Əliyev "batan gəmilər"ə bağlanıb
Kiyev və Soçi prosesi dünyanın taleyini dəyişdirir, Azərbaycan isə seçim etməlidir
Ramiz Mehdiyev “Facebook”da Ilham Əliyevnən yarışdığı bu günlərdə Rusiya Soçi Olimpiya oyunlarını başlayır. ABŞ bu oyunların təhlükəsizliyinin yerində olmadığını nəzərə alıb Qara dənizə iki hərbi gəmi gətirib. Ukrayna isə ölüm-dirim savaşında demokratiyaya doğru böyük addımlarla gedir. Suriyada döyüşlər səngimir. Iranla ABŞ dil tapır.
ABŞ Ərdoğanla münasibətləri kəsir. Türkiyədə ən böyük təhlükə Tornado qasırğasını dua ilə sakitləşdirən Fətullah Gülənin bədduası, qarğışıdır. Ilham Əliyevin tək dərdi isə bu qarışıq dünyada 245 milyona yenicə aldığı təyyarə ilə uçmağa bir sabit xarabanın olmamasıdır. Yenə də Azərbaycan, amma bu ölkə də o təyyarə ilə “zmeyka” eləmək üçün çox balacadır. Ona görə də sərhəddən atəş səsləri gəlir. Ilham Əliyev Xocalı aeroportunu almalıdır. Başqa yolu yox artıq. Görünür ki, dünya öz siyasi sifətini yenidən dəyişir. Bu dəyişikliyin qaçılmazlığı barədə danışmaq da olar. Amma bu çox tarixi bir buzlaşmanın başa çatmasıdır. Amerikan strateqləri Avrasiyada ABŞ liderliyindən nüfuz hakimiyyətindən danışırdılar. Onlar SSRI-nin dağılmasını yeni siyasi formasiyanın təntənəsi kimi qəbul edirdilər. Fəqət tarixi təcrübə sübut etdi ki, bu proses nəinki bitməyib, hətta özünün mümkün hərəkət sürətini ala bilməyib. Dünyanın belə bir siyasi dəyişkənliyə hamilə olması isə qaçılmazdır. Bu gün Soçidəki yarışlar da bu dəyişikliyin start olaylarındandır. Iddia etmək olar ki, bu Olimpiya oyunlarının demokratikləşmə üçün əhəmiyyəti Ukrayna olaylarından daha az deyil. Amma bir məsələyə xüsusi diqqət yetirməmək olmur.
Avqust müharibəsini xatırlamamaq olmur
Rusiyanın Soçi yarışlarından nə qazanacağı bu dəqiqə ən aktual suallardandır. 2008-ci ildə Çində Olimpiya yarışları başladığı günlərdə Rusiya və Gürcüstan arasındaki müharibəni xatırlamamaq olmur. Bütün dünyanın diqqəti Olimpiya oyunlarından müharibəyə yönəldi. Və Çin hətta çəkdiyi xərclərin əhəmiyyətli hissəsini bu yarışlardan qazana bilmədi. Bu gün isə Soçi Olimpiya oyunlarının ətrafında iki qara bulud dolaşır. Birincisi, Rusiyanın daxilindıki təhlükəsizlik problemləridir. Kreml artıq öz torpaqlarında təhlükəszilik məsələlərini həll edə bilmir. ABŞ Qara dənizə ona görə gəmi çıxardıb ki, ehtimal olunan təhlükə baş versə, müdaxilə imkanı olsun. Ikinci qara bulud isə Ukraynada Avrointeqrasiya tərəfdarlarının ciddi dirənişlə öz ölkələrinin siyasi istiqamətini Qərbə çevirmələridir. Bu prosesin Soçi yarışlarına da elə iki mühüm təsiri var – birincisi, dünyanın diqqəti parçalanacaq və hər kəs Ukraynada dünyanın siyasi xəritəsini dəyişməkdə olan proseslərə fokslaşacaq. Ikincisi, bu proseslərin uğurlu nəticəsi artıq Soçi olimpiadasının siyasi və ticari məqsədlərinin üstündən xətt çəkmiş olacaq.
