Əli Kərimli Azərbaycan əsgərini öydü, hakimiyyəti "vurdu"

06.08.2014 - 08:44

“Azərbaycanda Şimali Koreya, Türkmənistan, Özbəkistan yaratmaq mümkün olmayacaq”

“Nöqsanlarına baxmayaraq Azərbaycan ordusu bütün mənalarda Ermənistan ordusundan güclüdür”

“Azərbaycanda Şimali Koreya, Türkmənistan, Özbəkistan yaratmaq mümkün olmayacaq”

“Nöqsanlarına baxmayaraq Azərbaycan ordusu bütün mənalarda Ermənistan ordusundan güclüdür”

Hazırda regionumuzda olduqca ciddi proseslər cərəyan etməkdədir.
Proseslərdən açıq görünür ki, Rusiya Dağlıq Qarabağ probleminin donunu
açmaq istəyir. Bununla münaqişənin hər iki tərəfinə təsir imkanı əldə
edən Rusiya beynəlxalq diqqəti Ukraynada baş verənlərdən yayındırmaq
imkanı da əldə edə bilər. Gündəmdə olan sualları “Azərbaycan saatı”nın
bu həftəki müsahibi AXCP sədri Əli Kərimli cavablandırıb. Müsahibənin
ilk sualı tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsinə beynəlxalq
aləmdə yaranan kəskin reaksiya ilə bağlı idi:

– Leyla Yunusun həbsinə beynəlxalq aləmdən kəskin reaksiya
gəldi. Əslində, bu gözlənilən idi. Bəs o zaman Ilham Əliyev, Azərbaycan
hakimiyyəti özündə hardan cəsarət taparaq belə bir həbsə imza atdı? 

– Azərbaycan hakimiyyti səhv siyasət seçdiyinə görə özünü çıxılmaz
vəziyyətə salıb. Əslində, onların da vəziyyəti yaxşı deyil. Əlbəttə, biz
vaxtaşırı kütləvi repressiyalar ilə üzləşirik. Leyla Yunusun həbsi,
“Azərbaycan” Nəşriyyatının “Azadlıq” qəzetinin çapını dayandırması,
neçə-neçə facebook, vətəndaş cəmiyyəti fəalının həbsi bu repressiyaların
tərkib hissəsidir. Iyirmiyə yaxın vətəndaş cəmiyyətinin fəalı barəsində
ciddi araşdırmalar gedir, onların bank hesabı bağlanıb. Amma hakimiyyət
xoş günündən belə addımlar atmayıb. Onların da vəziyyəti yaxşı deyil.
Hakimiyyətin vəziyyətini çətinləşdirən nədir? Bir tərəfdən ölkədə
narazılıq artır. Bunu hamı görür. Internet və sosial şəbəkələr də buna
imkan yaradır. Hakimiyyətin korrupsiya əməlləri haqqında materiallar
tirajlandıqca, narazı insanların sayı artır. Hakimiyyət başa düşür ki,
günün birində bu narazı adamlar aktiv fəaliyyətə keçə bilər. Digər
tərəfdən, Ukrayna cəbhəsindəki uğursuzluqlarının fonunda hər zaman
hakimiyyətə dəstək vermiş, onu çətinliklərdən qurtarmış Rusiyanın
mövqeləri zəifləyir. Bu, Azərbaycan hakimiyyətini çətin vəziyyətə salır.
Qarşıdan isə mühüm kampaniyalar gəlir. Bu ilin payızında bələdiyyə
seçkisi olmalıdır, gələn il isə parlament seçkisidir. Eyni zamanda
qarşıda Azərbaycanın taleyi üçün mühüm əhəmiyyət kəsb edən Riqa sammiti
gəlir. Bu sammitdə Azərbaycanın Avropa Birliyi ilə imzalayacağı
Assosiasiya Sazişi müzakirəyə çıxarılacaq. Azərbaycan Avropa Yay
Olimpiadasına ev sahibliyi etmək istəyir. Bunların hamısı siyasi
fəallığı, Azərbaycana beynəlxalq diqqəti artıracaq. Azərbaycana diqqət
artdıqca bu ilin payızında, gələn ilin yazında kütləvi etiraz aksiyaları
keçiriləcək. Belə bir vəziyyətdə Ilham Əliyev görür ki, indiyə qədər
olan repressiyalar xalqı qorxuda bilməyib. Müxalifət sistemli və ardıcıl
şəkildə mübarizəsini davam etdirir və yenə də o potensiala sahibdir ki,
az-çox demokratik şəraitdə keçirilən seçkilərdə hakimiyyətə qalib gələ
bilər. Ona görə bütün o sanksiyaları gözünün önünə gətirərək elə addım
atmağa çalışır ki, nəhayət müxalifət düşərgəsində müəyyən qorxu yarada
bilsin. Leyla Yunus Azərbaycan vətəndaş cəmiyyətinin ən tanınmış
şəxsidir. Həm Fransa, həm də Almaniyanın ali mükafatlarını alıb və bütün
dünyada çox yaxşı tanınır. Hakimiyyət Leyla Yunusu tutmaqla öz aləmində
müxalifət düşərgəsində ciddi demorilizasiya yaratdığını düşünür. O
sıradan “Azadlıq” qəzeti Azərbaycanın əsas azadlıq tribunasıdır.
Hakimiyyətin ifşa olunduğu, cəsarətli sözlərin yazıldığı yeganə
qəzetdir. Hakimiyyətə görə, “Azadlıq”ı saxlamaq, Leyla Yunusu həbs etmək
vətəndaş cəmiyyətində bədbinlik, ruh düşkünlüyü yaratmalıdır. Bizim də
vəzifəmiz bundan ibarətdir ki, bu alınmasın.

