Rusiyanın Cənubi Qafqaz planları

getməyə hazır olan Moskvanın son addımları təhlükənin başlanğıcıdır
Çoxdan
gözlənilən ssenari işə düşmək üzrədir. Dünyada baş verən köklü
dəyişikliklərin, güclər savaşının fonunda “atəşkəs” hökm sürən Qafqazda
müharibə
küləkləri
əsməyə başlayıb. Ukrayna böhranının başlanması ilə real təhlükə
qarşısında qalan Azərbaycan üçün çətin və qanlı bir sınaq dövrünə start
verildi. Uzun müddətdir ki, Azərbaycan ətrafında davam edən
qeyri-müəyyən siyasi və hərbi şərait artıq konkret çalarlar kəsb etməyə
başlayıb. Qərblə başladığı savaşı yeni müstəviyə keçirməyə çalışan
Rusiya Azərbaycanı proseslərə aktiv cəlb etməklə rəqiblərinə ikinci
cəbhə açmağı planlaşdırır. Bunu isə aylar öncə proqnozlaşdırıldığı kimi
Qarabağda vəziyyəti gərginləşdirməklə həyata keçirirlər. Faktiki olaraq
bu gün cəbhə bölgəsində müharibə gedir desək yanılmarıq. Diqqət edin,
bir gecədə təmas xəttində atəşkəs 71 dəfə pozulur. Bu artıq “atəşkəsin
pozulması” demək deyil, bu artıq müharibədir. Rusiya Azərbaycanı
müharibə ilə hədələməyə başlayıb. Kremlin “dəli sözçüsü” Jirinovskinin
ölkəmizi bir xeyli öyməsindən sonra cəbhə xəttində qəflətən başladılan
hərbi əməliyyatlar, Azərbaycanın atəşkəs dövründən bəri ilk dəfə ən çox
itkilər verməsi bir çox mətləblərdən xəbər verir. Yəni Moskva demək
istəyir ki, bu iki yolun biri tutulmalıdır- Azərbaycandan konkret mövqe
istənilir.
Krımın
işğalından sonra Qərblə açıq konfliktə girən Putin artıq çətin duruma
düşüb. Xüsusilə başladılan sanksiyalar Rusiyanı dalana dirəyib. Tezliklə
real nəticələr iqtisadiyyatda özünü göstərməyə başlayacaq. Rusiyanın
ətrafında halqa daraldıqca, Putinin “yeni SSRİ” xülyası reallaşmadıqca
Kreml administrasiyası aqressiyasını daha da artırır. Avrasiya İttifaqı
ətrafında baş verən siyasi oyunlar tədricən hərbi müstəviyə daşınır. Rus
imperializminin ənənəvi taktikası- münaqişə ocaqlarının
alovlandırılması planı təkrar dövriyyəyə girir.
Qısa
xatırlatma aparsaq görərik ki, bir müddət öncəyə qədər erməni
siyasətçilər və analitiklər az qala Rusiyanı xəyanətdə ittiham edir,
Qarabağın Azərbaycana qaytarılacağı ilə bağlı fikirlər səsləndirirdilər.
Ermənistanda sanki bir əndişə yaranmışdı və bunu heç də gizlətmirdilər.
Eyni vaxtda Rusiya siyasi elitasında da bir Azərbaycan “sevgisi”
formalaşmışdı. Şərait aydın idi- Rusiya rəsmi Bakını Avrasiya İttifaqına
cəlb etmək üçün “mülayim siyasi xətt” yürüdürdü və hələ ki, gözləyirdi.
Təbii ki, Qarabağda lokal atışmalar aparılmasını da unutmaq olmaz.
Çünki, tərəflərin yaddaşı hər zaman “test edilirdi”.
