan ibarət düşərgə salınmışdı.
Düzdür, Şuşadan fərqli olaraq burada turizm yüksək səviyyədə inkişaf
etməmişdi, lakin potensial yüksək idi. İşğal olmasaydı imkanlar daha da
artacaqdı. Şahbulaq, Xaçın çayının yaxınlığında yeni
sanatoriyaların tikilməsi planlaşdırılırdı”.
Çimnaz xanım deyir ki, turistlər yalnız yay mövsümündə deyil, ilin bütün fəsillərində Ağdama gəlirdilər:
“SSRİ-nin bütün ölkələrindən Ağdama gəlirdilər. Dünyada ikinci,
SSRİ-də birinci hesab edilən Çörək muzeyi turistlərin daha çox marağında
səbəb olmuşdu, məhz həmin muzeyə baxmaq üçün gələn turistlər də var
idi. Yalnız yay fəslində mindən çox turist gəlirdi. Bütün turizm
imkanları rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevin
şəxsi təşəbbüsü əsasında yaradılmışdı. SSRİ-tərəfindən ayrıca vəsait
ayrılmamışdı. Sanatoriyaların əsas hissəsi iməcilik, rayonun
təsərrüfatı hesabına tikilmişdi. Ağdamın dəyərli kəhriz və bulaqları
var idi ki, onların hər birinin ətrafında sanatoriya sala bilərdik.
Işğal edilməyən Əhmədağalı kəndi ərazisində kəhriz ətrafında balıqçılıq
təsərrüfatı yaradılıb, ətrafı isə meşəlikdir”.
Ç.Əliyevanın sözlərinə görə, rayonun ən çox turizm potensialı olan
kəndləri işğal altındadır. Qərvənd kəndi taxılçılıq üzrə ən yüksək
məhsul verirdi, hər hektardan 42 sentner, bəzi briqadalar 72 sentner
verirdilər. Bakı Avtomat zavodunun filialı, taxıl məhsulları kombinatı
var idi, xalçaçılıq fabrikinin məhsulları bütün dünyaya xalça ixrac
edilirdi.
“14 ilə yaxın mədəniyyət şöbəsində çalışmışam və son illər Ağdamda
mədəniyyət, iqtisadi imkanlar bərabər inkişaf edirdi. Mədəniyyət günləri
keçirildi, 100 min cildlik kitabxana istifadəyə verildi, 11 musiqi
məktəbi, şəkil qalereyası var idi. İndi məni ən çox düşündürən həmin
mədəniyyət abidələrinin taleyidir”.
20 min işçisi olan zavodlar
Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Zülfü Qasımov deyir
ki, 70-ci illərə qədər aqrar rayon, ondan sonra isə sənaye şəhəri
olaraq inkişaf etdi. Rayonda 27 sənaye müəssisəsi var idi:
“Ağdam Dəzgahqayırma zavodunda 950 işçi var idi, ildə 12-15 milyon
məhsul istehsal edirdi. Bu məhsullar SSRİ-nin 125 şəhərinə
göndərilirdi. Taxıl Məhsulları Kombinatı ildə 80 min tox taxıl
istehsal edirdi, orada çalışanların sayı 300-dən çox idi. Ət kombinatı,
yağ, pendir zavodları, xalça fabriki, traktor təmiri, 13 şərab zavodu
var idi. 29 kənd təsərrüfatı müəssisəsi var idi. 13 kolxoz, 12 sovxoz, 4
ədəd də onlara xidmət edən təşkilatlar idi. 39 tikinti təşkilatında 2
minə qədər işçi çalışırdı. Təxminən sənaye müəssisələrində 20 minə
qədər insanı işlə təmin edilmişdi. Orta hesabla 80 milyon manata qədər
məhsul istehsal edilirdi. İşğal dövrünə olan rəqəmlərə görə,
itkilərimiz 7 milyarda manata qədər idi. Işğal olunmasaydı hər il nə
qədər qazancımızın olacağını təxmin etmək çətin deyil”.
Z.Qasımovun sözlərinə görə, Ağdamın tikinti materialları
kombinatında Qarabağ zonasını, daş və əhənglə təmin edirdi. Kənd
təsərrüfatı məhsulları təminatının əsas hissəsi Ağdamın payına düşürdü.
Həmin təsərrüfatları su ilə təmin etmək üçün bulaqlar, kəhrizləri var
idi. Ağdam işğal edilməsəydi, indi Dubaya gedənlər ora gedərdi. Rayonun
90-cı illərdəki inkişafına görə, heç bir rayonla müqayisəyə gələ
bilməz.
Rayona dəyən zərər
Təxmini hesablamalara görə, 1994-cü ilə qədər işğal nəticəsində Ağdam
rayonunun işğal edilmiş və ya dağıdılmış yaşayış məntəqələrinə 1900000
dollar, sənaye obyektlərinə 1655, əkinçilik sahələrinə 1450, maldarlıq
təsərrüfatlarına 7500, meşə təsərrüfatına 147 900 min dollar, səhiyyə
müəssisələrinə 39980 dollar ziyan dəyib. Ümumilikdə, ziyanın miqdarı
6.100.107.000 (altı milyard yüz milyon yüz yeddi min) dollardır.
Əlbəttə, bu yalnız işğaldan əvvəl olan istehsal və imkanlar nəzərə
alınaraq hesablanmış təxmini rəqəmlərdir. İşğal edilməsəydi rayonun
necə inkişaf edəcəyini, büdcəyə nə qədər xeyir verəcəyini dəqiq
hesablamaq mümkün olardı.
Ağdam azadlıqda
Rayonun işğal edilməyən kəndlərində həyat davam edir. Sakinlərin də
dediyi kimi, qalan kəndlərin imkanları az olsa da, 2013-cü ilə olan
məlumata əsasən, rayonun sosial-iqtisadi inkişaf dinamikası saxlanılmış,
ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 0,7 faiz artaraq
113,1 milyon manat olub. Bu dövrdə sənaye məhsulunun həcmi 4,9 milyon
manat, kənd təsərrüfatı məhsullarının həcmi 79,2 milyon manat, ticarətin
dövriyyəsi 9 milyon manat olmuş, əsas kapitala 18,7 milyon manat vəsait
yönəldilib. İl ərzində 872-si daimi olmaqla 1558 yeni iş yeri açılıb.
2013-cü ildə 51 min 539,7 ton taxıl, 46 min 795 ton tərəvəz, 8320 ton
kartof, 4890 ton bostan, 4048 ton qarğıdalı, 1300 ton şəkər çuğunduru
istehsal edilib. Rayon üzrə iri buynuzlu mal-qaranın sayı 37 min 530
başa, qoyun və keçilər 105 min 169 başa çatmış, əvvəlki illə müqayisədə
ət istehsalı 147,3 ton, süd istehsalı 3766 ton artmışdır.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə il ərzində 1074
baş inək və düyə süni yolla mayalandırılmış 870 baş sağlam bala alınıb.
Rayonun təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, əhalinin
elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı
istiqamətində xeyli iş görülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9996