İstiqlalın əleyhinə səs verənə niyə "İstiqlal" ordeni verib, sonra geri almaq?
“AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov diqqət çəkən
açıqlama ilə çıxış edib və Rusiya Xalqları Assambleyasının toplantısında
çıxışı zamanı Rusiya xalqlarını bu məclisin ətrafında birləşməyə
çağırıb: “Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRI
adlı evimizi müxtəlif “milli mənzillərə” böldük. Belə unikal bir ölkə
bir də ələ düşməyəcək. Gəlin Rusiya Xalqları Məclisinin ətrafında
birləşək və milli-mədəni muxtariyyətlərimiz üzrə hərəkət edək” – deyə
Abbas Abbasov bildirib.
Abbas Abbasovun səsləndirdiyi fikirlər zərərlidir və bunu qətiyyən
təqdir etmək olmaz. Bu fikirlərin Azərbaycanda yüksək vəzifə tutmuş bir
şəxsin dilindən səsləndirilməsi isə ikiqat biabırçılıqdır.
Diqqət çəkən məqam ondan ibarətdir ki, bu açıqlamadan sonra mətbuat
səhifələrində Abbas Abbasova qarşı kampaniya başladı və onun “Istiqlal”
ordenindən məhrum edilməsi təşəbbüsü meydana çıxdı.
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan
polkovnik, Eldar Sabiroğlu bildirib ki, Abbas Abbasov “Istiqlal”
ordenindən imtina etməlidir. “Insan təkcə bu gün üçün yaşamır, o,
gələcəyini də düşünməlidir. Əslində, Azərbaycanın Baş nazirinin keçmiş
1-ci müavini olmuş bu şəxs təpədən-dırnağa qədər Rusiyapərəst imperiya
tərəfdarı olmuş adamdır. Indi də o hər şeyi aşkar şəkildə ortaya qoyur.
Çox istəyirəm və yaxşı olar ki, o, “Istiqlal” ordenindən imtina etsin. O
özündə bu cəsarəti tapmırsa, o zaman “Istiqlal” ordeni Abbas Abbasovun
əlindən alınsın. Bu gün Abbas Abbasov “ya müstəqil Azərbaycan dövləti,
ya da SSRI-nin bərpası” seçimi qarşısında qalsa, o, imperiyanın
bərpasının tərəfdarı olacaq”.
Bu açıqlamadan sonra Abbas Abbasovla bağlı məsələ uzandı və hər gün
bu məsələ ilə bağlı məqalələr dərc olunur. Bir sözlə, indi hökumət Abbas
Abbasovu rus sevgisinə görə cəzalandırmağa start verib.
Hökumətin bu açıqlamadan narahat olması, qeyri-səmimi görünür. Çünki,
hakimiyyət komandasında rusiyapərəstələr çoxdur və zaman-zaman bunu
açıq elan ediblər. Bir müddət öncə millət vəkilləri Qüdrət Həsənquliyev,
Eldar Ibrahimov və digərləri açıq şəkildə Rusiya çağırışı etdilər.
Putinə məktub yazmaqdan tutmuş, rus qoşunlarının Azərbaycana
gətirilməsinə qədər, bütün təkliflər irəli sürüldü. Ancaq bu adamlara
qarşı heç bir qınaq, töhmət, etiraz hiss olunmadı.
Digər tərəfdən, bu gün Azərbaycanda yüksək vəzifə tutan xeyli adam
var ki, müstəqillik aktının əleyhinə səs veriblər. Abbas Abbasov da
istiqlalın əleyhinə səs verənlərdən biridir. Istiqlalın əleyhinə səs
vermiş adama niyə “Istiqlal” ordeni verilirdi ki, indi də geri alınması
tələb olunsun?
Milli Məclisin komitə sədri Arif Rəhimzadə, MM-in Aqrar Siyasət
komitəsinin sədri Eldar Ibrahimov, Su və Meliorasiya komitəsinin sədri
Əhməd Əhmədzadə, Baş nazirin müavini Əli Həsənov və digərləri SSRI-nin
saxlanmasının lehinə səs veriblər. Göründüyü kimi, istiqlalın əleyhinə
səs verənlər, SSRI-yə sevgisini səsiylə isbat edənlər, bu gün yüksək
vəzifə tuturlar. Necə olur ki, bu adamların antimilli addımı bugünə
qədər təqdir olunur, amma Abbas Abbasovun fikirləri qəzəb doğurur və
onun “Istiqlal” ordenindən məhrum edilməsi təşəbbüsü meydana çıxır?
Demək istədiyimiz odur ki, Abbas Abbasova qarşı aparılan kampaniya hakimiyyətin müstəqillik sevgisi ilə bağlı deyil.
Sadəcə olaraq hakimiyyət “mənimlə birlikdə deyilsənsə, mənim
düşmənimsən” prinsipi ilə idarə edir və Abbas Abbasov da hakimiyyətin
çətirindən kənarda fəaliyyət göstərdiyi üçün uzun müddətdir hədəfdədir.
Bir daha qeyd edirik ki, Abbas Abbasovun yuxarıda qeyd etdiyimiz
fikirləri kəskin tənqidə layiqdir. Bu tənqidin hakimiyyət
təmsilçilərinin dilindən səsləndirilməsi isə qeyri-səmimi və
ifşaedicidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10024