“Hakimiyyətin cəhdləri alınmayacaq”

– Leyla Yunusun hüquqlarının müdafiəsi məqsədilə keçirilən
tədbirdə çıxışınız zamanı qeyd etdiniz ki, Leyla Yunusun həbsinin qorxu
dalğası yaratmasına imkan verilməməlidir. Bunun üçün nə edəcəksiniz?
Demokratik düşərgə, Milli Şura qorxu mühitinin aradan qaldırılması üçün
nə düşünür?

– Bu həbsdən sonra “facebook” səhifəmdə yazdım ki, Azərbaycan
hakimiyyətinin bu cəhdləri alınmayacaq. Ilham Əliyev Azərbaycanda Şimali
Koreya, Türkmənistan, Özbəkistan yarada bilməyəcək. Bizim sayımız
onların düşündüyündən daha çoxdur. Hakimiyyətin düşündüyündən də daha
yüksək iradəmiz var. Biz repressiyanın bu dalğasını da davamlı şəkildə
ötürə biləcəyik. Azərbaycanda indiyə qədər 130-a yaxın adam həbs olunub.
Nə qədər işıqlı insan, Azərbaycanın siyasətçiləri, hüquq müdafiəçiləri,
vətəndaş cəmiyyəti fəalları, gənc liderlər, bloqçular, inanclı
insanlar, jurnalistlər həbsdə yatır. Azərbaycanın həbsxanalarında kimlər
yoxdur? 130 nəfər böyük bir rəqəmdir. Məsələn, Rusiyada 2000, Ukraynada
700 nəfər siyasi məhbus olsaydı, müxalifət fəaliyyət göstərə bilərdimi?
Amma biz Azərbaycanda 130 nəfər siyasi məhbusla yetərincə ciddi seçki
kampaniyası aparmışıq. ATƏT təsdiq edib ki, seçki məntəqələrinin 58
faizini saxtalaşdırıblar. Bu gün də hakimiyyət müxalifətə debatlar üçün
şərait yaratmır. Bir müstəqil qəzet var, ondan qorxur. Meydanlarda
aksiya keçirməyimizə imkan yaratmır. Deməli, biz o potensialı qoruyub
saxlamışıq. Hakimiyyət bilir ki, bizim o potensialımız var. Bundan sonra
da demokratik düşərgənin fəalları şəxsi nümunələri ilə imkan
verməyəcəklər ki, Azərbaycanın demokratik düşərgəsində özünə senzura
yaransın. Ikinci mühüm məqam. Biz artıq ilkin məsləhətləşmələrə
başlamışıq. Hazırda avqust ayıdır. Kütləvi aksiyalar üçün uğurlu zaman
deyil. Amma qarşıdan sentyabr, oktyabr ayları gəlir. Biz artıq etiraz
aksiyalırımızı meydanlara çıxarmaq qərarına gələcəyik. Leyla xanımın
hüquqlarının müdafiəsi ilə bağlı toplanan zaman bir sıra mühüm
məsələlərə imza atdıq. Ölkənin 12 QHT-si bir araya gələrək, siyasi