Yeni era indi başlayır
Yazının əvvəlində sadaladığımız bütün olaylar Ramiz Mehdiyevin “Facebook”a gəlməsi kimi xırda hadisədir. Hətta Ilham Əliyevin 245 milyona aldığı təyyarə də onu yeni erada heç bir yerə uçurda bilməyəcək. Necə ki, məşhur filmdə deyir: “Demirsən ki, o “Jiquli” sən çoooox uzaqlara aparar?”. Bəli, çoox uzaqlar görünür üfüqdə. Tarixə qovuşandan sonra bir il də min ilə bərabər olur. Ukrayna olaylarının siyasi və tarixi mahiyyəti odur ki, yüz illərdir Rusiyanın yaxın təsirində olan və Avropanın ən böyük darvazası sayılan Ukrayna artıq Kremlin təsirindən çıxır. Bu olay Rusiyanın avtoritar mahiyyətinin yaratdığı yüz illik əsarətlərin sonu deməkdir. Yalnız bundan sonra bizim coğrafiyamızda – Rusiyanın təsir dairəsində demokratikləşmə üçün inamlı həqiqi şəraitin yaranmasından söhbət gedə bilər. Ukraynanın demokratiyaya sağlam bağlarla bərkidilməsi bizim üçün etibarlı bir körpünün yaranması deməkdir. Bu, demokratiyaya, sənayenin, kənd təsərrüfatının inkişafına, azadlığa, rifaha olan körpüdür. Rusiya isə artıq təşəbbüsü əldən verib. Bütün avtoritar rejimlər kimi onların da uydurduqları “Xarici düşmən” teoriyası artıq özünü doğrultmur. Çünki Rusiya demokratiyaya öz içindən müqavimət göstərdiyi üçün terrora və təhlükəyə də öz içindən qapı açır. Ukrayna isə demokratiyaya öz içindən yol verir. Deməli, artıq yeni trend indi başlayır. Əsas məsələ SSRI-nin formal dağılması deyildi. Əsas odur ki, Kreml keçmiş SSRI ərazilərinə faktiki nəzarətdən və təsirdən məhrum olsun. Bu gün baş verənlər isə məhz budur.
Əliyev nə edəcək?
Dünyada belə böyük proseslərin baş verdiyi günlərdə Ilham Əliyevin 245 milyonluq təyyarə almaqla gündəmə gəlməsi, sadəcə bir qənaət hasil edir ki, Azərbaycan diktatoru heç nəyin fərqində deyil. Onun siyasi proseslərdən bu qədər kənarda qalması, qeyri-reaksiyon və dəxlisiz görünməsi bir çoxlarında vəziyyətindən arxayınlıq təəssüratı yarada bilər, amma durum daha vahiməlidir. Yanvarın ilk 25 gününün hər birinin payına bir intihar düşməsi ölkədəki soial və psixoloji gərginliyin yüksək həddindən xəbər verir. Ilham Əliyev əslində daha böyük bir burulğan üzərində kiçik qayıqla üzür. O burulğanda isə Yanukoviç və Putinin gəmiləri batmaq üzrədir. O, tezliklə öz qayığını batmaqda olan gəmilərdən açmasa, yəqin ki, qayıq sakinləri təhlükədən xilas olmaq üçün onun özünü bu burulğana atacaqlar. Yanacağın qiymətini 25 faiz artırandan sonra Ilham Əliyevin özünə bahalı təyyarə alması daxili sosial gərginlik üçün ciddi əsasa çevriləcək. Bütünlükdə təqaüdlərə edilən artımın büdcədəki payı 21 milyon manatdan azacıq artıq olsa da, sonuncu alınan təyyarənin qiyməti bu rəqəmdən azı 12 dəfə artıqdır. Görünür ki, bu fərq təkcə maddi fərq – uçurum kimi qalmayacaq, hər halda Ilham Əliyev lazımi nəticəni çıxarmasa…
Short URL: http://www.cumhuriyyet.net/?p=12461