Borclu şirkətlər böyük məbləğli tenderlərdə necə qalib olur?

25.05.2024 - 12:01

Ölkədə keçirilən tenderlərlə bağlı müxtəlif müzakirələr olur. Tenderlərdə qalib gələn şirkətlərin nizamnamə kapitalının 10-20, bəzən 50-150 manat olduğu görünür. Dövlət satınalmalarının vahid internet portalında müsabiqələrlə maraqlanan zaman aydın olur ki, həmin şirkətlər 3-6 ay, hətta 1 il əvvəl yaradılıb. Halbuki mövcud qanunvericilikdə iri tenderlərdə iştirak edən və qalib olan şirkətin çoxillik təcrübəsi, nizamnamə kapitalı, kadr potensialı və maddi-texniki bazası ilə bağlı çoxsaylı şərtlər və tələblər irəli sürülür.

Maraqlıdır ki, az kapitallı şirkətlərin böyük məbləğli müsabiqələrdə iştirak etməsi və qalib olması nə qədər doğrudur? Mövzu ilə bağlı fikirlərini TNS-ə açıqlayan bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov qanunvericiliyin nizamnamə kapitalı az olan şirkətlərin də dövlət satınalmalarında iştirakına icazə verdiyini diqqətə çatdırıb: “Nizamnamə kapitalının həcmi o qədər də əhəmiyyət daşımır. Hər bir tenderin şərtlərində iştirakçı şirkətin kadr potensialı, maddi-texniki bazası ilə bağlı müddəalar öz əksini tapmalıdır. Bunlar yoxdursa, şirkətin iştirakına icazə verilməməlidir. Əgər tələblərə cavab vermədiyi halda müsabiqədə qalib olursa, deməli, burada korrupsiya əməli var. Yaxud da maddi-texniki bazasını bankdan əldə etdiyi kreditlər hesabına təmin edir, sonra müsabiqəyə qoşulur. Xarici ölkələrdə də nizamnamə kapitalı ilə bağlı tələblər qoyulmur. Buna görə də istənilən şirkət müsabiqəyə qoşula və qalib ola bilir”.

Əsas problemin şəffaflığın təmin edilməsi ilə əlaqədar olduğunu deyən hüquqşünasın sözlərinə görə, bütün şərtlər və daxilolmalar ictimaiyyətə, mətbuata açıq olmalıdır: “Mətbuat nümayəndəsi də həmin məlumatları əldə etməli, görülən işlərin şəffaf olduğunu görməlidir. Bu zaman həmin şirkətin dövlət orqanlarındakı ayrı-ayrı şəxslərə bağlılığını, eləcə də qohumluq və ya dostluq əlaqələrini öyrənmək mümkün olacaq. Ancaq ölkəmizdə MMC-lərin dövlət reyestri hamıya qapalıdır. Böyük əksəriyyətinin təsisçisinin və rəhbərliyinin kimlər olduğunu bilmirik. 15 ildən çoxdur, bunu kommersiya sirri elan ediblər. Hətta daşınmaz əmlakın dövlət reyestrində də bütün məlumatları bağlı saxlayırlar”. Beynəlxalq təcrübəyə istinad edən ekspert xatırladıb ki, digər ölkələrdə bu məlumatlar açıq olur: “Dövlət məmurları vaxtaşırı öz gəlir və xərcləri ilə bağlı bəyannamə verirlər. Azərbaycanda da bununla bağlı 2005-ci ildə qanun qəbul edilib, lakin 19 ildir, icra olunmur”.

Bəzən iştirakçı şirkətlərin dövlətə külli miqdarda vergi borcunun olduğuna rast gəlinir. Amma hansısa yollarla müsabiqəyə qoşulur, qalib olur və dəyəri 100 minlərlə, hətta milyonlarla ölçülən müqavilələr imzalayırlar. Bu faktı təsdiq edən Əkrəm Həsənov bildirib ki, əslində tender qanunvericiliyi belə şirkətlərin iştirakını qadağan edir: “Şirkət ərizə verməmişdən əvvəl aidiyyəti dövlət orqanlarına borcunun olmaması barədə arayış təqdim etməlidir. Əgər borc varsa, iştirakına icazə verilməməlidir. Bir məqamı da diqqətinizə çatdırım. Qanunvericiliyə əsasən, hər ilin sonunda növbəti il üçün satınalmalarla bağlı illik plan və siyahı təqdim olunmalıdır, lakin bunu etmirlər. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirməlidir. Amma biz bunu görmürük”.

Short URL: http://www.cumhuriyyet.net/?p=200571

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031