BMT-yə nota verən işğalçı və “Aya hürən köpəklər” misalı

21.03.2022 - 20:28

Ermənistandakı revanşist qüvvələr hələ də Şuşanın qarasınca deyinirlər, ulduza hürən köpəklərsayağı. Azərbaycan Şuşanı abadlaşdırır, Suqovuşanda avarçəkmə üzrə yarışlara start verib, turizm kompleksi inşa edir, Böyük Qayıdış tədarükündədir, erməni quldurlarsa kifli fikirlərindən əl çəkmək istəmirlər.

Azərbaycanın BMT təmsilçiləri ilə bərabər “Xankəndi” təyyarəsi ilə Bakıdan Füzuli Beynəlxalq Hava Limanına uçması, oradan da Zəfər yolu ilə Şuşaya gedib, Bakı-BMT əlaqələrinin 30 illiyini yüksək səviyyədə keçirməsi ermənilərə elə dağ çəkib ki, tüstüləri təpələrindən çıxır neçə gündür.

Gözləmirmişlər. Elə zənn edirmişlər ki, “pensiyaya göndərilmiş” Minsk Qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirləri kimi, ATƏT-in Bakı nümayəndəsi də Şuşaya getməkdən yayınacaq, müxtəlif bəhanələrlə, bunlar da Şuşa, Hadrut və digər ərazilərimizlə bağlı sarsaqlamaqda davam edəcəklər. BMT təmsilçisinin azad Şuşaya getməsi bu şəhərlə bağlı sorğu-suala yer qoymadı: BMT də “Şuşa Azərbaycandır”, dedi.

Erməni həyasızlığı barədə minlərlə faktlar var. Amma bu günlərdə biri də əlavə olundu, özü də “unikal”ı. Martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı BMT-nin Ermənistandakı nümayəndəsi XİN-ə çağırıldı və ona etiraz notası (?!-E.P.) təqdim olundu.

Təsəvvür edin, Azərbaycanın Şuşa şəhərini 28 il yarım işğalda saxlayan bir ölkə dünyanın aparıcı təşkilatına nota verir ki, nümayəndən niyə azad olunmuş şəhərə ayaq basıb! Həyasızlığın miqyası ölçüyəgəlməzdir. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni icra etməyən ölkə ayıbına kor olmaqdan, utanıb yerə girməkdən, BMT adını eşidəndə dilini “qarnına” qoymaqdansa, “xox” gəlir!

Hələ ki, Azərbaycan XİN Ermənistanın bu həyasız davranışına BMT-dən reaksiya verilməyib. İrəvanın Nyu-Yorkdakı daimi təmsilçisini çağırıb, divara dirəməyiblər ki, ay filan-filan, sənin ölkən Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə bağlı qətnamələrini 27 il icra etmədiyi halda, nə haqla mənim kölgəmə hürüşürsünüz?! Gözləyək, görək reaksiya olacaqmı? Ermənistan BMT qətnamələrini ayaq altına atdığı illərdə kəskin reaksiya görmədiksə, bundan sonra da çətin…
Amma rəsmi Bakı Ermənistanın cavabını operativ şəkildə verdi.

“Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil”, XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. İrəvana xatırladılıb ki, Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir. Ən əsası, işğalçı və talançı ölkəyə xəbərdarlıq edilib: “Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını nümayiş etdirir. Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey deyildir. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər, digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. BMT heç vaxt keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe sərgiləməyib, əksinə, Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu” bərpa etməyə çağırması aydın deyil. Yekunda, bir daha təkrar etmək istərdik ki, Ermənistan bölgədəki post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün bir o qədər faydalı olar”.

