Ukrayna savaşından çıxış yolu kimi təklif olunan “Aland adaları” modeli nədir?

21.02.2024 - 11:14

Dünya Rusiyanın Ukraynanı işğalının nəticələrini ciddi şəkildə müzakirə etdikləri bir zamanda ən uğurlu çözüm təkliflərindən biri heç kimin gözləmədiyi bir qurumdan gəldi. Söhbət Azərbaycan Demokrat Partiyasının (ADP) dünən yayımladığı bir təklifdən gedir. Ovqat.com-un məlumatına görə, geosiyasi prosesləri dəyişdirmək imkanlarına malik olmayan ADP çıxış yolunu Ukraynanın işğal altındakı ərazilərinə Aland modelininin tətbiqini təklif edib.

Partiyanın İdarə Heyətinin dünən keçirilən həftəlik toplantısında bu modeli müzakirəyə çıxaran ADP rəhbərliyi bu qərara gəliblər: “Qanlı müharibənin tez bir zamanda dayandırılmasının alternativ yollarından biri “Aland adaları” modelinin Krıma,  Donetskiyə və Luqanskiyə tətbiq olunmasıdır”. Doğrudan da dalana dirənən bu müharibədə sülh danışıqlarına başlamaqdan başqa çıxış yolu qalmayıb. Belə bir vəziyyətdə “Aland adaları” modeli hər iki tərəfi qane edən prinsip kimi ələ alına bilər.

Bəs “Aland adaları modeli” nədir?

Gəlin, bu suala cavab tapmaq üçün Aland adalarının hüquqi statusuna ötəri bir nəzər salaq.

Aland adaları və ya Ahvenanmaa — Finlandiyaya aid muxtar vilayət.

Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib. Alandlılar bu təklifi rədd ediblər, münaqişə yetişməyə başlasa da, tərəflərdən heç biri silaha əl atmayıb.

1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiyanın neytral və hərbsizləşdirilmiş ərazisi olması barədə qərar çıxarır. 1921-ci ilin iyununda verilmiş qərarla Finlandiyanın üzərinə adalarda yaşayan əhalinin İsveç dilini, adət və ənənələrini saxlamaq, İsveç mədəniyyətinin inkişafına təminat verməsi barədə öhdəlik qoyulur.

İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə görə, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı İsveç əhalisinin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat alır.

1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament – laqtinq adaların daxili işləri və büdcə haqqında qanun qəbul edə bilər. Hökuməti də laqtinq təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq özünüidarə qanunlarına Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə dəyişikliklər edə bilərLaqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edirBu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı – xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın preroqatividir.

Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland Adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb bağlamaqdan ibarətdir.

İqtisadiyyat sahəsində münasibətlər belə qurulur: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür.

Finlandiya prezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda – adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyi üçün qorxu yaradanda veto qoya bilər.

Adalarda yaşamaq hüququ həm də vətəndaşlıq hüququ sayılır. Adalarda doğulan və valideynlərindən biri Aland vətəndaşı olan uşaq bu hüquqa malikdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Aland vətəndaşlığı arxipelaqa köçüb orada 5 il yaşayan və İsveç dilini bilən hər bir Finlandiya vətəndaşına verilir.

Daşınmaz əmlaka malik olmaq hüququna qoyulan məhdudiyyətlər torpaq sahələrini alandlıların mülkiyyəti kimi möhkəmlətmək arzusu ilə izah olunur. Alanddan kənarda 5 il yaşamış ada sakini vətəndaşlığını itirir. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular qoymaq olmaz.

Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər şurasının işində Aland hökuməti də iştirak edir.

Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır.

ADP-nin bu təklifindən aydın olur ki, Rusiyanın 2014-cü ildə işğal etdiyi ərazilərə Aland adalarının statusuna uyğun muxtar hüquqlar verilir və bu ərazilər də xüsusi imtiyazlarla Ukraynaya bağlanır. Bəs, buna Rusiya razı olarmı?

Əlbəttə ki, kəramət gücə bağlıdır. Ukrayna Qərb dövlətlərindən hərbi dəstək alıb Rusiyanı masaya oturtmağa məcbur edə bilərsə, Moskvanın Aland adaları modelinə razılıq verməkdən başqa çarəsi qalmaz. ABŞ və Avropa ölkələrinin savaş yorğunluğu isə hələ ki, Ukraynanın bu üstünlüyü qazanmasına şərait yaratmır. Amma Avropa ölkələrini bürüyən rus təhlükəsi onları bu münaqişədə aktiv yer almasını da şərtləndirə bilər.

Qısası, ADP-nin Ukrayna savaşı ilə əlaqədar irəli sürdüyü təklif həqiqətən də ən yaxşı sülh modellərindən biri kimi görünür. Amma nə yazıq ki, bu təklif Ukrayna savaşının taleyini dəyişdirəcək bir qüvvə tərəfindən deyil, Azərbaycanda fəaliyyət göstərən bir partiya tərəfindən irəli sürülür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198685

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930