məhbusların siyahısını hazırlayıblar və onu bu yaxınlarda elan
edəcəklər. Bu təşkilatlar eyni zamanda birgə fəaliyyət də göstərəcəklər.
Bu həbs bir tərəfdən daha sıx toparlanmağa təkan oldu. Deməli, bizim
cavabımız nə olmalıdır? Meydanda qalanlar, mübarizə aparanlar daha
əlbir, sıx koordinasiya şəraitində işləməlidirlər. Bizim daha bir
hədəfimiz odur ki, Azərbaycanın əsas tribunası olan “Azadlıq”ı qoruyub
saxlamalıyıq. Bizim artıq müraciətlərimiz var. “Azadlıq” qəzetinə abunə
olmaqla qəzeti bu durumdan çıxarmaq olar. “Azadlıq” qəzetinin çapını
“Azərbaycan” Nəşriyyatının dayandırması açıq-aşkar siyasi xarakterlidir.
Çünki qəzet müflis olmayıb. Bütün çətinliklərə baxmayaraq qəzetin
“Qasid” dövlət firmasında satışdan əldə etdiyi 70 mindən artıq gəliri
var. “Azadlıq”ı məcbur edirlər ki, nəşriyyatdan borclu vəziyyətə düşsün.
Deməli, bizim yaxın taktiki vəzifələrimizdən biri də “Azadlıq”ı xilas
etmək olmalıdır. Inanıram ki, Leyla Yunusun həbsi bumeranq effekti
verəcək. Inanıram ki, beynəlxalq təşkilat hakimiyyət haqqında daha açıq
danışmağa məcbur olacaq. Indiyə qədər dünyanın hər yerində Azərbaycan
hakimiyyətinin lobbiçiləri iqtidara haqq qazandırmaq üçün
dəridən-qabıqdan çıxırdılırsa, Leyla xanımın həbsindən sonra bu daha
çətin olacaq. Onsuz da lobbistlərin çoxu ifşa olunub. Məmnunam ki, ABŞ
Konqressində təmənnalı şəkildə Azərbaycan hakimiyyətinə kömək edən
Amerikalı konqressmenlərin ifşası da mühüm addımdır. Belə adamlar
Avropada da ifşa olunur. Artıq Qərbin gözü açılmaqdadır, Azərbaycandakı
rejimin mahiyyətini anlamaqdadır. Azərbaycan xalqı olaraq bu müqaviməti
davam etdirməklə, demokratik dəyişikliklərə hazır olduğumuzu göstərə
bilsək, o zaman bütün dünyanın hakimiyyətlə danışıq tərzi dəyişəcək.
Həqiqətlər artıq daha çılpaq şəkildə ifadə olunacaq. Hakimiyyətin
etdiklərinə bundan sonra göz yummaq çətin olacaq. Bu repressiyalar da
Azərbaycandakı demokratik prosesin qarşısını almağa kömək etməyəcək.
Leyla xanımın həbsi Azərbaycanda qorxu yarada bilməyəcək.

“Hanı regionun lider dövlətinin beynəlxalq nüfuzu?”

– Əli bəy, hazırda cəbhə bölgəsində nə baş verir?

