Avropa Birliyindən hakimiyyətə sərt xəbərdarlıq
“Azərbaycan üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşmadıqca, münasibətlərimiz özünün tam potensialına çata bilməz”
Avropa Birliyi Azərbaycanda insan haqlarının vəziyyəti və son
həbslərlə bağlı bəyanat verib. Bəyanatda Azərbaycandakı son vəziyyətdən
narahatlıq ifadə olunur.
“Biz xüsusi həyacanla tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyev,
Rəsul Cəfərov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı
edilənləri vurğulayırıq. Hakimiyyət vətəndaş cəmiyyəti üçün fəaliyyət
məkanını sistematik şəkildə daraldır.
Biz Azərbaycan hakimiyyətini
həbs olunanların hamısına normal münasibət göstərməyə çağırırıq. Biz
Leyla Yunusun, səhhətində ciddi problemlərin olmasına baxmayaraq, hələ
də həbsdə saxlanılmasından narahatıq. Azərbaycan hakimiyyətini tibbi
köməyə ehtiyacı olanları bununla təmin etməyə çağırırıq”, – deyə
bəyanatda bildirilir.
AB eyni zamanda Azərbaycan qanunvericiliyində
QHT-lərin fəaliyyətini məhdudlaşdıran dəyişikliklərə də münasibət
bildirib: “Bu addımlar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla,
siyasi maraqlarının zəifləməsinə gətirib çıxarır. Avropa Birliyi
dəfələrlə baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə öz narahatlığını
çatdırıb. Eyni zamanda bu narahatlıq Avropa Komissiyasının sədri Joze
Manuel Barrozunun iyunun 14-ü Bakıya səfəri zamanı Azərbaycan iqtidarına
çatdırılıb. Avropa Birliyi bir daha bəyan edir ki, Azərbaycanla
əlaqələrə mühüm önəm verir. Amma Azərbaycan üzərinə götürdüyü beynəlxalq
öhdəliklərə hörmətlə yanaşmadıqca, bu münasibətlər özünün tam
potensialına çata bilməz”.
Bəayanata AB-yə üzv olmayan Avropa ölkələrindən Norveç, İslandiya, Makedonya, Çernoqoriya və Albaniya da qoşulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10978