YENİ QAYDALAR, YENİ MƏHRUMİYYƏTLƏR… – Taksi xidməti ilə məşğul olanları nələr gözləyir?

30.03.2024 - 11:07

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Taksi xidməti üçün bundan sonra tətbiq ediləcək əsas qaydalar qısaca bunlardan ibarətdir:

– Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz;

– 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır;

– taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirilməlidir;

– avtomobilin boş və ya dolu olduğunu bildirmək üçün müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır;

– taksidə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi vacibdir;

– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz olmalıdır;

– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal vacibdir;

– taksi minik avtomobilləri “ABS” əyləc sisteminə malik olmalıdlr;

– taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

 

 

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yeni qaydalarda daha çox müzakirə olunan “1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır” tələbini belə izah edib: Hazırda 14 yaşa qədər avtomobili olan və ondan taksi kimi istifadə edən vətəndaşlar bu fəaliyyəti davam etdirmək istəyirlərsə, maşınını yeni qaydalarda göstərilən digər tələblərə də uyğunlaşdırıb Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartını ala bilər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. Bundan sonra həmin avtomobillərin yaşı 15-ə çatana qədər ondan taksi kimi istifadə edə bilərlər. 8 və 15 il tələblərinin başqa bir incəliyi də var. Əgər vətəndaşın avtomobilinin yaşı 8-ə yaxındırsa, o, buraxılış kartı aldıqdan sonra 15 ilə qədər (avtomobilin 15 yaşına qədər – red.) ondan istifadə edə biləcək”.

Yeni qaydalarda ancaq ağ və qırımızı rəngdə olan avtomobillərdən istifadə tələbinə hüquqşünas belə aydınlıq gətirib: “Rənglə bağlı bu tələb iyulun 1-dən sonra ölkəmizə gətiriləcək, yaxud burada istehsal olunacaq taksilərə aiddir. Bu o deməkdir ki, kiminsə əlində başqa rəngdə taksi kimi istifadə etdiyi avtomobil varsa, yaxud iyulun 1-ə qədər başqa rəngdə maşını gətirib taksi kimi istifadə edəcəksə, həmin avtomobillər yeni qaydalardakı digər tələblərə də cavab verərsə, elə olduğu rəngdə ondan taksi kimi istifadə etməkdə davam edəcəklər”.

 

 

Hökumətin taksi xidmətində yeni qayda-qanun yaradacağı ötən ildən məlum olsa da, Naizrlər Kabineti bununla bağlı ictimai müzakirələr keçirməyib. Nə vətəndaş cəmiyyəti institutları, nə parlament, nə də media prosesdə iştirak etməyib. Baxmayaraq ki, qaydalar on minlərlə vətəndaşın peşəsinə, güzəranına təsir edir, eləcə də əksər əhali qurupları ondan təsirlənəcək.

Ərşad Hüseynovun izahatından məlum olur ki, bundan sonra yaşı 15-dən artıq olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olanlar çətin seçim qarşısında qalacaq: ya bu sektoru tərk etməli, ya da təzə avtomobil alıb, onu yeni tələblərə uyğunlaşdırıb peşəsinə davam etməlidirlər.

 

 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda avtomobil parkının 80 faizinin yaşı 15 il və daha artıqdır. Ötən ilə ölkəyə idxal olunan 90 mindən artıq maşının cəmi 12 mini elektrik və hibrid olub.Yaşlarına gəlincə 60 faizdən artığı 8-15 il əvvəlin istehsalı olub. Statistikadan belə məlum olur ki, taksi sistemindəki maşınların əksəriyyəti yeni qaydalara uyğun gəlmir. Bu da avtomobil bazarında xaosa səbəb ola bilər. Şübhə yoxdur ki, “qoca” maşınların dəyəri kəskin ucuzlaşacaq, yenilərin, xüsusən də ağ və qırımızı rəngli avtomobillərin dəyəri bahalaşacaq. Nəticədə, vətəndaşların əmlakının dəyərsizləşməsi ilə yanaşı onların yeni maşınlar almaq imkanları azalacaq.

Bu sektorda xeyli sayda sahibkar da fəaliyyət göstərir. Belə ki, onlar xaricdən taksi xidməti üçün əlverişli olan “Prius” modelli avtomobillər gətirərək onu kirayə verib pul qazanırlar. Son illərdə populyarlıq qazanan bu biznes iş adamlarına babat gəlir gətirib. Belə məlum olur ki, yeni qaydalar onlara da toxunacaq. Köhnə maşınları olan sahibkarlar ciddi ziyana düşəcək, imkanlı iş adamlarının mövqeləri isə möhkəmlənəcək.

 

 

Taksi xidmətinin bir qrup imkanlı iş adamının və ya oliqarxın əlində cəmləşməsi isə bu xidmətin də inhisarlaşmasına gətirib çıxara bilər.

Bir məqamı da qeyd edək ki, sərəncamında 15 yaşa qədər avtomobil olanların yeni qaydalara “uyğunlaşması” kifayət qədər xərc tələb edir. Yuxarıda taksilərdə hansı yeni cihazların quraşdırılması tələbi barədə ətraflı məlumat verilib. Şübhəsiz ki, onların hamısı taksi sürücüsünün öz büdcəsi hesabına təmin olunmalıdır.

Məlumdur ki, ölkədə fəaliyyət göstərən “Bolt”, “Uber” və s. kimi xarici şirkətlərə on minlərlə insan qoşulub və onlar bazarda hökmran mövqeyə malikdirlər. Nazirlər Kabinetinin yeni qayadlarına bu şirkətlər də əməl etməyə məcburdur. Yəni sistemdəki maşınlar saf-çürük ediləcək, tələblərə uyğun olmayanlar kənarlaşdırılacaq. Yəni bundan sonra vətəndaşın öz maşını ilə adıçəkilən şirkətlərdə qeydiyyatdan keçib taksi xidməti ilə məşğul olması çətinləşəcək. Müraciət edənlərin maşınları göstərilən qaydalara uyğun olmalıdır.

 

 

 

Şübhəsiz ki, Nazirlər Kabinetinin yeni qaydaları taksi xidmətində qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Bir məqamı da nəzərə alaq ki, avtomobillərin “Avro 5” standartlarına cavab verməsi tələb olunur. Bu da həmin tələblərə uyğun olmayan xeyli sayda avtomobilin taksi fəaliyyətinə son qoyulması deməkdir.

Eyni zamanda 8 ildən “cavan” olan avtomobillərin bir çoxu isə “Aİ-92” deyil, daha yüksək oktanlı benzinlə çalışır ki, bu da ucuz taksi dövrünün qapanacağından xəbər verir.

Məsələnin sosial tərəflərinə gəlincə, qeyri-rəsmi məlumatlara görə, bu sektorda 100 minə yaxın vətəndaş çalışır. Bu, təxminən elə o sayda ailə deməkdir. Azərbaycanda taksi sürüb pul qazanmaq həm də əli hər yerdən üzülən insanların sonuncu ümid yeridir. Təsadüfi deyil ki, bu sahədə olanların əksəriyyəti başqa sektorlarda işlərini itirənlər və ya, ümumiyyətlə, iş tapa bilməyənlərdir. Bu səbəbdən rayonlardan Bakının taksi bazarına böyük axın var. Yeni qaydalar onların böyük bir hissəsinin gəlirdən məhrum olması deməkdir. Maraqlıdır, Nazirlər Kabineti bu sektorda işini itirənlər üçün nə isə fikirləşibmi? Yoxsa yenə də vətəndaşlar taleyin ümidinə buraxılıb?…

E.Rüstəmli

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199728

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930