– Allah şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinə,
doğmalarına, bütün Azərbaycan xalqına səbr arzulayıram. Onlar bizim
gənc, günahsız balalarımızdır və onlar bu şəkildə qurban oldular. Bu çox
ağır faciədir. Müharibə vəziyyətində belə hallar olur. Lakin burada bir
sıra ciddi suallar yaranır. Müdafiə Nazirliyimiz bəyan edir ki,
ermənilər hücum ediblər. Biz buna inanırıq. Nəyə görə Azərbaycanın
Xarici Işlər Nazirliyi beynəlxalq ictimaiyyəti qaldırıb Ermənistanın bu
təcavüzkar hərəkətinin pislənməsinə nail olmaq istəmir (müsahibə
götürülən zaman (avqustun 1-də) XIN-dən bəyanat hələ verilməmişdi –
red.). Iyirmi ildir ki, ölkədə atəşkəs var. Bu atəşkəsi pozub,
Azərbaycana hücum etmiş, onun ərazisində əsgərləri öldürmüş tərəf
təcavüzkardır. Nəyə görə bu təcavüzkar tərəf bütün dünyada
pislənməməlidir? Burada həm ATƏT-in Daimi Şurasının, həm BMT-nin
Təhlükəsizlik Şurasının baş verənlərə münasibəti təmin edilməli idi.
Eyni zamanda qonşu dövlətlərin başçıları ilə bu barədə müzakirə
aparılmalı idi. ATƏT-in Minsk qrupundakı doqquz ölkənin xarici işlər
nazirlərinin, dövlət başçılarının bu müzakirələrə cəlb olunması təmin
edilməli idi. Biz təcavüzə məruz qalmışıqsa, bunu bütün dünyaya nəyə
görə sübut etmirik ki, ermənilər bizə hücum etdilər, bizim gənc
balalarımızı səngərlərdə məhv etdilər. Bu, erməniləri ifşa etmək
baxımından sarsıdıcı hadisədir. Baş verən eyni zamanda ermənilərin
işğalçılığını sübut etmək üçün bir şansdır. Nəyə görə Azərbaycan
hökuməti bundan istifadə etmir? Hanı bizim diplomatik ordumuz, regionun
lider dövlətinin beynəlxalq nüfuzu?

– Bəs, bu ritorik sualın cavabı nədən ibarətdir? Bu qabiliyyətsizlikdir, yoxsa…

– Mənə elə gəlir ki, Ermənistanın bu hücumunun, Azərbaycanın səssiz
qalmasının arxasında biz üçüncü bir dövlətin – Rusiyanın kölgəsini
görməliyik. Düşünmürəm, Ermənistan özündə belə bir cəsarət tapsın ki,
Azərbaycana qarşı belə hücuma keçsin. Bu ilkin mərhələ deyil. O zaman –
90-cı illərdə ordu yox idi, Rusiyanın bir alayı döyüşün taleyini həll
edə bilirdi. Indi hər iki tərəfdə on minlərlə silah altında insan var.
Burada böyük bir savaşdan söhbət gedə bilər. Nöqsanlarına baxmayaraq
Azərbaycan ordusu bütün mənalarda Ermənistan ordusundan güclüdür,
sayımız da çoxdur. Belə olan halda Ermənistan nəyə görə buna cəsarət
etsin ki, bizim ərazimizə hücum etsin. Deməli, bu işin arxasında hər
zaman olduğu kimi yenə də Rusiyanın müəyyən dairələri var. Azərbaycan
tərəfinin də susmağının arxasında bu var. Bilirsiniz nə baş verir? Bizi
sanki atəşkəsin pozulmasına öyrəşdirirlər… 

“Qarabağ müharibəsinin alovlanması Rusiyanın marağındadır”

– Rusiyanın marağı nədir?

