Prezident Administrasiyasının "qara siyahısı"
Daha çox şikayət daxil olan rayonların rəhbərləri “vurula” bilər

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların
müraciətlərilə iş şöbəsinin müdiri Süleyman Ismayılov geniş məqalə
yazıb. Məqalə hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni
Azərbaycan” qəzetində dərc edilib. Süleyman Ismayılov məqaləsində
Prezident Administrasiyasına daxil olan şikayət və müraciətlərdən bəhs
edib. Yazıda bir sıra maraqlı məqamlar diqqəti cəlb edir.
Məsələn,
Süleyman Ismayılov qeyd edir ki, 2013-cü ilin aprelindən dekabrınadək
respublikanın 48 şəhər və rayonunda 24 mərkəzi icra hakimiyyətinin
orqanının rəhbərləri tərəfindən keçirilən qəbullarda 64 şəhər və
rayondan 10 min yaxın vətəndaş iştirak edib. Nazirlərin rayonlarda
vətəndaşlarla keçirdiyi görüşlər hər kəsin yadındadır. Bu görüşlərdə
həmişə izdiham yaşanıb. Polis görüşə gələn insanların əhəmiyyətli
hissəsinə qəbula düşməyə imkan verməyib. Bununla belə 10 minə yaxın
insan qəbulda iştirak edibsə, belə bu, hakimiyyətin “analoqu olmayan
inkişaf” siyasətinin sabun köpüyü olduğunu ortaya qoyur. Bir daha qeyd
edirik ki, hələ bu rəqəm dəfələrlə azaldılıb.
Bundan başqa Süleyman
Ismayılov bildirir ki, bu qəbullarda edilən müraciətlərin yalnız 32
faizi müsbət həllini tapıb. 32,5 faizinə müvafiq izahatlar verilib, 6,4
faizi isə əsassız hesab edilib. Yerdən qalan 30 faiz müraciətdən isə
səs-soraq yoxdur. Nəzərə alsaq ki, “müvafiq izahatlar verilmiş”
müraciətlər də həllini tapmamış hesab edilir, o zaman həllini tapmamış
müraciətlər 70 faizə yaxınlaşır. Bu o deməkdir ki, nazirlərin
keçirdikləri qəbullar sadəcə gözdən pərdə asmaq məqsədi daşıyıb. Zatən,
bu kampaniyaya start veriləndə həmin qəbulların imitasiya xarakteri
daşıdığını bildirilirdi.
Süleyman Ismayılovun məqaləsində diqqətçəkən
məqamlardan biri də 2014-cü ilin birinci yarısında bəzi rayonlar üzrə
şikayətlərin sayının artmasıdır. “Elə rayonlar var ki, 1 və ya 2 yaşayış
məntəqəsindən başqa əksəriyyətindən müraciətlər daxil olmuşdur. Bu
sahədə ən çox kən və qəsəbəsinin müraciət etdiyi rayonlardan Lənkəran,
Şəki, Balakən, Beyləqan, Göygöl, Imişli, Kürdəmir, Saatlı, Salyan,
Samux, Zərdab rayonlarını göstərmək olar”, – deyə Süleyman Ismayılov
bildirib.
Bu hissəni “qara siyahı” da adlandırmaq da olar.
Redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, yaxın vaxtlarda
bəzi rayonların başçıları dəyişdiriləcək. Ehtimal etmək olar ki,
Süleyman Ismayılovun adını çəkdiyi rayonların rəhbərləri “vurulacaq”.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=10147