Normal cavabdır. Amma Ermənistandakı revanşistlər sakitləşmək istəmirlər, təbii ki, bu, kifayət qədər dərs almadıqlarına görədir. Erməni mətbuatı yenidən köhnə palan içi sökməyə başlayıb. Hətta rəsmi Bakını “bir qədər fikirləşdikdən sonra” erməni tərəfinin etirazına cavab verməkdə ittiham ediblər. Üstəlik də, reaksiyanı kontekstdən çıxararaq. Azərbaycan tərəfinin BMT qətnamələrini “təhrif olunmuş şəkildə təqdim etməkdə” günahlandırıblar, sırtıqcasına. Atdınca da Azərbaycan XİN-in BMT-nin obyektivliyini və qərəzsizliyini “şübhə altına almaqda” ittiham edəcək qədər absurda gediblər. Ararat Mirzoyanın rəhbərlik etdiyi qurum ara qatmaqla məşğuldur. Bir az əvvəl Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə Antalyadakı görüşdə özünü necə xoşbəxt hiss edirdi. Bu gün də Türkiyə ilə münasibətlərin tənzimlənməsi ilə bağlı ümidlərini açıqlayıb. Amma di gəl ki, anlamırlar, Türkiyə dövləti atdığı hər bir addımı Azərbaycanla məsləhətləşir, eynilə də Bakı Ankara ilə müzakirələr aparır, davamlı şəkildə. Üstəlik, Şuşa Azərbaycan kimi, Türkiyə üçün də qırmızı xətdir, Şuşa Bəyannaməsi hər şeyi deyir! Bütün bunlardan sonra ermənilərin axına qarşı üzməyə cəhd eləməsinin adı yoxdur. Anlamasalar, başa salacaq əsgərimiz!

Əslində erməni revanşistlərin qudurğanlığına səbəbkar həm də BMT-dir, Ermənistanın nota verdiyi qurum! Əgər zamanında BMT Ermənistan rəhbərliyinin yaxasından tutub, onu 4 qətnaməni icra etməyə vadar eləsə, indi onun üzünə ağ olmazdı ermənilər. Etmədilər, başqa ölkələrlə bağlı qəbul olunan qətnamələri dərhal icraya yönəldənlər Qarabağın işğalında “təsir rıçaqlarına malik olmadı”lar, məsələni Minsk Qrupunun üstünə atdılar, torpaqlarımızın əbədi işğalına stimul verdilər. Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etməklə həm də BMT TŞ-nin qətnamələrini təkbaşına icra etdi və buna görə Quterreşdən təşəkkür gəlməliydi. Hətta BMT Şuşaya ayaq basmasının, bayrağını Şuşada asmasının halallığını almalı idi Azərbaycan dövlətindən və ordusundan!

Yeri gələndə bizim BMT-yə deyəcəyimiz sözlər var, özü də kifayət qədər. BMT Baş Assambleyasının iclaslarında Şuşanın işğalında iştirak etdiyi üçün fəxr etdiyini deyən canilər Robert Köçəryan və Serj Sərkisyana tribuna verməməliydi bu qurum. Amma əksinə, Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” səs verənləri gördük illər boyu…

2020-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdı. Dünyanın xilasına yönəlik təşəbbüsü 130-dan artıq ölkə dəstəklədi, Ermənistandan başqa! Amma BMT Ermənistanı lənətləmədi, heç qınamadı da. BMT TŞ Ermənistanın tovuza hücumuna sərt reaksiya versə, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı çağırışına adekvat reaksiya bildirsə, bir neçə gün sonra 44 günlük müharibə baş verməzdi. Etməlidlər!

Yaxud keçən ilin payızında BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistandan irqi zəmində nifrətin qızışdırılmasına son qoymağı tələb etdi, ermənilər də təşəkkür bildirdilər. Azərbaycanın 1 milyon insanını didərgin salan, ərazisində bir nəfər azərbaycanlının yaşamasına imkan verməyən ölkə ilə təkcə paytaxtında 30 min erməninin yaşadığı ölkə arasında bərabərlik işarəsi qoymaq olmaz!

İşğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağın axırı da belə olur: nota gəlir. Günün birində Ermənistan BMT Təhlükəsizlik Şurasını məhkəməyə versə, təəccüblənmərik…Özləri qudurtdular…


Elşad Paşasoy,
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171982

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930