Kəmaləddin Heydərovu çökdürmək planı işlənib

30.07.2014 - 13:58
“Fövqəlnazir”in siyasi iddiaları onu hakim ailənin hədəfinə gətirib

Maliyyə Nazirliyi Salyan rayonunda dövlət maliyyə vəsaitlərindən
istifadənin miqyaslı yoxlanmasına başlayıb. Yoxlama bu həftə başlayıb və
40 gün davam edəcək. Bu barədə Turan-a məlumatlı mənbələrdən məlum
olub. Rayon Icra Hakimiyyətindən və Maliyyə Nazirliyindən şərh almaq
mümkün olmayıb. Əsasən son üç ildə, Salyan Rayon Icra Hakimiyyətinin
indiki başçısı Tahir Kərimovun rəhbərliyi dövründə idarələrin, büdcə
təşkilatlarının fəaliyyəti yoxlanılır.

Ötən il “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov
rayondakı korrupsiya faktları, qeyri-şəffaf tenderlər, büdcə
vəsaitlərinin mənimsənilməsi barədə prezident Ilham Əliyevə açıq məktub
yazmışdı.

Bundan sonra rayonda ona təzyiqlər başlayıb. Apreldə o, pul almaq
kimi uydurma ittihamla həbs edilib. Rayon məmurları onun üzünə yalançı
şahidlik ediblər.
Emil Məmmədovun məhkəmə prosesi iyulun 31-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlayacaq.

Salyandakı yoxlamalarla bağlı “Azadlıq”a da maraqlı məlumatlar daxil
olub. Məlumatlarda bildirilir ki, Tahir Kərimovun hədəfə gəlməsi də həm
də Kəmaləddin Heydərov faktoru ilə bağlıdır. Tahir Kərimov fövqəladə
hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. O, vaxtilə
“fövqəlnazir”ə məxsus olduğu bildirilən “Caspian Fish”in baş direktoru
vəzifəsində çalışıb. 2006-cı ildə Kəmaləddin Heydərovun dəstəyilə
Daşkəsənin, 2011-ci ildə isə Salyanın icra başçısı vəzifəsinə təyin
olunub.

Məlumatlarda bildirilir ki, artıq hakim ailədə Kəmaləddin Heydərovla
bağlı müəyyən şübhələr yaranıb. “Fövqəlnazir”in son vaxtlar daha da
güclənməsi, Kremllə yaxın ilişgilər qurması hakim ailəni ehtiyatlı
olmağa sövq edib. Bildirilir ki, artıq Kəmaləddin Heydərovu zəiflətmək
üçün planlar hazırlanıb. Ilk növbədə “fövqəlnazir”in nəzarətində olan
icra başçılarını “vurmaq” düşünülür.

Qeyd edək ki, Kəmaləddin Heydərovun hakimiyyətdə ən güclü və ən
iddialı fiqur olması barədə zaman-zaman yazılıb. Hətta Wikileaks
saytının yaydığı məxfi sənədlərdə də Kəmaləddin Heydərovun iddialı fiqur
olduğu xüsusilə vurğulanır. Məsələn, ABŞ-ın keçmiş müvəqqəti işlər
vəkili Donald Lunun Dövlət Departamentinə göndərdiyi geniş həcmli
teleqramda Kəmaləddin Heydərovun qüdrətli nazir kimi təqdimatı verilib
və bildirilib ki, o, ətrafı üçün sanki prezidentdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10245

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31