– Rusiyanın marağı odur ki, həm Cənubi Qafqazı öz himayəsi altında
saxlasın, həm də Ukraynada baş verənlərdən diqqəti yayındırsın. Ən
vacibi isə cənubi Qafqazın Avrointeqrasiyasının, bu ölkələrin real
müstəqilliyinin qarşısını almaqdır. Hazırda boş-boş dezinformasiya
yayırlar ki, Rusiya bizə hansısa rayonları geri alacaqmış. Məgər o
rayonları bizdən Rusiya almayıb? Rusiya hansı məqsədlə strateji
müttəfiqi, ərazisində bazası yerləşən Ermənistandan torpaqları alıb,
bizə verəcəkmiş? Sadəlöhv adamları aldatmaq üçün bu tezislərin ortaya
çıxarılmasında məqsəd nədir? Deməli, bütün bunlar məqsədli şəkildə
edilir. Bunları kimlər edir? Azərbaycanı Rusiyanın himayəsinə qaytarmaq
istəyənlər, onların tezisi ilə qəzet buraxanlar bu fikri formalaşdırmağa
çalışırlar ki, siz çox narahat olmayın atəşkəs pozulacaq, hərbi
əməliyyatlar başlayacaq, amma biz qalib gələcəyik. Nəyə görə? Çünki
Rusiya bizə söz verib. Bu nə qədər primitiv, antixalq mövqeydir.
Insanlar arasında itki olacaq, əsgərlərimiz şəhid olacaq. Amma bəri
başdan bunu bilə-bilə ciddi bir strategiya olmadan Azərbaycanı Rusiyanın
planlarının baş tutmasına aparmağın nə adı var? Bu birbaşa xalqa zidd
siyasətdir. Bu siyasət pislənməlidir. Hesab edirəm ki, istənilən halda
Azərbaycan hakimiyyəti öz vəzifəsini icra etməlidir. Vəzifəsi nəyi tələb
edir? Azərbaycan hücuma məruz qalmayıb? Bütün dünyanı səfərbər edin.
Bütün dünyaya Ermənistanın bu hərəkətini pislətdirin. Sübutlar qoyun
ortaya.

Burada bir maraqlı məqam daha var. Biz bir gecədə, öz mövqeyimizdə
doqquz nəfəri itirmişik. Bir yerdə uzun müddət ərzində möhkəmlənən
orduya hücum edərək onu bu qədər itki verməyə məcbur etmək üçün gərək ən
azı 2 dəfə artıq itki verəsən. Hər iki tərəf keçmiş sovet silahları ilə
vuruşur. Keçmiş sovet təlimatlarına görə, “Kalaşnikov” avtomatları ilə
hücum zamanı bir adamı vurmaq üçün 4 güllə tələb olunursa, müdafiədə
olan adamı vurmaq üçün 25 güllə tələb olunur. Deməli, gələn tərəf daha
çox itki verməli idi. Biz bir gecədə doqquz nəfər itki vermişiksə,
deməli, qarşı tərəf 40 nəfər itki verməli idi. Hanı o itki? Digər
tərəfdən, Ermənistanda da müstəqil mətbuat var. Orda ölən adamların
sayını gizlətmək mümkün deyil. O zaman sual yaranır. Bu niyə və necə baş
verib? Necə baş verib ki, bizim illərdir möhkəmləndirdiyimiz
səngəllərimizdə doqquz nəfəri öldürüblər və əvəzində 30-40 nəfər itki
verməyiblər. Istəyirəm ki, Azərbaycan hökuməti bunun izahatını versin.
Vətəni qorumaq üçün savaşmaq lazımdır. Bunu kim də bilməsə, Xalq Cəbhəsi
bilər. Vaxtilə Azərbaycanın ordusu olmayanda Xalq Cəbhəsinin minlərlə
üzvü özünümüdafiə batalyonlarında vuruşublar, şəhid, qazi olublar.
Bundan sonra da bu vətənin müdafiəsində biz cəbhəçilər olaraq hər zaman
hazırıq. Amma bu qurbanlar əsaslandırılmış olmalıdır və vətənə doğurdan
da fayda gətirməlidir. Kimlərinsə səhlənkarlığının, siyasi alverlərinin
nəticəsi olmalı deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=10629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31