Sərkisyan danışıqlardan imtina etdi – Müharibə yenidən başlayacaq

26.04.2016 - 09:58

putin-serkisyanQarabağ ətrafında yeni təhlükəli situasiya; Ermənistanın prezidenti “Bloomberg”ə müsahibəsində Qarabağ danışıqlarını lüzumsuz sayıb; düşmənin təmas xəttindəki təxribatları da Azərbaycanı yeni müharibəyə məcburiyyətində qoyur; Kreml isə vəziyyəti “kövrək” hesab edir; ekspertlər cəbhədəki və danışıqlar ətrafındakı son durumu dəyərləndirdi…

Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri atəşkəs haqqında razılaşma əldə etsələr də, sonrakı günlərdə işğalçı ölkənin davranışları birmənalı olaraq razılaşmanı pozmağa yönəlib. Ermənistan prezidenti Serj Sərkisyanın beynəlxalq qanunları növbəti dəfə pozaraq ilhaq olunan Azərbaycan ərazilərinə gəlməsi, burada öz tabeliyində olan terrorçu və cinayətkar dəstələrin üzvləri ilə görüşüb onları mükafatlandırması əslində İrəvanın heç olmasa 2-4 aprel döyüşlərində aldığı zərbələrdən sonra konstruktiv mövqedən çıxış edəcəyini sual altına almışdı. 
Sonrakı müşahidələr bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən Azərbaycanın Tərtər rayonunun sakinlərini, mülki əhaliyə məxsus evləri mərmilərlə hədəfə alması, paralel olaraq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Hadrut, daha sonra Xocavənd rayonuna gəlib burada toplantılar keçirməsi, cinayətkar dəstələrə təlimatlar verməsi də düşmənin aqressiyasının davam edəcəyinə şübhə yeri qoymur. 
 
Bu arada Ermənistan mühəndis qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan iddia edib ki, uzun müddət gizli saxladığı hərbi sirri açır. O, “İsgəndər” raketlərinin ölkə ərazisində olduğunu deyib. Modern.az xəbər verir ki, bu barədə general Kentron telekanalındakı “Güzgü qabağında” verilişində deyib. Erməni hərbi eksperti Qevorq Arakelyan isə xəbəri təsdiqləyərək bununla bağlı fikirlərini bölüşüb. Azərbaycan Müdafiə Nazirliyi hələlik düşmənin iddialarına cavab verməyib. Ancaq nazirlik dəfələrlə bəyan edib ki, düşmənin istənilən atəş nöqtəsini susdurmaq imkanındadır.
İstənilən halda “nə hərb, nə sülh” vəziyyətinin uzun müddət davam etməyəcəyini nəzərə alan ekspertlər genişmiqyaslı hərbi əməliyyatların hər an bərpa oluna biləcəyi barədə xəbərdarlıqlar edirlər. Rusiyalı ekspert Oleq Kuznetsov bildirib ki, əgər yaxın müddətdə sülh əldə olunmasa, savaş yenidən başlayacaq. Politoloq hətta yeni savaşın tarixini da açıqlayıb:
 