İkinci Qarabağ müharibəsinin gizlinləri
Son
proseslər göstərir ki, Rusiya Cənubi Qafqazın taleyini Qarabağda həll
etmək və bunu hərbi müstəviyə daşımaqda israrlıdır. İyulun 31-dən
avqustun 1-nə keçən gecə cəbhənin Ağdam və Tərtər rayonları
istiqamətində baş verən qanlı döyüşlərdə Azərbaycan ordusunun 8 şəhid
verməsi (bəzi mənbələrdə bu rəqəm 11 göstərilir) artıq müharibə ab-
havasının yaranmasına səbəb olub. Bir müddətdir ki, cəbhənin xüsusilə
Tovuz və Tərtər istiqamətində lokal döyüşlər gedir və demək olar ki, hər
gün hər iki tərəfdən itkilərlə bağlı xəbərlər gəlir. Avqustun 1-dən
2-nə keçən gecə isə daha 5 hərbçimizin şəhid olması ciddi rezonans
doğurub. Heç kimə sirr deyil ki, Ermənistan tərəfi Rusiyanın iradəsi
olmadan cəbhədə bu qədər aktivləşə bilməz. Deməli baş verənlərdən aydın
olur ki, Kreml dolayısı ilə Azərbaycanla müharibə ritorikası ilə
danışmağa başlayıb. Cəbhə xəttində baş verən son hadisələr də Rusiyanın
birbaşa təzyiqi və diktəsi ilə baş verir. Rusiya hazırda çox çətin
vəziyyətdədir və demək olar ki, küncə sıxışdırılıb. ABŞ və Avropa
Birliyinin qəbul etdiyi sanksiyaların dövriyyəyə girməsi çox yaxın
zamanda özünü Rusiya iqtisadiyyatında göstərəcək. Belə olan halda isə
Rusiyanın aqressiv davranmaqdan başqa yolu qalmayıb. Rusiya nə ABŞ-a, nə
də Avropaya qarşı ciddi sanksiyalar qəbul etmək iqtidarında olmadığı
üçün regionda məhz həmin güclərin geosiyasi maraqlarını vura biləcək
addımlar atmağı planlaşdırır. Bu addımlar postsovet məkanının istənilən
ölkəsində, eyni zamanda Cənubi Qafqaz ölkələrində işə düşəcək.
Rusiya
Azərbaycanı hərbi münaqişəyə çəkməklə regionu tam öz nəzarətinə almağa
çalışır. Bir neçə rayonun qaytarılması müqabilində Azərbaycanın Gömrük
İttifaqına cəlb olunması planının fiaskoya uğramasından sonra Kreml daha
sərt dillə danışmağa başlayıb. Putin üçün Azərbaycanın itirilməsi
bütünlüklə Cənubi Qafqazın itirilməsinə bərabərdir. Lakin, Qarabağda
ikinci müharibə ocağını yaratmaqla Rusiya məqsədlərinə nail ola bilərmi?
Baş
verən son proseslərdən sonra bir çox ekspertlər hesab edir ki,
Rusiyanın Qarabağ münaqişəsinə birbaşa təsir rıçaqları əvvəlki kimi
deyil. Çünki, artıq münaqişə regional xarakterini itirərək beynəlxalq
müstəviyə daşınır. Cənubi Qafqazı heç vəchlə əldən vermək istəməyən
Rusiya və Qərb burada toqquşan konkret siyasi və iqtisadi maraqlarını
təmin etmək üçün güzəştə getmək fikrində deyillər. Odur ki, əgər ikinci
müharibə ocağı alovlanarsa prosesə təkcə Rusiya deyil, digər regional
güclər də müdaxilə etmək zorunda qalacaqlar. Belə ki,ekspertlərin
qənaətinə görə müharibə eyni zamanda Azərbaycan-Ermənistan sərhədində
baş verəcək və bu Rusiyanın prosesə müdaxilə etməsi üçün hüquqi əsas
verəcək. Bu da eyni zamanda digər regional gücləri hərəkətə gətirəcək.
Ən azından Türkiyə və Türkiyənin üzv olduğu NATO-nun prosesə qatılmasına
rəvac verə bilər. ABŞ Ukrayna hadisələrindən sonra Avropa Birliyi ilə
assosiativ saziş imzalayan ölkələrin özünün müttəfiqi elan edilməsi
barədə konkret qərar qəbul edib və qərar iki oxunuşdan keçib. Üçüncü
oxunuşda isə Azərbaycanın adının da müttəfiqlər siyahısına salınması
barədə təkliflər var. Yeni bir müharibənin başlanması Azərbaycanın
Ukrayna kimi Rusiya üçün birdəfəlik itirilməsinə səbəb ola bilər. Bu
Rusiyanın Avrasiya İttifaqı modelinin üstündən birdəfəlik xətt çəkilməsi
deməkdir. Nəticədə Gürcüstan və Azərbaycandan çıxan Rusiya Ermənistanda
uzun müddət qala bilməyəcək. Artıq Ermənistanın başı üzərində də qara
buludlar var. Ola bilsin ki, bu ölkədə də vəziyyət yenidən
qarışdırılsın. Rusiya da bunu anlamamış deyil və bilir ki, Azərbaycan
tamamilə itiriləndən sonra Ermənistanı da əldə saxlamaq mümkün
olmayacaq. Bu isə gələcəkdə Rusiyanın nəinki Cənubi Qafqazdan,
bütövlükdə Qafqazdan çıxarılmasına rəvac verəcək.