“Mayın 8-i yaxınlaşır. Vacib deyil, atəşi birinci kim açacaq. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz zəmanət var. Ən azı üç gün – mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir. Sonra isə Kreml növbəti ”sakitləşdirmə” mərhələsinə başlayacaq”.
Azərbaycanın milli qəhrəmanları, Qarabağ Azadlıq Təşkilatı, ayrı-ayrı keçmiş döyüşçülər, hətta xaricdə yaşayan bəzi həmvətənlərimiz də Ali Baş Komandandan Vətən müharibəsinə başlamaqla bağlı əmr verməsini xahiş ediblər. Üstəlik, Rusiyanın baş diplomatı danışıqlara başlamaq üçün uyğun vaxtın olmadığını deyib. Deməli, Ermənistan qeyri-müəyyənliyin davam etməsi şəraitində Azərbaycana zərbələr endirməyə, bununla da danışıqlar masası ətrafında üstün mövqe qazanmağa çalışacaq. Azərbaycan isə heç vaxt işğalçının itirdiyi əraziləri geri almasına imkan verə bilməz, bu, təkcə danışıqlardakı üstünlük deyil, həm də qürur məsələsidir.
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Rusiyaya xarici işlər nazirinin Ermənistana səfəri ərəfəsində verilən proqnozlar öz təsdiqini tapmaqdadır: “Bir daha məlum oldu ki, münaqişənin həlli ilə bağlı Rusiya tərəfdə heç bir konkret fikir yoxdur və müəyyən təkliflər paketi var. Eyni zamanda bu, bir daha Rusiyanın regionda nüfuzunun artırılması üçün edilirdi və düşünürəm ki, bu da əksinə alındı. Məlumdur ki, Ermənistan xarici işlər naziri Nalbəndyan Kazan prinsipləri haqqında danışanda da Rusiyanı ön plana çəkməyə çalışırdı. Lavrov və Sərkisyanın görüşündə Ermənistan prezidentinin qoyduğu müəmmalı suallara da Lavrov konkret cavab vermədi və məhz 2-5 aprel əməliyyatının niyə baş verdiyini açıqlamadı. Əsas məqamlardan biri isə süni surətdə təşkil edilən və Sərkisyanın hakimiyyətinin saxlanmasına hesablanan anti-Rusiya mitinqləri idi. Bu da münaqişənin həllində status-kvonun saxlanması üçün atılan addımlardır. Təsəvvürə gətirilə bilməz ki, Rusiyanın xarici işlər nazirinin səfəri vaxtı belə tədbirlər keçirilsin”.
Ekspert təsdiqlədi ki, qondarma qurumun “rəhbəri” Bako Saakyanın çıxışları da nəzəri cəlb edir: “İndiyə qədər məğlubiyyət üçün cavab verməli olanlar artıq baş qaldırıblar. Bu da Lavrovun səfərindən sonra baş verir və 1994-1995-ci il vəziyyətini gündəmə gətirmək üçün edilir. Əsas məqsəd isə qondarma qurumu tərəf kimi danışıqlarda görmək istəyidir və təbii ki, Azərbaycan tərəfi bunu qəbul etməyəcək. Yenə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sülhlə bağlı verdiyi bəyanatların təkrar edilməsi Lavrovun İrəvana ”əlidolu” deyil, məhz əliboş getməsindən xəbər verir. İctimaiyyət üçün “5 rayon” və ya “əlavə 2 rayon”, kimi fikirləri bildirməklə bir daha qeyd edirəm ki, Rusiya bölgədə öz nüfuzunu artırmağa çalışır. Lakin bu kimi siyasi gedişlərin heç bir effekt vermədiyi artıq məlumdur. Buna görə də düşünürəm ki, münaqişənin həlli üçün Azərbaycanın məhz güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək, torpaqlarımızı azad etmək, suverenlik və ərazi bütövlüyü çərçivəsində hər iki tərəfdən milli müqəddəratın həll edilməsi variantı ən mükəmməl addımdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə son durumu şərh edərkən müharibə ehtimalını istisna etməyib, əksinə, real sayıb. Onun fikrincə, Ermənistanın ordu komandanlığının son təxribatları Azərbaycanı böyük müharibəyə təhrik edir: “Artıq neçənci dəfədir ki, İrəvandan belə bir açıqlama verilir ki, Ermənistan ordusu Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi endirə bilər. Mingəçevir SES Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Stansiyaya raket zərbəsinin vurulması həm bölgədə ekoloji fəlakət yaradacaq, həm də Azərbaycanın böyük hissəsini elektriksiz qoyacaq”.
Əgər Ermənistanın ordu komandanlığı Mingəçevirə raket zərbəsi endirərsə, bu halda nə baş verəcək? E. Şahinoğlu: “Birincisi, Azərbaycan ordusu da eyni ilə Ermənistandakı stansiyaları uzaq mənzilli raketlərlə vuracaq. Hətta Ermənistanın ”Metsamor” atom elektrik stansiyası da hədəf götürülə bilər. İkincisi, Mingəçevir SES-ə raket zərbəsindən sonra Azərbaycan ordusu Dağlıq Qarabağ istiqamətində hücuma başlayacaq və bu müharibəni dayandırmaq mümkün olmayacaq. Üçüncüsü, Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirəcək və bu halda Azərbaycan üçün Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyü əhəmiyyət kəsb etməyəcək”.
***
Rusiyada da vəziyyətin hər an nəzarətdən çıxacağını anlayırlar. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Kremldə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət çox kövrək kimi qiymətləndirilir” sözləri də təsdiqləyir. Yazı çapa hazırlanarkən yayılan məlumat isə Qarabağ müharibəsinin hər an başlaya biləcəyi barədə proqnozların tam real olduğunu təsdiqlədi. Ermənistan prezidenti Serj Sərkisyan 24 apreldə “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, münaqişə zonasında  müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır. O, müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır (virtualaz.org). “Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”,  -Sərkisyan bildirib.
Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, guya Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb edibmiş. “Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?” -Sərkisyan deyib.
 
Sərkisyanın bu cür radikal açıqlamanı məhz Lavrovla danışıqlardan sonra verməsi diqqət çəkir. Erməni prezident onu da deyib ki, Lavrov “heç bir yeni təklif gətirməmişdi”: “Çünki o yaxşı başa düşür ki, 4 günlük müharibədən dərhal sonra danışıqlardan bəhs etməyin mənası yoxdur”. Ermənistan prezidenti 4 günlük müharibə haqda danışaraq deyib ki, döyüş əməliyyatları 200 kilometrlik təmas xətti boyu gedib. “Azərbaycan Dağlıq Qarabağın özünə daxil olub sonra ultimatum irəli sürmək istəyirdi” – o iddia edib. Müsahibədə Sərkisyan ilk dəfə etiraf edib ki, ermənilər bu döyüşlərdə ərazi itiriblər. Onun sözlərinə görə, Azərbaycan qoşunları “təmas xəttinin şimalında və cənubunda” kiçik ərazini nəzarət altına alıb. “Ancaq bu ərazilər strateji əhəmiyyət kəsb etmədiyindən əlavə itkilər hesabına onları geri qaytarmağa cəhd etmirik”,  – Sərkisyan bildirib.
Sərkisyan onu da deyib ki, hərbi əməliyyatlar Moskvada baş qərargah rəisləri arasında əldə edilmiş razılaşma ilə dayandırılsa da münaqişə zonasına rus sülhməramlılarının yeridilməsindən söhbət gedə bilməz: “Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyil, ancaq mən indi belə imkan görmürəm” – o deyib. “Əgər heç bir danışıq yoxdursa, Rusiya qüvvələri Qarabağda necə peyda ola bilər” – Sərkisyan sual edib. Onun fikrincə, Rusiya “irimiqyaslı müharibəni əngəlləmək üçün” Azərbaycanla Ermənistan arasında balanslaşdırma həyata keçirir.
Ermənistan başçısı danışıqların başlaması üçün şərtlər irəli sürərək deyib ki, həmsədr ölkələr təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etdirməli və “bir daha bu cür hadisələrin baş verməyəcəyinə dair” təminat verməlidir. Sərkisyan həmçinin deyib ki, o, 2011-ci ildə Kazan şəhərində Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır olub. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürüb.
Hələlik Sərkisyanın danışıqlardan imtinasına və səsləndirdiyi iddialara rəsmi Bakının reaksiyası məlum deyil. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62399

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930