Təxribat, yoxsa Rusiyanın son şansı?
Odur
ki, düşünmək olar ki, sadəcə olaraq, qısamüddətli hərbi təxribatlarla
Rusiya Azərbaycana təzyiq etmək istəyir. Məqsəd isə Azərbaycanın Rusiya
istiqamətində konkret qərarlar qəbul etməsinə nail olmaqdır. Yəni,
Azərbaycan Avrasiya İttifaqına üzvlüklə bağlı qərar versin, Dağlıq
Qarabağ və ətrafındakı rayonlarda rus qoşunlarının yerləşdirilməsinə
razı olsun, eyni zamanda bəzi suveren hüquqlardan imtina etsin. Çünki,
Avrasiya İttifaqına daxil olmaq bəzi suveren hüquqlardan imtina anlamına
gəlir.
Beləliklə,
Rusiyanın Qarabağda qorxulu planı işə düşür. Azərbaycanı böyük
təxribata çəkməklə hərbi münaqişəni yenidən qızışdırmaq, nəticədə
regionda möhkəmlənmək şansı əldə etmək üçün Kreml müharibə variantını
gündəmə gətirir. Azərbaycanı itirməmək üçün istənilən dəhşətli ssenariyə
getməyə hazır olan Moskvanın son addımları təhlükənin başlanğıcıdır.
Təsadüfi deyil ki, bir çox analitiklər Kremlin hətta Azərbaycanda hərbi
çevriliş etməyi belə planlaşdırdığını söyləyirlər. Təbii ki, bu variant
ən son olaraq nəzərdə tutulur. Lakin, nəzərə almaq lazımdır ki,
proseslər heç də Rusiyanın xeyrinə inkişaf etmir. Başladılan
sanksiyalar, Kremlin dünyada təklənməsi Rusiyada hadisələri Putin üçün
qorxulu məcraya yönəldə bilər. Məhz bu “qorxulu sonun” başlanğıcında rus
şovinizmi növbəti şıltaqlığını Qarabağda etməklə Azərbaycanı qanlı
münaqişəyə çəkmək istəyir. Bütün dünyada təklənən, ard-arda mövqelərini
itirən Rusiya növbəti avantürasını Qarabağda başlatmaqla rəqiblərinə
qarşı daha bir cəbhə açmaq istəyir. Münaqişənin indiki mərhələdə bu cür
inkişafı isə Azərbaycana ümumiyyətlə əlverişli deyil. Təbii ki, öz
itirilmiş torpaqlarımızı düşmən tapdağından azad etmək gec-tez
boynumuzun borcudur. Lakin, indiki gərgin beynəlxalq vəziyyətdə bunu rus
avantürasının təsiri ilə başlamaq daha təhlükəlidir. Azərbaycanı hərbi
münaqişəyə cəlb etmək üçün Ermənistanı yenə də zəncirli it kimi
qısqırdan Rusiyanın fitnələri ölkəmiz üçün daha ağır sonluqlarla
nəticələnə bilər. Müharibə qaçılmazdır. Son və qəti, eyni zamanda
şərəfli müharibə hər bir Azərbaycan oğlunun şəhidlərin ruhu qarşısında
daşıdığı müqəddəs borcdur. Bayrağımız Şuşada, Xankəndində dalğalanmayana
qədər bu yük hər birimizin çiyinlərindədir. Lakin, müharibə həm də bir
siyasət oyunudur. Bu oyunda daha ağıllılar qalib gəlirlər, nəinki
pafosla və hərbə-zorba ilə danışanlar. Azərbaycanın güclü orduya və
silah arsenalına malik olduğu indiki dövrdə belə oyunlara getməsi
yolverilməzdir. Regionda təhlükəli oyunlara başlanılıb. İndi həm də
milli birlik və siyasi dözümlülük daha önəmlidir. Son hadisələr də göstərdi ki, bəzilərinin iddia etdiyinin
əksinə olaraq cəmiyyətin həssaslığı yüksək səviyyədədir və cəbhədə
şəhidlərimizin olması hamını ayağa qaldırdı. İndi sadəcə əlverişli məqam
və şəraiti gözləmək lazımdır. Bizim millət və dövlət olaraq qalib olmaq
üçün tək bir şansımız qalıb. Amma, məğlubiyyətə uğramamız üçün minlərlə
variant var. Qalibiyyətə gedən yolun açıq olsun, Azərbaycan! Şəhidlik
zirvəsinə xoş gəldiniz, qardaşlarım!
Short URL: http://www.cumhuriyyet.net/?p=10622